Son zamanlar Naxçıvan Muxtar Respublikasında qədim əlyazma və kitabların toplanması zamanı Ordubad şəhərində fars dilində nəstəliq xətti ilə yazılmış əlyazma əldə edilib. Bu nüsxənin üz qabığı düşüb və son səhifələri də çürüyüb. 95 səhifədən, ölçüsü 22x17,5 santimetrdən ibarət olan bu qədim kitabın sonunda oval şəkilli möhür içərisində ərəb qrafikası ilə “Hatif Əl-Katib” sözü yer alıb.
Müəyyənləşdirilib ki, Hatif İsfahanda doğulub, amma onun ulu babası Naxçıvanın Ordubad bölgəsinin Hüseyni seyidlərindəndir. Babası Səfəvilər dövründə müəyyən səbəblərə görə İsfahana mühacirət edib. O, dövrünün şeir və ədəbiyyatı ilə də yaxından maraqlanaraq Müşfiq İsfahaninin yanında bu sahə ilə bağlı biliklərini kamilləşdirib, ancaq onun əsl peşəsi ustadı Mirzə Nəsir kimi təbiblik olub. Hatif İsfəhani təbibliyə olan sevgisini nəzmə çəkib:
Mənə verilənlərdən biri budur ki,
Fələyin mən döndərəm işini.
Verdi təbiblik peşəsini Yaradan,
Bu peşədə bizardır mənə bəndələr.
Nədir bu əməldən faydam bilirsən?
Əzizlərə zəiflikdə yardım.
İstəyirlər məndən böyüklər xəstəlikdə,
Həm müalicə, həm şəfqət”.
Bu barədə AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru Fəxrəddin Eylazov deyir ki, Hatif İsfəhani (Ordubadi) Naxçıvan torpağının yetirmələrindəndir. Biz onun “Tibnamə” (tərcümə və şərh) adlı kitabını ictimaiyyətə çatdırdıq. Bu sahədə daha bir naxçıvanlı dahini üzə çıxardıq. Onun yazdığı “Tibnamə” kitabı, həqiqətən də, səhiyyə sahəsinə dair maraqlı faktlarla doludur. Qeyd edək ki, bu nüsxə digər tibnamələrdən fərqlənir. Belə ki, əvvəldə ümumi şəkildə hansısa bir üzvün xəstəliyinə aid başlıq verilir. Sonrakı mərhələdə həmin üzvə aid xəstəliklərin ardıcıl şəkildə adı, təbiəti (quru və rütubət), yaş dövrləri (uşaq, cavan, qoca), cəhətləri (şimal və cənub), təhlükəlilik dərəcəsi (qorxulu, qorxusuz), səbəbi, əlaməti, müalicə üsulu (padşahanə və dərvişanə) şərh edilib.
Hatif İsfəhaninin həyat və yaradıcılığı haqqında qaynaqlarda çox az məlumat var. Qeyd edək ki, o təkcə tibb sahəsi ilə deyil, elmin müxtəlif sahələri ilə də məşğul olub. XVIII əsrdə Ordubad şəhərində yaşayan filosof-təbib Hatif Seyid Əhməd İsfəhani (Ordubadi) o cümlədən ədəbiyyatda da özünə layiqli yer tutub. Əminik ki, insanlar bu əlyazmadan çox nadir məlumatlar əldə edə biləcəklər.
Sadaladığımız faktlardan bir daha aydın olur ki, orta əsrlər Naxçıvan mühiti görkəmli şəxsiyyətlərin yetişdiyi Şərqtipli bir mühit idi. Burada yaşayan ziyalıların əksəriyyəti yaradıcılıqlarında ədəbiyyata, bədii sözün imkanlarına müraciət edərək bu sahədə qiymətli nümunələr yaradıblar. Qədim dövr və orta əsrlər Naxçıvan ədəbi mühiti ilə bağlı olan ədəbiyyatda klassik irsə sadiqlik, Şərq ədəbiyyatına, Şərq təfəkkürünə üstünlük verilməsi aşkar nəzərə çarpır. Bundan başqa, ədəbiyyatda Şərq süjetləri olduğu kimi deyil, qismən yeniləşdirilərək təsvir edilir.
Nərgiz İsmayılova