Avqustun 23-də Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə şəhərdə sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov son dövrlərdə şəhərdə sığorta sahəsində görülmüş işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov tədbirdə çıxış edərək muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsi işində 2011-ci il noyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatının dinamik inkişafı sığorta fəaliyyəti sahəsində də özünü göstərməkdədir. Sığortanın insan həyatında əhəmiyyəti artdıqca daha çox vətəndaş öz daşınmaz əmlakını, avtonəqliyyat vasitəsini icbari olaraq sığortalayır, həyat sığortası və ev əmlakı üzrə könüllü sığortalara maraq artır.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, əhali gəlirlərinin artması, iqtisadi fəallığın yüksəlməsi, öz növbəsində, cəmiyyətdə sığorta münasibətlərinin də inkişafını şərtləndirir. İndi insanlar rahat ömür sürməyi, evdə, işdə, yolda qarşılaşa biləcəyi təhlükələrdən sığortalı yaşamağı çox qiymətləndirir, təsadüfi riskli hadisələrə qarşı hazırlıqlı olmağı vacib tələbat kimi hər yerdə görürlər. Belə hadisələr isə insanların yaşadığı hər yerdə gözlənilir və inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə rast gəlinə bilər.
Sığorta bədbəxt hadisələrdən dəymiş maddi zərərlərin bərpa olunması üçün bir vasitədir. Bu cəhətə diqqətçəkən baş direktor baş vermiş ayrı-ayrı sığorta hadisələrindən konkret misallar gətirərək bu zaman vaxtında sığortalanmağın üstünlüklərini diqqətə çatdırıb.
Vurğulanıb ki, insan həyatının bir çox sahələrində – işdə və ya yolda baş verən ehtiyatsızlıq və ya diqqətsizlik nəticəsində, habelə texnoloji avadanlıqlarla iş zamanı baş verən qəzalar nəticəsində maddi itkilər yaranır, insan sağlamlığına və həyatına zərər dəyir. Bu zaman sığortasız insanlar maddi cəhətdən çıxılmaz vəziyyətə düşər, başqalarına vurulmuş zərərə görə mülki məsuliyyətini ödəyə bilməzlər. Baş direktor bildirib ki, müxtəlif riskli hadisələrə qarşı vaxtında sığorta olunmaqla dəymiş zərərlərin ödənilməsi mümkündür. Çünki hər sığorta hadisəsinə görə verilən ödənişlər insanlara dəymiş zərərləri aradan qaldırmaq üçün mühüm bir vasitədir. Bu da o deməkdir ki, insanların sağlamlığına, əmlakına və mülki məsuliyyətinə verilən sığorta təminatı ümumi rifaha xidmət edir.
Tədbirdə Naxçıvan şəhərində sığorta sahəsində görülmüş işlər təhlil olunub. Qeyd edilib ki, ötən müddətdə Naxçıvan şəhərində sığortanın müxtəlif növlərinin genişləndirilməsi istiqamətində işlər görülüb, müxtəlif sığorta növləri üzrə bağlanılan müqavilələrin sayında artım olub. Bildirilib ki, ölkəmizdə qüvvədə olan, 24 iyun 2011-ci ildə qəbul edilmiş icbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın, avtonəqliyyat vasitələrinin, mülki məsuliyyətin icbari qaydada sığortalanması müasir dövrün tələblərindəndir. Həmçinin ev əmlakı sığortası, fərdi qəza sığortası və digər könüllü sığorta növlərinin də əhəmiyyəti qeyd olunub, qarşıda duran vəzifələrdən danışılıb. Tədbirdə Naxçıvan şəhərində sığorta sahəsində görülmüş işlərlə bərabər, icbari qaydada sığorta olunmalı olan daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər qaldığı bildirilib.
Qeyd olunub ki, mövcud qanunlara əsasən icbari qaydada sığortalanan hər bir sığorta obyekti sığortaya cəlb edilməlidir. Baş direktor ayrı-ayrı sığorta növləri üzrə Naxçıvan şəhərində görülmüş işlərə diqqət çəkərək bildirib ki, qarşıya qoyulmuş vəzifə bu sahədə maksimum nəticə əldə olunması və bunun üçün əhali arasında sığorta maarifləndirilməsi işlərinə diqqətin artırılmasıdır.
Tədbirdə Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Rəşadət Əliyev, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Naxçıvan Şəhər Şöbəsinin rəis müavini Nəsimi Hüseynоv Naxçıvan şəhərində icbari sığortaların vəziyyəti üzrə məlumat veriblər.
Tədbirə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov yekun vurub.
Əli Cabbarov