25 Dekabr 2024, Çərşənbə

Naxçıvan şəhərində hər il genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılması, abadlıq tədbirlərinin həyata keçirilməsi muxtar respublika paytaxtının simasını xeyli dərəcədə dəyişdirib. Yeni yaşayış binalarının, park və istirahət mərkəzlərinin tikilməsi və ya yenidən qurulması ilə yanaşı, dövlət qurumlarının fəaliyyəti də diqqət mərkəzində saxlanılır. 

Son illərdə muxtar respublikanın digər bölgələrində olduğu kimi, paytaxt Naxçıvan şəhərində də onlarla dövlət qurumu üçün yeni bina istifadəyə verilib, bu qurumlarda çalışanlar rahat və müasir iş şəraiti ilə təmin olunub. Bu tədbirlərin davamı kimi hazırda Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsində Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üçün yeni bina inşa edilir. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikilən bina zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarətdir. Binanın hörgü işləri yekunlaşdırılıb, kommunikasiya xətləri çəkilib, dam örtüyü vurulub. Hazır­da fasad hissə travertin daşla üzlənir, daxildə suvaq işləri aparılır, döşəmə vurulur. İşlər yekunlaşdıqdan sonra zirzəmi hissədə qazanxana, yeməkxana, arxiv və server otaqları, o cümlədən anbarlar yerləşəcək. Birinci, ikinci və üçüncü mərtəbələrdə laboratoriya və iş otaqları, dördüncü mərtəbədə iş otaqları ilə bərabər, kitabxana, 108 yerlik iclas zalı yaradılacaq
Naxçıvan şəhərinin daha bir ünvanında, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi üçün nəzərdə tutulmuş binada isə son tamamlama işləri görülür. Bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən binanın iki mərtəbəsi əsaslı təmir edilib, binaya daha bir mərtəbə əlavə olunub. Binanın zirzəmi hissəsində qazanxana, yeməkxana, arxiv və anbar otaqları, digər mərtəbələrdə isə iş və server otaqları, 50 yerlik iclas zalı, çap otağı yerləşəcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR