25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub.
Bu məqsədlə keçirilən iclası giriş sözü ilə açan komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov hər il payız-qış mövsümünə hazırlıq işlərinin əvvəlcədən görülməsinin soyuq aylarda yarana biləcək çatışmazlıqların qabaqcadan aşkarlanaraq aradan qaldırılmasına imkan yaratdığını deyib.
Vurğulanıb ki, avqust ayının 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Dövlət Gömrük Komitəsinə Fövqəladə Hallar Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya gətirilməsinə və istismarına yol verilməməsi ilə bağlı tapşırıq verilib.

Komitə sədri qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli Qərarına əsasən, qızdırıcı elektrik və qaz cihazlarının idxalı zamanı standartlara uyğunluğa dair sertifikat tələb olunur. Həmçinin “Naxçıvan Muxtar Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 sentyabr tarixli Qərarına əsasən, elektrik və qazla işləyən qızdırıcı cihazların muxtar respublikaya idxalına Azərbaycan dilində istifadə qaydaları və standartlara uyğunluğa dair sertifikat olduqda icazə verilir. Bu tip mallar fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün gətirildikdə də Azərbaycan dilində istifadə qaydalarının olması və milli standartlara uyğunluğuna dair müvafiq dövlət orqanının icazə sənədi tələb olunur.
Tədbirdə çıxış edən komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbib­bəyli gömrük orqanlarında qışa hazırlıqla bağlı görüləcək işlərdən danışıb. Qeyd olunub ki, qazanxanaların fəaliyyəti, elektrik enerjisi ilə təchizat, su və kanalizasiya xətlərinin vəziyyəti, avtomaşınların sazlığı, əməkdaşların qış geyim dəstiylə təchizatı məsələləri istiqamətində görüləcək işlər vaxtında başa çatdırılacaq, payız-qış mövsümündə də gömrük nəzarəti zonalarında və inzibati binalarda xidmətin yüksək səviyyədə təşkili təmin olunacaqdır.
Komitənin Gömrük nəzarətinin təşkili şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Zaur Bağırov müşavirədə verilmiş tapşırığın icrasının təmin olunması ilə əlaqədar görüləcək işlərdən danışarkən vurğulayıb ki, aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış tədbirlər planına əsasən, sahibkarlıq subyektlərində standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının satışının qarşısının alınması və gətirilmə yollarının müəyyən edilməsi məqsədilə reydlərin təşkili nəzərdə tutulub.
Tədbirə yekun vuran komitə sədri Asəf Məmmədov standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya gətirilməsinə məhdudiyyətlərlə bağlı gömrük orqanlarının haqlı tələblərinin vətəndaşlar tərəfindən narazılıqla qarşılanmaması üçün maarifləndirmə işlərinə diqqətin artırılmasının vacibliyini bildirib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR