Şərur rayonu
Şərur muxtar respublikamızın böyük rayonlarından biridir. Ulu Tanrı öz səxavətini bu bölgədən əsirgəməyib. Milli Qurtuluşdan ötən dövr ərzində isə Şərur müasir rayona çevrilib. Belə ki, tarixə qovuşan son 23 ildə rayonda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri, reallaşdırılan iqtisadi layihələr Şərura böyük yeniliklər gətirib, insanların həyat səviyyəsi xeyli yüksəlib.
Şərur şəhəri, bölgənin kəndləri füsunkar bir gözəlliyə qovuşub, yenilənib, müasirləşib. Kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər bəhrələrini verib. Kənd yaşayış məntəqələrində müasir infrastruktur yaradılıb. Bu dövrdə rayonda həyata keçirilən quruculuq tədbirlərinin həcmi o qədər böyükdür ki, onları adbaad sadalamaq mümkün deyil. Qısaca olaraq bildirək ki, adıçəkilən dövrdə rayonun 45-dək yaşayış məntəqəsində kompleks quruculuq tədbirləri həyata keçirilib. Bu tədbirlər çərçivəsində təhsil, səhiyyə, mədəniyyət ocaqları üçün yeni binalar, kənd mərkəzləri tikilib. Belə qayğıdan rayonun digər idarə, müəssisə və təşkilatlarına da pay düşüb. Həmin müəssisələrdə müasir iş şəraiti yaradılıb. Rayondaxili yolların müasirliyinə söz ola bilməz.