İyunun 6-da Naxçıvan Dövlət Texniki Kollecində Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib. Məşğələni giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açıb.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev “Heydər Əliyev: Qayıdışdan-Qurtuluşa” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan xalqı və dövlətinin tarix səhnəsində özünəməxsus yer tutmasında, həqiqi müstəqilliyini əldə edərək qoruyub saxlamasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb.
Qeyd olunub ki, Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində kompleks problemlər və kataklizmlərlə üzləşib. Kəskin ictimai-siyasi situasiya Azərbaycanın bir dövlət kimi varlığını sual altına alıb, müstəqilliyin itirilməsi təhlükəsi daha da artıb və bu vəziyyət 1993-cü ilin iyun ayında – ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışınadək davam edib.
Diqqətə çatdırılıb ki, dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı və 6 gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyulub. İyunun 15-i müstəqillik tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olub. Ümummilli liderimizin müdrik xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, xalq cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtulub. Məhz ümummilli liderin yenidən siyasi hakimiyyətə qayıdışı ilə ölkə daxilində separatçı fəaliyyətlərə son qoyulub, vətəndaş müharibəsinin qarşısı alınıb, sabitlik təmin olunub.
Emin Şıxəliyev bildirib ki, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük tarixi xidmətlərindən biri də ölkəmizdə uğurlu dövlət quruculuğu prosesinin əsasını qoymasıdır. Qeyd olunub ki, təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bunun ən bariz nümunəsidir.
Vurğulanıb ki, bu gün müstəqil Azərbaycan dövlətinin ciddi uğurlara imza atması dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olub. Bu istiqamətdə atılan addımların nəticəsidir ki, Azərbaycan, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası indi özünün hərtərəfli inkişaf və tərəqqi dövrünü yaşayır. Görülən işlər bir daha Heydər Əliyev siyasi yolunun alternativsizliyini təsdiq edir.
Sonda “Milli Qurtuluş Günü tarixinin şanlı səhifələri” adlı film nümayiş etdirilib.
Xəbərlər şöbəsi