Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində ciddi iqtisadi uğurlara nail olunmuş, sürətli inkişaf üçün zəngin potensial formalaşmış, həyata keçirilən tarazlaşdırılmış iqtisadi siyasət öz bəhrəsini vermiş, əldə edilmiş makroiqtisadi sabitlik innovasiyalı iqtisadiyyata keçidin təmin olunması üçün böyük imkanlar yaratmışdır.
Yeni müəssisələrin və iş yerlərinin yaradılması, tikinti sektorunun intensiv inkişafı, kommunal xidmət və sosial infrastrukturun müasirləşdirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, insanların maddi rifah halının yüksəlməsində əhəmiyyətli nailiyyətlərin əldə olunması əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasına olan marağını artırmışdır.
Muxtar respublika ərazisində miqrasiya proseslərinin tənzimlənməsi, onların uçotunun aparılması, miqrasiya siyasətinin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 may 2010-cu il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılmışdır.
Dövlət Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq, həmçinin muxtar respublika ərazisində haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələrin verilməsi, vətəndaşlıq mənsubiyyətinin və qaçqınlıq statusunun müəyyənləşdirilməsi, eyni zamanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar qəbul edir. Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə edilməsində iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin olunması, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu, təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə miqrasiya sahəsində vahid informasiya sistemi –Vahid Miqrasiya Məlumat Sistemi yaradılmışdır. Miqrasiya proseslərinin həyata keçirilməsində böyük rolu olan bu sistemin “Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi”nə inteqrasiyası təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı nəticəsində təkcə 2015-ci ildə 2908 yeni müəssisə və iş yerlərinin yaradılması muxtar respublikamıza gələn əməkçi miqrantların sayının artmasına səbəb olmuşdur. Fəaliyyəti dövründə daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin qanunamüvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir.
Naxçıvan Muxtar Respublikası region üçün böyük əhəmiyyət kəsb edən nəqliyyat dəhlizlərinin kəsişdiyi mövqedə yerləşdiyindən burada çoxsaylı tranzit miqrantların hərəkəti müşahidə edilir. Dövlət Miqrasiya Xidmətinin qarşısında duran vəzifələrdən biri də bu qəbildən olan miqrantların ölkə ərazisində məskunlaşmalarının və qanunsuz olaraq muxtar respublika ərazisindən tranzit keçidi kimi istifadə edərək üçüncü ölkəyə keçmələrinin qarşısının alınmasıdır. Muxtar respublikanın ölkə xaricinə giriş-çıxış qapıları sayılan Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Beynəlxalq Hava Limanı sərhəd-buraxılış məntəqələrində miqrasiya bölmələri tərəfindən əcnəbilərin təlimatlandırılması prosesində böyük irəliləyişlər əldə edilmiş, qanunsuz miqrasiyanın qarşısının alınmasına nəzarətin daha effektiv şəkildə həyata keçirilməsinə başlanılmışdır. Bundan əlavə Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya sahəsi üzrə maarifləndirmənin müxtəlif istiqamətlərdə aparılması məqsədilə sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində elektron məlumat köşklərinin yerləşdirilməsi miqrasiya sahəsi üzrə xidmət növləri ilə bağlı məlumatların 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) yazılı və səslə vətəndaşlara çatdırılma imkanı yaratmışdır.
Muxtar respublikanın bugünkü sabitliyi, təhlükəsizliyi buraya səfər edən turistlərin sayının artmasına səbəb olmuşdur. Gəlişinin məqsədi, məramı, niyyəti fərqli olan hər bir xarici ölkə vətəndaşına Azərbaycan qonaqpərvərliyini göstərmək, onlara hərtərəfli yardım etmək milli dəyərlərimizin göstəricisi olmaqla, həm də Dövlət Miqrasiya Xidməti sahəsində çalışan hər bir əməkdaşın vəzifə borcudur. Çünki Naxçıvana gələn hər bir turist, eyni zamanda ölkəmiz haqqında informasiya ixrac edən xoşməramlı elçidir. İran İslam Respublikası və Türkiyə Respublikası ilə sərhəd- keçid rejiminin sadələşdirilməsi, habelə Naxçıvan Beynəlxalq Hava Limanından xarici reyslərin təşkili Naxçıvan Muxtar Respublikasına turizm məqsədilə gələn miqrantların sayını artırmışdır. 2015-ci ildə Naxçıvana gələn miqrantların sayı 390 min nəfərə çatmışdır. Bu məqsədlə də Dövlət Miqrasiya Xidməti işini günün tələbləri səviyyəsində quraraq bu sahədə fəaliyyətini gücləndirmişdir. Belə ki, sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyəti təmin edilmiş və ölkəyə daxil olan əcnəbilərin qeydiyyata alınmaları üçün lazımi şərait yaradılmışdır. Muxtar respublika ərazisində fəaliyyət göstərən mehmanxanaların Dövlət Miqrasiya Xidmətinin elektron resurslarından maksimum şəkildə yararlanmasına şərait yaradılmış, mehmanxanalarla Dövlət Miqrasiya Xidməti arasında “Elektron hökumət portalı” üzərindən elektron sənəd dövriyyəsinin aparılması ilə ölkəyə gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması proseduru sadələşdirilmişdir.
Üç dildə vətəndaşların istifadəsinə verilən rəsmi internet səhifəsinin fəaliyyət göstərməsi dünyanın müxtəlif yerlərindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciətetmə imkanı yaradır və miqrasiya sahəsi üzrə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasında böyük rol oynayır. Eyni zamanda saytda muxtar respublikanı əks etdirən şəkillərin yerləşdirilməsi, Naxçıvan Muxtar Respublikasının portalına keçidin verilməsi əcnəbilərdə həm muxtar respublika barədə ilkin təsəvvürün yaranmasına, həm də ölkəyə gəldiyi vaxtdan miqrasiya qanunvericiliyi ilə tanış olmaqla, müraciətlərinin göndərilməsinə imkan yaratmışdır. Saytda “Elektron xidmət” və “Onlayn ödəmə” bölməsinin istifadəyə verilməsi, “Sual-cavab” və “Müraciətlər” bölməsinin daim istifadəçilərə açıq olması əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri, eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarını məkandan asılı olmayaraq miqrasiya qanunvericiliyi ilə bağlı maraqlandıran sualların operativ cavablandırılmasına imkan verir. Müraciətlərin cavabı həm xidmətin elektron poçt ünvanına, həm də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti ilə Naxtel Şirkəti arasında bağlanmış müqavilə əsasında fəaliyyəti təmin olunmuş Toplu SMS xidməti vasitəsilə müraciət edənin mobil telefonuna göndərilir. Həmçinin vətəndaşların müraciət etmək hüququnun təmin edilməsi məqsədilə yaradılmış Dövlət Miqrasiya Xidmətinin “202-Miqrasiya Məlumat Mərkəzi”nin fəaliyyətinin də miqrasiya sahəsi üzrə müraciətlərin cavablandırılmasında və vətəndaşların lazımi informasiyaları əldə edərək maarifləndirilməsində böyük rolu var.
Bu gün muxtar respublikada bütün sahələrə olduğu kimi, qloballaşan dünyada əhəmiyyətinə görə ön cərgələrdə dayanan miqrasiya sahəsinə də daim həssaslıqla yanaşılır, xüsusi əhəmiyyət verilir, yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının yüksək göstəricisi isə 2015-ci il mayın 27-də – xidmətin yaradılmasının beşinci ildönümündə müasir standartlara cavab verən, yüksək texnologiyaya malik və xidmət əməkdaşlarının fəaliyyəti üçün yeni imkanlara şərait yaradan inzibati binanın istifadəyə verilməsi olmuşdur. Binada mərkəzi server sistemi qurulmuş və Dövlət Miqrasiya Xidmətinin “Elektron hökumət” portalına qoşulması təmin edilmişdir. Portala qoşulmaqla Dövlət Miqrasiya Xidməti üçün konkret sahələr üzrə müəyyənləşdirilmiş 9 xidmət növü üzrə sahələr avtomatlaşdırılaraq istifadəçilərə təqdim edilmiş, yeni imkanlar vasitəsilə vətəndaşlarla Dövlət Miqrasiya Xidməti arasında olan məsafəni, sərf olunan vaxtı minimuma endirməklə daha operativ, keyfiyyətli xidmətin göstərilməsi təmin olunmuşdur.
Muxtar respublikada miqrasiya proseslərinin idarə edilməsində beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə kadr potensialının formalaşdırılması da daim diqqət mərkəzində saxlanılır. Belə ki, bu məqsədlə xidmət əməkdaşları “Qanunsuz miqrantların aşkarlanması və qayıdışın icrası” mövzusunda Niderland Krallığında keçirilən təlimdə və “Cənubi Qafqazda səmərəli readmissiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi” layihəsi çərçivəsində Polşa, Belçika və Almaniyada keçirilən tədbirlərdə iştirak etmiş, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin işə yeni qəbul olunmuş əməkdaşların peşə hazırlığının yüksəldilməsi məqsədilə mütəmadi təlim kursları təşkil edilmişdir. Belə ki, 2013-cü ildə Naxçıvan Muxtar Respublikasında Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən “Miqrasiya məsələləri: miqrasiya idarəçiliyinə dair təcrübələrin bölüşdürülməsi” adlı beynəlxalq konfrans, 2014-cü ildə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən “Sığınacağın istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi”nə dair birgə təlimlər keçirilmişdir. Təlimlərdə bir sıra xarici dövlətlərin və beynəlxalq təşkilatların rəhbər nümayəndələri iştirak etmişlər. 2015-ci ildə Azərbaycan nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatının təşkilatçılığı ilə miqrasiya üzrə beynəlxalq dialoq çərçivəsində “Miqrantlar və şəhərlər” mövzusunda konfransda iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının iştirak etdiyi bu tədbirlər beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, beynəlxalq insan hüquqları konsepsiyası və digər bu kimi məsələlərlə bağlı məlumatların sistemləşdirilməsi, dinləyicilərə yeni biliklərin verilməsi muxtar respublikada da miqrasiya proseslərinin tənzimlənməsi və idarə edilməsinin təkmilləşdirilməsində mühüm rol oynamışdır.
Miqrasiya prosesi qloballaşan dünyanın ayrılmaz tərkib hissəsidir. Muxtar respublikamızın sürətli sosial-iqtisadi inkişafı miqrasiya proseslərini sürətləndirdiyindən bu sahəyə nəzarətin gücləndirilməsi də vacib məsələlər sırasında durur. İşini muxtar respublikada əldə olunan sürətli sosial-iqtisadi inkişaf tempinə uyğun quran Dövlət Miqrasiya Xidmətinin kollektivi bundan sonrakı fəaliyyətində də yeni-yeni uğurlar əldə edəcək, göstərilən etimadı doğrultmaq üçün daha səylə çalışacaqdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı şöbəsi