İyunun 10-da Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Böyük Qayıdışdan Milli Qurtuluşa” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda muzeyin direktoru Ramil Orucəliyevin “Qayıdışdan Qurtuluşa”, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Emin Məmmədovun “Xilaskarlıq missiyasının Heydər Əliyev nümunəsi”, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimovanın “Heydər Əliyev dövlətçilik xətti günümüzdə” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə qeyd olunub ki, inkişaf etmiş müstəqil Azərbaycan Böyük Qayıdışın və Milli Qurtuluşun bəhrəsidir. Bu gün Azərbaycan Respublikası görkəmli dövlət xadimi, Milli Qurtuluşun banisi Heydər Əliyevin müstəqillik və milli dövlətçilik ideyalarını dünyada gedən proseslərə, ölkənin reallıqlarına uyğun şəkildə yaradıcılıqla inkişaf etdirərək böyük sabahlara doğru qətiyyətlə addımlayır. Milli Qurtuluşdan başlanan yollar böyüyür, genişlənir və sürətlə inkişaf edir. Milli Qurtuluş milli dirçəlişin, Azərbaycançılıq məfkurəsinin möhkəm və etibarlı bünövrəsi kimi böyük gələcəyə yol açır.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü, ardıcıl fəaliyyəti ilə özünün yüksək inkişaf səviyyəsinə görə ərazi etibarilə kiçik Azərbaycan dünyanın böyük dövlətlərinin cərgəsinə çıxarılıb. Transqafqaz əhəmiyyətli bütün böyük layihələrin, demək olar ki, hamısının əsas müəllifi, baş memarı Azərbaycandır. Dövlət başçısı səviyyəsində beynəlxalq miqyasda həyata keçirilən və Azərbaycanda cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların, kompleks proqramların nəticəsidir ki, müstəqil Azərbaycan dövlətinin tərəfdarları artıb, beynəlxalq nüfuzu xeyli yüksəlib. Geniş mənada, bütün yönləri ilə inkişaf etmiş Azərbaycan dövləti Milli Qurtuluş Gününün bəhrəsidir. Azərbaycanın tərkibində sürətli inkişaf yolu keçmiş Naxçıvan Muxtar Respublikası Böyük Qayıdışın vətəni, Böyük Qurtuluşun etibarlı dayağıdır. Böyük Qurtuluşdan Azərbaycan Respublikasının böyük gələcəyinə günəş doğur.
Məruzələrdən sonra elmi-praktik konfransın iştirakçıları “Azərbaycan qədər əbədi” filminə baxıblar, Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış olublar.
* * *
Ulu öndər Heydər Əliyev hələ Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə əsl vətənpərvərliklə, liderlik qabiliyyəti ilə dövlət müstəqilliyinin bərpası istiqamətində tarixi qərarlar qəbul edib. 1993-cü ilin iyununda – son dərəcə mürəkkəb bir dövrdə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin etməklə, vətəndaş qarşıdurmasını aradan qaldırmaqla, respublikanı parçalanmaq təhlükəsindən hifz etməklə, sözün əsl mənasında, Milli Qurtuluşu təmin edib.
Bu fikirlər Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə səsləndirilib.
Təşkilatın sədri Qürbət Rzayev vurğulayıb ki, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizin çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olub. Həmin gün Azərbaycan xalqının ölüm-dirim mübarizəsində məhv olmaqdan qurtuluş günüdür.
“Ulu öndərin Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, – deyən təşkilat sədri bildirib ki, Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında böyük və şərəfli yol keçməkdədir. Həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirlərindən Ordubad rayonuna da böyük pay düşüb. Ulu öndərin “Azərbaycanın incisi” adlandırdığı Ordubad müasir tikililəri, park və küçələri, rahat yolları ilə bura yolu düşən hər kəsi heyran edir. Eyni zamanda rayonun kəndlərində yaradılmış müasir infrastruktur əhalinin rahatlığını təmin edib.
Tədbirdə Yeni Azərbaycan Partiyası fəallarından Könül İsmayılova, Elvin Məmmədov, Uğur İsgəndərov çıxış edərək bildiriblər ki, məhz bu qayıdış sayəsində Azərbaycan üçün çoxdan hazırlanan məkrli planların qarşısına möhkəm sipər çəkilib, siyasi varlığımıza doğru uzanan xain əllər kəsilib, dövlətimizin müstəqilliyi əbədi, dönməz, sarsılmaz olub.
Sonda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib.
Xəbərlər şöbəsi