Mayın 25-də Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda 28 May – Respublika Günü münasibəti ilə tədbir keçirilmişdir.
Əvvəlcə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilmişdir.
Azərbaycanın Qarsdakı Baş konsulu Ayxan Süleymanlı tədbirdə çıxış edərək demişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşmüşdür. Hələ ötən əsrin əvvəllərində demokratik dövlət modelinin yaradılması Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı olmuşdur. 70 il Sovetlər Birliyinin tərkibində qalan Azərbaycan ötən əsrin 90-cı illərində yenidən dövlət müstəqilliyini qazanmışdır. Həmin dövrdə ölkədə baş verən hadisələr yenicə qazandığımız müstəqilliyi itirmək təhlükəsi yaratmışdı. Lakin ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması ilə Azərbaycanda sabitlik yaradılmış, qanunçuluq, demokratik prinsiplər bərqərar edilmiş, müstəqilliyimiz əbədi və dönməz xarakter almışdır. Ulu öndərin müəyyənləşdirdiyi siyasi xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd olunmuşdur ki, ümummilli liderin uzaqgörən siyasəti sayəsində Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün Azərbaycan və Türkiyə regionda beynəlxalq enerji və nəqliyyat layihələrinin iştirakçısıdırlar. Hazırda tikintisi davam etdirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qars Vilayətinin valisi Günay Özdəmir Azərbaycan xalqının öz dövlət müstəqilliyini qazanmasını tarixi nailiyyət kimi dəyərləndirmiş, Türkiyə-Azərbaycan münasibətlərinin bu gün uğurla davam etdirildiyini bildirmişdir.
Tədbirdə Qars və İqdır şəhər ictimaiyyətinin nümayəndələri, Qars Qafqaz Universitetinin müəllim və tələbələri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Sonda Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğu tərəfindən ziyafət verilmişdir.
“Şərq qapısı”