Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi. Azərbaycanın Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər – Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı”.
Birinci Dünya müharibəsi Çar Rusiyasının ağır vəziyyətə düşməsi, eyni zamanda imperiya mərkəzində baş vermiş inqilab imperiyanın müstəmləkələrində yaşayan xalqların azadlıq uğrunda mübarizəyə qalxması ilə nəticələnmişdi. 1918-ci ilin fevralında yaradılmış Zaqafqaziya seymi həmin il may ayının 25-də dağıldıqdan sonra mayın 27-də seymin 44 nəfərlik müsəlman fraksiyası Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk milli hökuməti yaratmaq üçün Tiflisdə toplaşmışdır. Fraksiya Azərbaycanın idarə olunmasını öz üzərinə götürərək Azərbaycan Milli Şurasını yaratmışdır. Milli Şuranın mayın 28-də keçirilən tarixi iclasında qəbul edilən 6 maddədən ibarət İstiqlal Bəyannaməsi ilə Azərbaycanın dövlət müstəqilliyi elan olunmuşdur. Bəyannamədə Azərbaycan tamhüquqlu müstəqil dövlət, onun idarə forması isə xalq cümhuriyyəti elan edilirdi.
Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Milli Şurasının iclasında Azərbaycan Xalq Cümhuriyyətinin ilk müvəqqəti hökumətinin tərkibi təsdiq olunmuşdur. Bu zaman Bakı şəhəri Bakı Xalq Komissarları Sovetinin nəzarətində olduğu üçün 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və müvəqqəti hökumət Tiflisdən Gəncəyə köçmüşdür. Bir gün sonra Gəncədə Milli Şura öz fəaliyyətini müvəqqəti olaraq dayandırmış və Müəssislər Məclisi çağırılanadək bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılmış ikinci hökumətə həvalə etmişdir.
Parlamentli respublikanın qurulması Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı idi. Dövlət quruculuğu istiqamətində ilk günlərdən qəti tədbirlər görülmüş, iyunun 26-da müsəlman hərbi korpusunun ayrıca Azərbaycan Korpusuna çevrilməsi ilə Milli Ordunun yaradılmasının əsası qoyulmuşdur. Həmin dövrdə hökumətin qarşısında duran ən mühüm vəzifə ölkənin bütün ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətini bərqərar etmək, Bakını və onun ətrafını düşmənlərdən təmizləmək idi. 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin birləşmiş hərbi qüvvələrinin misilsiz mübarizəsi sayəsində Bakı azad edilmiş, sentyabrın 17-də Azərbaycan hökuməti Bakıya köçmüşdür.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli dövlət bayrağı qəbul olunmuşdur. Hökumət parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına uyğun olaraq Müəssislər Məclisinin çağırılması üçün bir sıra tədbirlər həyata keçirsə də, ölkədə yaranmış ağır ictimai-siyasi vəziyyət parlamentə seçkilər keçirməyi çətinləşdirirdi. Milli hökumət Azərbaycan parlamentini mümkün qədər tez formalaşdırmağa çalışırdı. 1918-ci il noyabrın 16-da toplanan Milli Şura mövcud fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar olaraq, ali hakimiyyət orqanı kimi “Azərbaycan parlamentinin yaradılması haqqında” Qanun layihəsini hazırlamış və həmin il noyabrın 19-da bu qanunu qəbul etmişdir.
Milli Şura tərəfindən təşkil edilmiş parlamentin 1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin binasında təntənəli açılışı olmuşdur. İlk parlamentin sədri Əlimərdan bəy Topçubaşov, onun birinci müavini isə Həsən bəy Ağayev seçilmişdir. Dövrün bütün çətinliklərinə baxmayaraq, parlament 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə Azərbaycan dövlətçiliyi tarixində dərin iz qoymuşdur. Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verilmiş, parlamentin işində Azərbaycanın ziyalı və ictimai fəal qadınları iştirak etmişlər. Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransında uğurlu diplomatik fəaliyyəti sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycan müstəqil dövlət kimi tanınmışdır. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi dövr ərzində 20-dən çox dövlətlə diplomatik əlaqələr yaratmışdır.
Ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyub saxlamaq üçün çox çətin şəraitdə mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyəti bütün imkanlardan istifadə edərək taleyüklü məsələlərin həllinə çalışırdı. Cümhuriyyətin ölkəmizin ərazi bütövlüyünü qorumağa yönəlmiş tədbirlərindən biri də Naxçıvan məsələsi idi. Çünki o dövrdə Naxçıvan ağır illər yaşayırdı. Naxçıvan həm daxildə, həm də beynəlxalq aləmdə müxtəlif maraqların toqquşduğu nöqtələrdən birinə çevrilmiş, mənfur ermənilərin Naxçıvana hücumları vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Naxçıvan əhalisi regionun Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması üçün inamla mübarizə aparırdı. Azərbaycan Xalq Cümhuriyyətinin Baş nazirləri olmuş Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli Naxçıvanın Azərbaycan ərazisi kimi qorunub saxlanılması üçün siyasi, diplomatik, maddi və mənəvi vasitələrdən istifadə edir, qəhrəman naxçıvanlıların fəaliyyətini yüksək qiymətləndirirdilər.
Fətəli xan Xoyski parlamentin iclasında Naxçıvan bölgəsinin qəhrəman əhalisinin Vətənə qovuşmaq üçün öz həyatları və ailələri ilə risk edərək mübarizəyə qalxıb azadlığa çıxdıqlarını söyləmişdi. Nəsib bəy Yusifbəyli 1919-cu il dekabrın 22-də parlamentdəki çıxışında Naxçıvanın öz qüvvələri ilə istilaçıları devirərək, Azərbaycanla birləşməyə hazır olduğunu bildirərək demişdir: “İgid naxçıvanlılar, şərurlular və vedibasarlılar bu məsələni özləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar...”
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamenti bütün vasitələrdən istifadə edərək Naxçıvanın ermənilər tərəfindən işğal edilməsinə yol verməmiş, bu istiqamətdə diplomatik danışıqlar aparılmışdır. Ancaq ölkədə yaranmış mürəkkəb ictimai-siyasi və hərbi vəziyyət bəzi hallarda hökumətin öz məqsədlərinə tam çata bilməməsinə səbəb olmuşdur. Beləliklə, naxçıvanlıların igidliyi və qəhrəmanlığı sayəsində bu qədim diyar Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərsə də, xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Bu qısa tarixi dövr Azərbaycan xalqının dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərmişdir. Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan verməmişdir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçildiyi 1969-cu ilin 14 iyulu ölkəmizi həqiqi müstəqilliyə aparan yolun başlanğıcı olmuşdur. Görkəmli dövlət xadiminin rəhbərliyi altında ötən əsrin 70-80-ci illərində həyata keçirilmiş tədbirlər ölkəmizin XX əsrin 90-cı illərində müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratmışdır. Ötən əsrin sonlarında Azərbaycan yenidən öz istiqlaliyyətini bərpa etmək imkanı əldə etmişdir. Lakin ötən əsrin əvvəllərində olduğu kimi, əsrin sonlarında da mühüm coğrafi-strateji mövqeyi olan ölkəmiz real məhvolma təhlükəsi ilə üz-üzə qalmışdı. Erməni daşnakları tərəfindən hərbi təcavüzə məruz qalmış respublikamızda çox təhlükəli vəziyyət yaranmışdı.
Tarixi hadisələr göstərir ki, Azərbaycan xalqı müstəqil dövlətini yaratmaq istəyəndə daim erməni faktoru ilə üzləşmiş, Azərbaycanın müstəqil dövlət olmasını istəməyənlər “erməni məsələsi”ndən yetərincə istifadə etmişlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranmış gərgin vəziyyəti belə xarakterizə etmişdir: “Bütün tarix boyu xalqımızın müstəqillik arzusu ilə yanaşı, bu istəyə qarşı həyata keçirilmiş faciə və soyqırımı hadisələri də heyrətamiz şəkildə təkrar olunmuşdur. Xalqımızın bəxti onda gətirmişdir ki, ötən əsrin sonlarında nail olduğumuz ikinci dövlət müstəqilliyi üçün real təhlükə yarandığı bir dövrdə Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yenidən ali hakimiyyətə qayıtmış, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçiliyi arzudan reallığa çevirmişdir”.
Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq müstəqil Azərbaycan dövlətini yaratmışdır. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacarmış, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görülmüşdür. Dahi şəxsiyyət Heydər Əliyevin böyük siyasi təcrübəsi, qətiyyəti və misilsiz xidmətləri nəticəsində Azərbaycan nəinki öz müstəqilliyini qorumuş, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti ilə müstəqil Azərbaycan Respublikası arasında varislik əlaqəsini təmin etmişdir.
Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını Azərbaycanın müstəqilliyinə həsr etmişdir. 1990-cı il noyabrın 17-də ulu öndərimizin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında ümummilli liderimizin təşəbbüsü ilə “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul olunmuşdur. Həmin qərarlara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul olunmuş və bu bayraq ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas salonunda qaldırılmışdır.
Dahi şəxsiyyət Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində rolunu həmişə yüksək qiymətləndirmiş, cümhuriyyətin xalqımızın azadlıq və müstəqillik arzularını daha da gücləndirdiyini bildirmişdir. Ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə, 1993-cü il mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin 75 illik yubileyi ilk dəfə Naxçıvanda qeyd olunmuşdur.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələblərindən sonra ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etmiş, dövlət müstəqilliyimiz möhkəmləndirilmişdir. Ötən dövrdə Azərbaycan beynəlxalq hüququn subyekti kimi sübut etmişdir ki, o, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ləyaqətli varisidir, onun davamçısıdır və ənənələrinə sadiqdir.
Bu gün Azərbaycanda ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi xətt uğurla davam etdirilir. İqtisadi, siyasi, hərbi gücünə görə Azərbaycan artıq regionda lider mövqe tutmuşdur. Müstəqilliyimizin bizə verdiyi bəhrələr ölkəmizin bütün dünyada tanınmasına, qəbul olunmasına imkan vermişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qurub-yaratdığı və böyük öndərimizin mənəvi-siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin işıqlı gələcəyə doğru apardığı azad, müstəqil Azərbaycan dövləti bu gün mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir, öz milli, mədəni və multikultural dəyərləri ilə dünya ölkələri üçün əsl nümunəyə çevrilir. “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir”, – deyən ulu öndər Heydər Əliyevin memarı olduğu Azərbaycanın müstəqilliyi bundan sonra da qorunacaq və daim əbədi olacaqdır.
“Şərq qapısı”