“Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik dövlət quruluşunu yaradaraq istiqlaliyyətimizi elan etməsi xalqımızın müstəqillik əzminin nümayişi idi”.
Bu fikir AMEA Naxçıvan Bölməsində “Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə ilk demokratik respublika” mövzusunda keçirilmiş elmi-praktik konfransda səsləndirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98-ci ildönümü münasibətilə keçirilən konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açmışdır.
Bildirilmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdı və xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini və mövcudluğunu yüksək qiymətləndirərək deyirdi: “Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi. Azərbaycanın Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi”.
Konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun milli dövlət quruculuğu sahəsində fəaliyyəti” mövzusunda məruzə etmişdir. Məruzədə vurğulanmışdır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tariximizin şanlı səhifələrindən biridir. Həmin dövrdə parlamentli respublikanın qurulması Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində yeni bir dövrün başlanğıcı idi.
Qeyd olunmuşdur ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərsə də, bu, xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunun bütün dünyaya nümayişi idi. Bu qısa tarixi dövr Azərbaycan xalqının dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərmişdir. Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan verməmişdir.
Bildirilmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoymuşdur. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bu şərəfli tarixi “Respublika Günü” kimi qeyd edir.
Tədbirdə mövzu ilə bağlı çıxışlar olmuşdur.
Konfransa AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurmuşdur.
Xəbərlər şöbəsi