Bu xəbəri çoxdan, 2009-cu ildə eşitmişdik. Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdu. Təbii ki, bu xəbər hamımızı sevindirmişdi. Çünki bu, doğma Naxçıvanımızı dünyaya daha yaxşı tanıtmaq üçün yaxşı fürsət kimi qiymətləndirilir.
Bu günlərdə isə ölkə başçısının sərəncamı ilə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı. Həmin sərəncamda deyilir: “Bakı şəhərində 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır”.
Bəs Naxçıvan buna hazırdırmı? Min illərin o tayından adlayıb gələn, bütün Şərqin, Asiyanın, Afrikanın sosial həyatına ciddi təsir edən “İslam mədəniyyəti” ifadəsi, sözün həqiqi mənasında, Naxçıvanda öz təsdiqini tapa biləcəkmi?
Qısa arayış: İslam mədəniyyətinin paytaxtı ilk dəfə 2001-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin birinci konfransında 30 dövlət tərəfindən qəbul edilən qərarla 2005-ci il üçün müqəddəs Məkkə şəhəri elan edilib. Qərara görə, sonrakı illər ərəb ölkələrində, Asiya və Afrikada hər il bir şəhər bu statusu qazanır. Bunun üçün həmin şəhərin özünəməxsus qədim tarixi, islami və digər dünyəvi mədəniyyəti, arxeologiyası, infrastrukturu olmalıdır. İlk dəfə Azərbaycanda 2009-cu ildə Bakı şəhəri bu ada layiq görülüb. Elə həmin il Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında yekdilliklə Naxçıvan 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilib.
Əslində, “İslam” və “mədəniyyət” sözləri tarixən Naxçıvanda öz əksini tapan bir məfhumdur. Əgər Nuh Peyğəmbər Ordubad dağlarının zirvəsində – Gəmiqayada öz əfsanəvi gəmisindən enərək Naxçıvana gəlibsə və buranın məşhur duz mədənlərində bu qida məhsulunun istehsalı ilə məşğul olubsa, yadellilərin hücumunu dəf etmək üçün yerli xalq qalalar və qala-şəhərlər yaradıbsa, burada istehsal edilən maddi-mədəniyyət nümunələri qonşu sivilizasiyalara gedib çatıbsa, bu, artıq Naxçıvanda mədəniyyətin mövcudluğu deməkdir. İslam dini VII əsrdə yaranıb. Ancaq Naxçıvan mədəniyyəti daha qədim tarixə malikdir. O da faktdır ki, məhz İslam qəbul ediləndən sonra bütün Şərqdə, o cümlədən Azərbaycanda da yeni bir mədəniyyət yarandı. Hətta bəzi ölkələrdə İslam öz təsiri ilə yerli mədəniyyəti sıxışdırıb aradan çıxara da bildi. Amma Türk dünyasında mədəniyyətin kökündə xalqın inanclar və inam sistemi təktanrılıqla bağlı olduğuna görə, əksinə, İslam mədəniyyəti ilə yerli mədəniyyət qarışaraq tam yeni, modern bir yaşam tərzi ortaya çıxardı.
Naxçıvanın qədim tarixinə baxanda istənilən səviyyədə dini münasibətləri görmək mümkündür. Bu dini yanaşmanın kökündə sırf milli, insani əxlaq prinsipləri də dayanırdı. Naxçıvanda mövcud olan Nuhla bağlı müqəddəs yerlər, onun məzarüstü türbəsi hələ erkən orta əsrlərdə burdakı mədəniyyətin yüksək inkişafının təzahürü idi. Naxçıvan ərazisindəki müqəddəs məkanlar, müqəddəs “Qurani-Kərim”də adıçəkilən Əshabi-Kəhf mağarası İslam mədəniyyətinin ən yaxşı nümunəsidir. Çünki xalq min illərdir, bu yeri sevir, qoruyur, onun abadlığı, təmizliyi üçün çalışır. Bu gün isə Əshabi-Kəhf dünya müsəlmanlarının və Naxçıvana gələn istənilən qonağın ziyarət etdiyi məkanlardan birinə çevrilib.
Naxçıvan Türk dünyasının qədim ənənələrini özündə yaşatmaqla bərabər, İslam dininin də dəyərlərini paralel şəkildə, milliləşdirərək inkişaf etdirir. İlk dəfə Şərqdə qadın şərəfinə ucaldılan abidə – Möminə xatın türbəsi həm də İslamın ən mühüm amillərindən biri olan qadına – anaya hörmətin nümunəsi deyilmi? Nuhun məzarüstü türbəsinə 1700 ildən sonra qayğı göstərilərək sahib çıxılması, onun yenidən qurulması bu nümunəni tamamlayan və isbata ehtiyacı olmayan faktdır.
Din xadimlərinin, müqəddəs sayılan övliyaların məzarları üzərində tikilən türbələr təkcə sayğı və hörmət deyil, həm də İslam mədəniyyətinə verilən yeni töhfələr idi. Naxçıvan şəhərində XII əsrdə inşa edilən Yusif Küseyiroğlu türbəsi, Qarabağlar kəndində XIII-XIV əsrlərdə ucaldılan Quti xatın türbəsi həm də dini məqbərə kimi qorunur.
İslam dininin qarşıya qoyduğu əsas vəzifələrdən sayılan “təmizlik imandandır” ifadəsi sanki Naxçıvan şəhərinin, muxtar respublikanın rayon mərkəzlərinin bugünkü vəziyyətinin əyani göstəricisidir. Təmiz şəhər, abad küçələr, səliqəli yaşayış binaları – bu, İslamın təbliğ etdiyi mənəviyyat deyilmi? Bu prinsip isə artıq Naxçıvanda adi həyat tərzinə çevrilib.
İslam halallığı sevir. Naxçıvanda isə min illərdir ki, qorunan bir halallıq prinsipi var. İstər qidalarımızda, istər davranışlarımızda, istərsə də münasibətlərimizdə hər kəsin özündən asılı olmayaraq qoruyub saxlamağa çalışdığı, bu ruhda tərbiyə olunan sağlam bir cəmiyyət var. Son illər oğurluğun, cinayətin, neqativ halların aradan qaldırılması və dövlət səviyyəsində bu sahədə aparılan işlər Naxçıvanı İslam mədəniyyətinin nəinki paytaxtı, ən yaxşı nümunəsi kimi təqdim etməyə əsas verir.
Naxçıvanda tarixən mövcud olan təmizlik, milli dəyərlərə verilən qiymət, ən əsası dövlətçilik prinsipləri, bir-birinə inam hətta Peyğəmbərimiz Məhəmməd əleyhissalamın nəslindən olan insanların da diqqətini cəlb edib. Ona görə də buranı özlərinə məskən seçən bu nəslin nümayəndələri elə Naxçıvan torpağında da dəfn ediliblər. İndi tarixi və dini abidə kimi qorunan, son illər bərpa olunaraq abadlaşdırılan üç İmamzadə kompleksi buna ən yaxşı nümunədir. Bəzən insanlar Tanrı tərəfindən Naxçıvanın həmişə qorunduğunu deyirlər. Əslində, bu dini və milli dəyərlərin qorunduğu məkanı, təbii ki, Ulu Tanrı da qoruyur.
Naxçıvanın qonaqpərvərliyi xalqımızın minillik ənənəsinin ayrılmaz tərkib hissəsidir. “Allaha da qurban olum, göndərdiyi qonağa da”, – deyib gecənin yarısı öz qapımızı tanımadığımız, amma “Allah qonağıyam” dediyi üçün üzünə açdığımız adamı necə ehtiramla qarşıladığımızı hər bir yerli sakin, bu yurdun qonaqları yaxşı bilirlər. Vaxtilə tikilən məscidlər həm də yoldan keçən, kiminsə evinin qapısını döyməyə utanan yolçuların gecələdiyi yer olmayıbmı? Son illər abadlaşan, yeniləşən şəhərimizdə inşa olunan turizm obyektləri, mehmanxanalar məhz bu ənənənin davamıdır. İslam mədəniyyətinin paytaxtı həm də 2018-ci ildə muxtar respublikaya gələn minlərlə qonaq deməkdir. Onların yüksək səviyyədə, əsl azərbaycanlısayağı qarşılanıb yola salınması üçün indi Naxçıvanda lazımi şərait yaradılıb. Bu gün Naxçıvan şəhərində beşulduzlu otellər, müasir xidmət müəssisələri fəaliyyət göstərir. Rahat yollar, abad qəsəbələr, yaraşıqlı kəndlər, insanların rahatlığı, dolanışığı üçün görülən işlər məhz Tanrının göndərdiyi sonuncu dinin təməl prinsiplərindəndir.
Yeni yaradılan Təşkilat Komitəsinin üzvü, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayevin dediyi kimi, bu gün Naxçıvanda 217 məscid, 26 dini ziyarətgah var. Son 20 ildə nəinki Naxçıvan şəhərində, rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində də yeni məscidlər tikilib, mövcud məscidlər təmir olunub, abadlaşdırılıb. Dini ziyarətgahlar – imamzadələr, Əshabi-Kəhf ziyarətgahı bu gün öz abadlığına görə yalnız İslamın yarandığı müqəddəs şəhərlərdəki ziyarətgahlarla müqayisə oluna bilər. Naxçıvanda regionun ən böyük ibadət ocağı olacaq – 2500 nəfərin eyni vaxtda namaz qıla biləcəyi məscidin inşası davam etdirilir. Demək olar ki, 2018-ci ilə hazırıq. Bunlar heç də kimə və nəyə görə isə edilməyib. Sadəcə, hər sahədə olduğu kimi, dini və mənəvi dəyərlərə, mədəniyyətə də Naxçıvanda böyük diqqət və qayğı göstərilir.
Səməd Canbaxşıyev