Dövlət himni müstəqilliyin musiqi və sözlə ifadə edilən müqəddəs simvolu, rəmzi və atributudur. Məhz dövlətçilik baxımından müqəddəslik və önəmliliyinə görə dövlət himnini obrazlı şəkildə hər bir dövlətin, millətin, ölkənin musiqi bayrağı adlandırırlar.
Azərbaycan xalqının mənəvi sərvətlərindən biri də dövlət himnidir. Dövlət himni əsas dövlətçilik atributlarımızdan biri olmaqla yanaşı, milli birliyimizin sözlə və musiqi ilə ifadə edilən şah əsəridir. Himnimiz milli dövlət bayramlarında, tarixi günlərdə, rəsmi mərasimlərdə, yerli və beynəlxalq tədbirlərdə, olimpiya oyunlarında, dünya, Avropa və ölkə çempionatlarında, təhsil müəssisələrində mövcud qanunvericilikdə göstərilən şəkildə hər zaman ayaq üstə, böyük coşqu və ehtiramla oxunur. Bu da dövlət himninə olan sevgi və hörmətimizi, Vətənimizə son dərəcə bağlı olduğumuzu nümayiş etdirir. Musiqisi dahi bəstəkarımız Üzeyir Hacıbəyova, sözləri isə böyük şairimiz Əhməd Cavada məxsus olan himnimiz insanları, həqiqətən də, qəhrəmanlığa, tarixinə, soykökünə bağlılığa, Vətən uğrunda mübarizəyə səsləyir. Ümummilli liderimiz Heydər Əliyevin dövlət rəmzləri, xüsusilə himnimiz barədə fikirləri olduqca qiymətlidir: “1918-1920-ci illərdə Azərbaycanda hakimiyyətdə olmuş Xalq Cümhuriyyətinin bugünkü nəsillərə qoyub getdiyi ən dəyərli miraslardan biri Azərbaycanın bu gün biz qəbul etdiyimiz, qanunla istifadə etdiyimiz dövlət himnidir və bir də Azərbaycanın dövlət bayrağıdır... Mən xarici ölkələrdə ziyarətlərdə olarkən, Azərbaycanın və həmin dövlətin himni çalınarkən, çox böyük qürur hissi keçirirəm. Həmin ziyarətlərimdə məndə, bəlkə də, ən böyük əhval-ruhiyyə yaradan Azərbaycanın bayrağı altında Azərbaycanın himninin çalınmasıdır”.
1992-ci il mayın 27-də Milli Məclis “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” Qanun qəbul etmişdir. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan Marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq olunmuşdur. Müvafiq Konstitusiya qanunları və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında Əsasnamə” ilə dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzi, dövlət himninə dərin ehtiram bəsləmək isə onun hər bir vətəndaşının vətənpərvərlik borcu kimi təsbit olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət Himni istər ideya məzmunu, istərsə də musiqisinin zənginliyi baxımından milli ideologiyamızın aparıcı amili olan Azərbaycançılığı, Vətənçiliyi, Vətən sevgisini və vətənpərvərlik hisslərini, dövlət müstəqilliyini, Vətənə, millətə, dövlətə, dövlətçiliyə sədaqət ideyasını parlaq şəkildə əks etdirir.
Azərbaycan marşlarının melodiyası sadə, yaddaqalan olmaqla yanaşı, məzmun baxımından da coşqun və mübariz ruhludur. Dövlət himnimizdə də əsərin şeiriyyəti musiqi ritminə tabe edildiyindən, onun musiqisi səslənən kimi himnin mətni sanki bulaq suyu kimi çağlayır. Onun əzəməti, coşqunluğu, mübariz ruhu da məhz musiqi ilə qəlblərə yol tapır. İnsanların qanını Vətən sevgisi, millət duyğusu ilə coşdurur, adamları doğma Azərbaycanın birliyi, bütövlüyü, bölünməzliyi uğrunda mübarizəyə səsləyir. Himnimiz səslənəndə hər birimizdə milli ruh yüksəlir, vətənpərvərlik, milli iftixar və qürur hissi coşub-daşır.
Azərbaycan Respublikasının Dövlət Himninin mətni dərsliklərin birinci səhifəsində dərc olunur. Ümumtəhsil məktəblərində, texniki- peşə, orta ixtisas məktəblərində, ali məktəblərdə və başqa tədris müəssisələrində yeni dərs ilinin birinci saatı Azərbaycan Respublikasının Dövlət Himninin öyrənilməsinə və ifasına həsr edilir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev himnimizə dərin ehtiram bəsləyirdi. Ulu öndərin 1998-ci il martın 13-də imzaladığı “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamda deyilir: “Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir”.
Bu gün uşaqdan tutmuş böyüyə qədər hər kəs himnimizi əzbər bilir, sevə-sevə oxuyur. Hər bir azərbaycanlı dövlət himnimizi ali mənəvi irs kimi dəyərləndirir, dövlət atributu kimi ona dərin ehtiram bəsləyir.
“Şərq qapısı”