Muxtar respublika iqtisadiyyatında müşahidə olunan müsbət tendensiyalar daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində yeni yanaşmaları günün tələbinə çevirib. Bu baxımdan informasiya və kommunikasiya texnologiyalarının, mövcud normativ-hüquqi bazanın tətbiqi 2016-cı ilin iyul ayı ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqət mərkəzində saxlanılmış, qarşıya qoyulmuş vəzifələrin icrası uğurla davam etdirilmişdir.
Daşınmaz əmlakın hüquqi ekspertizası və reyestrinin aparılması sahəsində görülən işlərin nəticəsi olaraq muxtar respublika üzrə 486 daşınmaz əmlak obyekti qeydiyyata alınmış, 437 texniki sənəd hazırlanmışdır. Bu dövrdə Şərur rayonunun Sərxanlı, Ordubad rayonunun Ələhi və Behrud, Şahbuz rayonunun Güney Qışlaq, Babək rayonunun Yuxarı Uzunoba, Kəngərli rayonunun Xıncab, Culfa rayonunun Əlincə, Sədərək rayonunun Sədərək kəndlərində vətəndaşlara səyyari xidmət göstərilmişdir.