Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Babək rayonunda inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən doğum, nikah və ölüm qeydiyyatı zamanı qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı seminar-müşavirə keçirib.
Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov açıb.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 31 iyul tarixli Fərmanına əsasən, rayon mərkəzindən kənarda yerləşən qəsəbə və kənd sakinləri üçün daha münasib şəraitin yaradılması, onların rahatlığının təmin edilməsi, doğum, nikah və ölüm qeydiyyatının daha operativ həyata keçirilməsi məqsədilə nikahın, doğumun və ölümün dövlət qeydiyyatını rayon (şəhər) qeydiyyat şöbələri ilə yanaşı, icra hakimiyyətlərinin nümayəndəlikləri də aparır.
Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında icra nümayəndəlikləri üçün seminarlar təşkil edilib və onlar müvafiq normativ-hüquqi aktlardan çıxarışlarla təmin olunublar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində regionumuzun bütün rayonlarında yerli icra nümayəndəlikləri üçün yeni inzibati binalar tikilib və müasir standartlara uyğun iş şəraiti yaradılıb. Məhz bu diqqət və qayğı nəticəsində Babək rayonunun icra nümayəndəlikləri də müasir inzibati bina və iş şəraiti ilə təmin olunublar.
Qeyd edilib ki, yaradılan bu şərait icra nümayəndələrinin üzərinə mühüm vəzifələr qoyur. Hər bir icra nümayəndəsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin, notariat haqqında qanunun və kargüzarlıq qaydalarını müəyyən edən təlimatın tələblərinə əməl etməli və vətəndaşlıq vəziyyəti aktları qeydə alınmasına görə dövlət rüsumu ödənildikdən sonra müvafiq əməliyyatı rəsmiləşdirməlidir. Xüsusilə nikah qeydiyyatı ilə bağlı könüllülük prinsipi daim diqqətdə saxlanılmalı, vətəndaşların şəxsən iştirakı təmin edilməli və nikah qeydiyyatı üçün müraciət etmiş vətəndaşların ərizəsi qəbul edilən zaman tibbi müayinə arayışlarının alınması təmin olunmalıdır. Hər bir icra nümayəndəsi tərəfindən notariat hərəkətlərinə görə qəbul edilmiş dövlət rüsumu iki bank günü ərzində dövlət büdcəsinə köçürülməli, notariat əməliyyatı zamanı vətəndaşların şəxsən iştirakı təmin edilməlidir.
Hər bir icra nümayəndəsi qeyd olunanlardan nəticə çıxarmalı və fəaliyyətini qanunvericiliyə uyğun təşkil etməlidir.
Sonda seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbirə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov yekun vurub.
Qeyd edək ki, analoji tədbir Culfa rayonunda da keçirilib.
Xəbərlər şöbəsi