İyulun 26-da Daxili İşlər Nazirliyində 2016-cı ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov açaraq cari ilin birinci yarısının muxtar respublikamızın ictimai-siyasi həyatında əlamətdar hadisələrlə zəngin olduğunu, muxtar respublikada davam edən abadlıq-quruculuq işlərinin, aparılan sosial-iqtisadi islahatların başlıca təminatlarından olan sabitliyin etibarlı qorunaraq daha da möhkəmləndirildiyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, hesabat dövründə kriminogen durum nəzarətdə saxlanılıb, xidməti funksiyaların həyata keçirilməsində müasir iş metodlarının, o cümlədən informasiya texnologiyalarının tətbiqi müsbət nəticələr verib. Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində qarşıya qoyulan vəzifələrin icrası ciddi nəzarətdə saxlanılıb və planlı surətdə davam etdirilib, əhaliyə göstərilən səyyari xidmətlərin həcmi artırılıb, əhalinin maarifləndirilməsinə xüsusi diqqət yetirilib.
Daxili işlər naziri muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində şəxsi heyətin yüksək tələblərə cavab verən şəraitdə xidmətinin təşkili, peşə hazırlığının artırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, infrastrukturun təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə də ətraflı məlumat verib.
Kollegiya iclasında nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Əli Tağıyevin bu ilin altı ayında görülən işlərlə bağlı hesabat məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, ilk yarımil ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 3 nəfər təqsirləndirilən şəxs tutulub. 1 nəfər təqsirləndirilən və 1 nəfər itkin düşmüş şəxsin yerinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qanunsuz olaraq vətəndaşlarda saxlanılan 94 silah, o cümlədən 2 ədəd avtomat, 3 ədəd TOZ-8, 3 ədəd beşaçılan, 1 ədəd tapança, 65 ədəd ov silahı, 9 ədəd qaz tapançası, 10 ədəd pnevmatik tir silahı, 1 ədəd idman tapançası və 2 min 549 ədəd döyüş sursatı götürülüb.
Qeyd edilib ki, bu ilin birinci yarısında muxtar respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ölkədə ən təhlükəsiz və sabit yerlərdən biri olaraq qalır. Hesabat dövründə muxtar respublika ərazisində 8, o cümlədən şəxsiyyət əleyhinə 1, iqtisadi sahədə 3, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə 4 cinayət qeydə alınıb. Cinayətlərin açılması əvvəlki illərdə olduğu kimi 100 faiz təmin edilib, insan alveri, korrupsiya və dövlət hakimiyyəti əleyhinə olan cinayətlərlə bağlı heç bir fakt qeydə alınmayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil qəzalarının sayı 3-ə qarşı 6 olmaqla artıb. Dövlət yol polisi əməkdaşları inzibati xətalara, o cümlədən nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən sürücülərə qarşı mübarizə tədbirlərini bu ilin birinci yarısında da davam etdirib.
Məruzə ətrafında Naxçıvan Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Elnur İsmayılovun, Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Aydın Ağayevin çıxışları olub. Çıxış edənlər görülmüş işlər, işdə buraxılan nöqsanlar, bu nöqsanların aradan qaldırılması üzrə qarşıda duran vəzifələr barədə məlumat veriblər.
İclasa yekun vuran daxili işlər naziri hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin, bütövlükdə, qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin olunması sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib. Cinayətkarlığa qarşı mübarizə və ictimai qaydanın qorunmasında şəxsi heyətin fəaliyyətini, ümumilikdə, qənaətbəxş hesab edən nazir bununla yanaşı, kollegiya iştirakçılarının diqqətini həlli vacib olan bir neçə məsələyə yönəldib, buraxılan nöqsanların qısa zamanda aradan qaldırılmasının vacibliyini vurğulayıb. Ailə münaqişəsi zəminində və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin qarşısının alınması üçün profilaktik işlərin həyata keçirilməsinin, mühafizə vasitələrinin tətbiqi ilə bağlı əhali arasında təbliğat işinin lazımi səviyyədə təşkilinin, vətəndaşların müraciətlərinə və qəbuluna ciddi yanaşılmasının, asayişin və təhlükəsizliyin etibarlı qorunması məqsədilə zəruri qabaqlayıcı işlərin, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində davamlı tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.
Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində muxtar respublika rəhbərinin qarşıya qoyduğu mühüm vəzifələri, hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək.
Xəbərlər şöbəsi