25 Dekabr 2024, Çərşənbə

İsti yay günlərinin birində yolumuzu gözəlliklər məskəni Şahbuza saldıq. Ulu Tanrının səxavətini əsirgəmədiyi bu bölgəmiz bu gün müasir və abad görkəmi ilə göz oxşayır. Kiçik Qafqazın Dərələyəz silsiləsinin cənubuna, Zəngəzur silsiləsinin qərb yamaclarına sığınan rayonun təbiət abidələri Şahbuza bir məğrurluq və əzəmət bəxş edib. Şəninə nəğmələr qoşulan Salvartı dağı, Şapur qalası, Üçqardaş, Qonaqgörməz, Ağdaban dağları min illərdir, bu diyarı dövrəsinə alıb. Batabat yaylağındakı “Üzən ada” təbiətin möcüzələrindən biridir. Sovet dönəmində “Üzən ada”nı ləğv etmək üçün buraya texnikalar gətirilsə də, rayonun yurd təəssüblü insanları bu təbiət möcüzəsini qoruyub saxlaya biliblər. 

Bölgəyə gedən yolboyu dağların yamaclarında terras üsulu ilə salınmış yaşıllıq zolaqları qədim yurd yerinin təbiətini daha da zənginləşdirib. Burada bir məsələni xüsusi qeyd etmək lazımdır ki, aran və düzəngah yerlərdə əkilən ağacların su ilə təchizatı o qədər də çətin məsələ deyil. Problem dağ yamaclarına su qaldırılmasındadır ki, bu da öz həllini tapıb. Rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları müntəzəm olaraq bu ünvanlara gəlir, müxtəlif aqrotexniki tədbirlər həyata keçirirlər. Bölgənin son illərdə keçdiyi inkişaf yolu on illərə bərabərdir. Bu barədə danışmazdan əvvəl qədim yurd yerinin tarixinə nəzər salmağa dəyər. XVI əsrdə burada 27 kəndi, Oyuqlucaqaya, Bazaryurd, Dərəbaş gədiyi, Qaçdaş, Nərkeçi və Armudlu yaylaqlarını əhatə edən Dərəşahbuz nahiyəsi yaradılıb, XIX əsrin 40-cı illərinə qədər fəaliyyət göstərib. 1925-ci ildə Naxçıvan inzibati ərazi vahidində Nərimanov rayonu adlandırılıb (30 kəndi əhatə edib), 1930-cu ildən “Şahbuz” adı bərpa olunub. Rayon 1963-cü ildə ləğv edilərək Naxçıvan (indiki Babək) rayonuna birləşdirilib, 1965-ci ildə yenidən təşkil olunub. Şahbuz qəsəbəsinə 2007-ci ildə şəhər statusu verilib. 2013-cü ildə sahəsi 1454 hektar olan Qarababa kəndi, bütövlükdə, Ayrınc kəndinin 92,8 hektar sahəsi, Daylaqlı kəndinin 274,8 hektar sahəsi Şahbuz şəhərinə verildikdən sonra hazırda rayon mərkəzi 2826,6 hektar sahəni əhatə edir. Ümumilikdə isə rayonun ərazisi 836,6 kvadratkilometrdir. Əhalisi 25 min nəfərə yaxındır. Rayonda 1 şəhər, 1 qəsəbə, 22 kənd vardır.

 Şahbuz toponimi haqqında nə bilirik?

Şahbuz toponimi ilə bağlı müxtəlif versiyalar mövcuddur. Tarixi mənbələrdə “Şahbuz” adına ilk dəfə Eldənizlərin mis sikkə dəfinəsini göstərən xəritədə və Əmir Teymurun tarixçisi Şərəfəddin Əli Yəzdinin “Zəfərnamə” əsərində rast gəlinir. Ancaq faktlar göstərir ki, Şahbuz ərazisi daha qədim yaşayış məskənidir. Bu cəhətdən adın mənası ilə bağlı xalq etimologiyasında, Q.Qeybullayev, M.Təhmasib, T.Hacıyev kimi tədqiqatçıların araşdırmalarında müxtəlif fikirlər səslənir. Həqiqətə daha uyğun olanı isə M.Təhmasibin gəldiyi qənaətdir. “Şahbuz” sözünün “şah” hissəsi “hündür, yüksək” anlamlarında işlənir. Alim “Şahbuz” sözünün ikinci komponentini (bus//buz) qəbilə adı ilə əlaqələndirir. Və bu qəbiləni Midiya qəbilələrindən biri kimi təqdim edir. Buslar türk mənşəli etnos olub, öz adlarını bir qisim toponimlərdə, o cümlədən Şahbuz adında yaşatmışlar. Belə ehtimal olunur ki, sözün birinci hecası olan “şah” “bus//buz” tayfa adı ilə birləşərək “buslara məxsus yüksək yer” mənasını verir.
AMEA-nın müxbir üzvü, mərhum Adil Bağırova görə, bu adın məna açımı ilə bağlı belə bir ehtimal da məqbul sayıla bilər. Sözün “şah” komponentinin vaxtilə bu ərazilərdə yaşamış “saq” türk qəbilə bir­ləşməsinin adından götürülməsi mümkündür.

Dünənki Şahbuzdan əsər-əlamət qalmayıb və ya son illərdə keçilən yol on illərə bərabərdir

Rayon mərkəzindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan prospekt Şahbuz şəhəri haqqında yüksək təəssüratlar yaradır. Bu ünvan elə bir füsunkar görkəmə gətirilib ki, bu gözəlliyə vurğun olmamaq mümkün deyil. Prospektdə gözəl park salınıb. Bu park şahbuzlu­ların ən çox üz tutduğu ünvanlardan biridir. Rayon Təhsil Şöbəsinin əməkdaşı Xanlar Səfərəliyev deyir ki, Şahbuzun bugünkü görkəmini görəndə istər-istəməz rayonumuzun keçmişini xatırlayırıq. Sözün həqiqi mənasında, Şahbuz gözdənuzaq, könüldəniraq düşmüş bir yaşayış məntəqəsini xatırladırdı. Son illərdə şahbuzlular da gördülər və inandılar ki, təşəbbüskarlıq, əzmkarlıq, insana qayğı olan yerdə hər şeyə nail olmaq mümkündür. Bu gün Şahbuz müasir Azərbaycan rayonudur. Bizə o qalır ki, belə gözəl görkəmə gətirilmiş rayonumuzda qurulanları, yaradılanları qoruyaq. Şahbuzlular çəkilən zəhməti qiymətləndirməyi, gözəlliyi qorumağı bacaran, onun qədrini bilən insanlardır.
Onunla parkı gəzirik. Prospektə paralel olan yuxarıdakı küçəyə gözüm sataşır. Bu ünvan da quruculuq donuna bürünüb. Belə qənaətə gəlirəm ki, Şahbuzdan bir neçə il əvvəl ayrılan insan indi rayon mərkəzinə üz tutarsa, mübaliğəsiz demək olar ki, şəhəri tanımaz. Bu fikrimlə Xanlar müəllim də razılaşır. Çünki burada yenilənməyən bina qalmayıb. Bütün idarə, müəssisə və təşkilatlar üçün müasir memarlıq üslubunda binalar inşa olunub. Rayon İcra Hakimiyyəti, Maliyyə, Təhsil, Polis şöbələri, Baytarlıq və Rabitə idarələri, Dövlət Sosial Müdafiə Fondunun Şahbuz Rayon Şöbəsi, Əhalinin Sosial Müdafiəsi, Gigiyena və Epidemiologiya mərkəzləri, Tarix-Diyarşünaslıq Muzeyi, avtovağzal, “Araz” kinoteatrı, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı və digər təşkilatların fəaliyyət göstərdikləri yeni binalarda əməkdaşlar üçün hərtərəfli iş şəraiti yaradılıb. Həmin ərazilərdə gülkarlıqlar və yaşıllıq zolaqları salınıb.
Məlumat üçün onu da bildirək ki, quruculuq tədbirləri rayon mərkəzilə məhdudlaşmayıb. Bütün kənd­lərdə belə tədbirlər həyata keçirilib. Ən ucqar dağ və sərhəd yaşayış məntəqələrinin belə, siması tanınmaz dərəcədə dəyişilib. Həmin ünvanlarda kompleks quruculuq tədbirləri aparılıb, müasir infrastruktur yaradılıb. Cari ilin ilk 6 ayında Daylaqlı kəndində 120 şagird yerlik məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Kolanı kəndində isə 316 şagird yerlik məktəb binasının, Kiçikoba kəndində xidmət mərkəzinin və Şahbuz şəhərində elektrik şəbəkəsi üçün yeni binanın tikintisi aparılır.
Muxtar respublikamızda yol-nəqliyyat kompleksinin yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Çünki abad yurd yolundan tanınar, – deyib ata-babalarımız. Bu qənaətdəki həqiqəti isbat etmək üçün uzağa getməyə ehtiyac yoxdur. Elə bəhs etdiyimiz Şahbuz rayonu bunun üçün ən gözəl ünvandır. Rayonun bütün kəndlərində olmuşam. İstər sərhəd kəndləri, istərsə də digər yaşayış məntəqələri arasında olan yollarda aparılan quruculuq tədbirlərinə qibtə etməyə bilmirsən. Bu bölgənin elə kəndləri var ki, evlərin biri dağın ətəyində, biri dərənin yanındadır. Yolları da elədir Şahbuzun. Təbii ki, belə coğrafi məkanda yol çəkilişi də çətindir. Lakin bunun öhdəsindən gəlinib. Yolların abad saxlanılması istiqamətində aparılan tədbirlər öz nəticəsini verib, nəqliyyatın intensiv hərəkəti təmin olunub. Cari ilin ötən dövründə Daylaqlı və Kiçik­oba kənd­lərində 2,8 kilometr uzunluğunda asfalt örtük salınıb, Yuxarı Qışlaq kənd avtomobil yolunun kənarında 15 metr uzunluğunda istinad divarı çəkilib, Külüs, Kükü, Güney Qışlaq, Ayrınc kənd yollarında, eləcə də Şahbuz-Batabat magistral yolunda cari təmir işləri aparılıb.

Aqrar sahəyə qayğı məhsul bolluğuna səbəb olub

Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, rayonda əsasən, əkinçilik, heyvandarlıq, arıçılıq və bağçılıq inkişaf etdirilir. Aqrar sahənin inkişafı məqsədilə şəxsi mülkiyyətdə olan torpaqlardan səmərəli istifadəyə dövlət qayğısı güclənib. Ötən il bu ilin məhsulu üçün 1337 hektar sahədə payız əkini keçirilib, 3835 ton məhsul götürülüb.
Cari ildə 463 hektar sahədə kartof, 286 hektar sahədə tərəvəz, 242 hektar sahədə dənli-paxlalı, 11 hektar sahədə bostan bitkiləri və 280 hektar sahədə digər bostan məhsulları əkilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş və uğurla başa çatmış “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası öz bəhrələrini verib. Bu istiqamətdə rayonda həyata keçirilən tədbirlər meyvə və tərəvəz istehsalının artımına müsbət təsir göstərib. Məlumat üçün bildirək ki, adıçəkilən proqramın uğurla icra olunması hesabına rayonda bağ sahələri 60,9 hektar artırılıb. Üç nəfər isə bu sahəni inkişaf etdirmək üçün kredit götürərək 15 hektar sahədə bağ salıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” isə rayonda bu sahəni inkişaf etdirmək üçün daha bir stimul olub. Proqramın icrası istiqamətində cari ilin ötən dövründə xeyli iş görülüb, meyvə bağlarının sahəsi genişləndirilib. Cari ilin ötən dövrü ərzində meyvə bağlarından 934 ton məhsul yığılıb. Bu da ötən ilin birinci yarım ili ilə müqayisədə 0,4 faiz çoxdur. Cari ildə yaşıllaşdırma tədbirləri davam etdirilib, 4,7 hektar sahədə yeni bağ salınıb, 0,4 hektar sahədə bərpa işləri aparılıb, 4860 ədəd yeni meyvə tingi əkilib.
Rayonda sənaye məhsulunun həcmi də ildən-ilə artır. Bəhs olunan dövrdə 5 milyon 924 min 900 manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur.

İnkişaf bütün sahələri əhatə edir

Cari ilin birinci yarısında şahbuzlulara göstərilən rabitə xidmətinin səviyyəsi yüksəldilib, əhaliyə verilən təbii qaz və elektrik enerjisindən səmərəli istifadə olunması üçün tədbirlər həyata keçirilib. Rayon əhalisinə göstərilən səhiyyə, mədəniyyət və digər sosial xidmətlərin səviyyəsi xeyli yüksəldilib. Aztəminatlı ailələrin sosial müdafiəsinə diqqət artırılıb. Bəhs olunan dövrdə 80 ailənin 304 üzvünə 41 min 21 manat sosial yardım, 3508 pensiyaçıya 3 milyon 825 min 93 manat pensiya, 883 nəfərə 407 min 910 manat müxtəlif növ sosial müavinətlər verilib.
Bu gün Şahbuz rayonunda 23 tam orta məktəb, 6 məktəbdənkənar müəssisə var. Məktəblərdən 21-i, məktəbdənkənar müəssisələrdən 2-si yeni binalarda fəaliyyət göstərir. Ötən dövrdə şagirdlərin təlim-tərbiyəsi sahəsində təhsil müəssisələrinin fəaliyyətinə nəzarət diqqətdə saxlanılıb.
Rayonda əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, yaradılmış həkim briqadaları tərtib olunmuş cədvəl əsasında ayrı-ayrı yaşayış məntəqələrində olub, peyvəndlərin vaxtında aparılmasına diqqət yetirib.
Rayondakı mədəniyyət evlərinin, klubların, Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun filiallarının, uşaq kitabxanası, uşaq musiqi məktəblərinin, muzeylərin, kinoteatrın fəaliyyəti qənaətbəxş olub. Ötən dövr ərzində bütün mədəniyyət müəssisələrində tarixi-əlamətdar və bayram günlərinin qeyd edilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği diqqət mərkəzində saxlanılıb. Yaradılmış ansambllar, folklor qrupları rayonun mədəni həyatında fəal iştirak edirlər. Vaxtilə Şahbuz Rayon Mədəniyyət Evi nəzdində dram dərnəyi kimi yaradılan və bu gün Xalq teatrı statusu ilə fəaliyyət göstərən kollektiv insanların asudə vaxtının səmərəli təşkilinə öz töhfəsini verir.

* * *

Şahbuz rayonunda son illər, konkret olaraq cari ilin ilk 6 ayında həyata keçirilən məqsədyönlü tədbirlər belə deməyə əsas verir ki, bu dağlıq zonada sosial rifahın, yaxşı gün-güzəranın təmin olunmasında dövlət qayğısı başlıca amilə çevrilib. Davamlı xarakter alan, hər addımda müşahidə edilən və bəhrələri görünən belə qayğı isə bölgə sakinlərinin ən qiymətli sərvət olan torpağa bağlılıqlarını daha da gücləndirib. Torpaq isə ona baş əyənə, qədrini bilənə, onu qoruyana heç vaxt borclu qalmır.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR