Dünən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələrə həsr edilmiş kollegiya iclası keçirilib.
İclasda 2015-ci il Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin icrasının təsdiqi və Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin 2016-cı ilin birinci yarımilində icrası barədə məsələlər müzakirə edilib. Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov bildirib ki, 2015-ci ildə makroiqtisadi sabitliyin qorunması bütün sahələrdə muxtar respublikanın yüksək templə inkişafına şərait yaradıb. Belə ki, 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə bütün mənbələr hesabına 69 milyon manat proqnoza qarşı 73 milyon 766 min 684 manat vəsait daxil olub. Bu da tapşırığın 106,9 faiz icra olunması deməkdir. 2015-ci ildə büdcə daxilolmalarının 85,6 faizi Vergilər Nazirliyi, 11,8 faizi Dövlət Gömrük Komitəsi tərəfindən, 2,6 faizi isə büdcə təşkilatlarının ödənişli xidmətləri vasitəsilə təmin edilib.
Qeyd olunub ki, 2015-ci ildə Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 366 milyon 700 min manat təyinata qarşı 366 milyon 602 min 965 manat və ya 99,9 faiz icra olunub.
Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin 2016-cı ilin birinci yarısındakı icrası barədə danışan nazir bildirib ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2016-cı ilin ilk altı ayında bütün mənbələr hesabına 31 milyon 532 min manat proqnoza qarşı 34 milyon 858 min 383 manat və ya 110,5 faiz icra olunmaqla, 3 milyon 326 min 383 manat artıq vəsait daxil olub. Büdcə daxilolmalarının 82,4 faizi və ya 28 milyon 712 min 133 manatı Vergilər Nazirliyi, 13,7 faizi və ya 4 milyon 788 min 293 manatı Dövlət Gömrük Komitəsi, 3,4 faizi və ya 1 milyon 185 min 581 manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxil olub, 172 min 376 manatı və ya 0,5 faizi isə digər daxilolmalar vasitəsilə təmin edilib.
Vurğulanıb ki, 2016-cı ilin 6 ayında muxtar respublikada fəaliyyət göstərən mənzil-kommunal strukturları tərəfindən 1 milyon 592 min 641 manat proqnoza qarşı 1 milyon 585 min 875 manat vəsait daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 501 min 794 manat, yaxud 46,3 faiz çoxdur.
Cari ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərclərinə toxunan nazir qeyd edib ki, bu dövrdə büdcə xərcləri 168 milyon 947 min 480 manat təyinata qarşı 168 milyon 620 min 215 manat və ya 99,8 faiz icra olunub. Bu dövrdə sosialyönümlü xərclərə büdcədən 96 milyon 664 min 728 manat vəsait yönəldilib ki, bu da büdcə xərclərinin 57,3 faizini təşkil edir. 2016-cı ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərclərinin 89,4 faizi və ya 150 milyon 794 min 988 manatı cari xərclər, 10,6 faizi və ya 17 milyon 825 min 227 manatı əsaslı xərclər olub.
Maliyyə naziri öz çıxışında maliyyə nəzarətinin daha da artırılması, muxtar respublikanın müəssisə və təşkilatlarında əmək intizamına, elektrik və qaz avadanlıqlarından istifadə qaydalarına nəzarət olunması məsələlərinə də toxunub.
Sonra hesabat ilində görülmüş işlər və qarşıda duran məsələlər barədə rayon (şəhər) maliyyə şöbələri müdirlərinin hesabatları dinlənilib.
Xəbərlər şöbəsi