25 Dekabr 2024, Çərşənbə

Avqustun 11-də Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuan Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. İkigünlük səfər çərçivəsində səfir muxtar respublikanın istehsal, təhsil, mədəniyyət və səhiyyə müəssisələri, gəzməli-görməli yerləri ilə tanış olub.

Çinli diplomat, ilk olaraq, ulu öndərin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Sonra Duzdağ Fizioterapiya Mərkəzinə gələn səfirə bu müalicə ocağının fəaliyyəti haqqında məlumat verilib.
Naxçıvan Dövlət və “Naxçıvan” universitetləri ilə tanışlıq zamanı hər iki ali təhsil müəssisəsinin strukturu, elektron təhsil şəbəkəsi və müasir texnologiyalardan istifadə, tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib. “Naxçıvan” Universitetində qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi dünyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı şirkətlərindən olan Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə uzun illərdir, uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlığın davamı olaraq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin dəstəyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən “Naxçıvan” Universitetində həyata keçirilən “Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram-layihə çərçivəsində Naxçıvandan olan 6 tələbə Çinin “Huawei” şirkətində 2016-cı il iyun ayının 10-27 tarixləri arasında təcrübə keçib. İnformasiya-kommunikasiya texnologiyalarının daha təkmil öyrənilməsi məqsədini daşıyan təcrübə kursu şirkətin ayrı-ayrı peşəkar mütəxəssisləri tərəfindən aparılıb və tələbələrə sertifikatlar təqdim olunub.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Distant Tədris Mərkəzində isə qonağa məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, Distant Tədris Mərkəzi yaradılıb və mərkəz 2014-cü il ok­tyabrın 1-də istifadəyə verilib. Burada audio və elektron kitabxana, həmçinin brayl əlifbası ilə çap olunmuş dərslik, ədəbiyyat və jurnallar mövcuddur. Mərkəzin istifadəyə verilməsi muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üçün əsaslı zəmin yaradıb.
Avqustun 12-də Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuan Naxçıvan Biznes Mərkəzində olub, burada yerli məhsulların nümayiş etdirildiyi sərgiyə baxıb. Məlumat verilib ki, 2004-cü ildə əl işləri və sənət əsərlərinin sərgi və satışı, sahibkarların tədris-informasiya məkanı kimi yaradılan mərkəz 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirib. Mərkəzin əsas missiyası sahibkarlara xidmət, biznesin inkişafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili, biznes planların hazırlanmasında metodoloji dəstək göstərilməsidir.
Diqqətə çatdırılıb ki, hazırda burada muxtar respublikada 100-ə yaxın istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən məhsullar nümayiş olunur. Sərgidə Naxçıvanın yerli məhsulları olan kərpicdən mebel dəstinə, kiçik plastik hissələrdən dam örtüyünə, mineral sulardan ərzaq məhsullarına, Naxçıvan duzundan konservləşdirilmiş qovurmaya qədər xeyli çeşiddə müxtəlif məhsullar nümayiş etdirilir. Muxtar respublikada iri özəl sektor təmsilçiləri olan “Gəmiqaya Holdinq”, “Dizayn Holdinq”, “Cahan Holdinq” Şirkətlər ittifaqları, “Zümrüd” Kiçik Müəssisəsi, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada öz yerini tutub.
Çinli diplomat sonra “Naxçıvan Avtomobil Zavodu”, “Gəmiqaya Sement Zavodu”, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli cəmiyyətlərinin və Naxçıvan Sənaye Kompleksinin istehsalat sahələri ilə tanış olub.
Həmin gün qonaq Batabat yaylağında olub, Naxçıvan şəhərində yerləşən Naxçıvan Dövlət Xalça Muzeyini və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət edib. Naxçıvanın təbiəti və qədim tarixi abidələri səfirdə xoş təəssürat yaradıb.
Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanın Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR