25 Dekabr 2024, Çərşənbə

Avqustun 6-da 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə əlavə seçkilər keçirilib. Seçki prosesini müşahidə etməyə getməzdən öncə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasında seçkiyə qədər görülən işlər barədə məlumat aldıq.

Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 iyun 2016-cı il tarixli Sərəncamı ilə 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə əlavə seçkilər təyin edildikdən sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunmuş “45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə əlavə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən həm dairə, həm də məntəqə seçki komissiyalarının bütün fəaliyyəti “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa və həmin plana uyğun təşkil edilib.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq seçicilərin orta təmsilçilik norması nəzərə alınmaqla, 45 saylı Aza seçki dairəsi təşkil olunub və qanunamüvafiq olaraq seçki gününə 55 gün qalanadək dairə seçki komissiyasının tərkibi püşkatma yolu ilə müəyyən edilib.
Dairə seçki komissiyası fəaliyyətə başladıqdan sonra qanunun 32-ci və 33-cü maddələrinə müvafiq olaraq əhatələrinə daxil olan ərazilərdə seçicilərin sayını və onların rahat səsvermələrinin təmin olunmasını nəzərə alaraq seçki gününə 35 gün qalanadək 14 seçki məntəqəsi, 30 gün qalanadək isə hər biri 5 nəfərdən ibarət olmaqla, məntəqə seçki komissiyalarının tərkiblərinin formalaşdırılması başa çatdırılıb.
Mərkəzi Seçki Komissiyası tərəfindən dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə seminar-müşavirələr keçirilib, onlara hüquqi, metodik, texniki-təşkilati köməklik göstərilib, seçici siyahıları, seçki bülletenləri və digər lazım olan sənədlərin vaxtında hazırlanıb müvafiq seçki komissiyalarına çatdırılması təmin edilib.
Seçki prosesində ilkin mərhələ kimi qeyd olunan seçici siyahılarının dəqiqləşdirilməsi prosesi 45 saylı Aza seçki dairəsi və onu əhatə edən 14 mülki və 2 qapalı seçki məntəqəsi üzrə müvəffəqiyyətlə aparılaraq başa çatdırılıb və seçici siyahısı təsdiq edilib. Siyahıya əsasən 45 saylı Aza seçki dairəsi üzrə seçicilərin sayı 6049 nəfər olub.
45 saylı Aza seçki dairəsindən Ali Məclisə seçkilər üzrə namizədliklərin irəli sürülməsi kampaniyası da uğurla həyata keçirilib. Bu proses zamanı vətəndaşlar tərəfindən nə dairə seçki komissiyasına, nə də Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmayıb, bu seçki hərəkətləri nöqsansız yerinə yetirilib.
45 saylı Aza seçki dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə namizədliyini irəli sürmək istəyən 3 nəfər seçki komissiyasına tələb olunan sənədləri təqdim edərək imza vərəqələri götürüb, onların hər üçü qanunla müəyyən olunmuş müddətdə imza vərəqələrini və onlara əlavə olunan digər sənədləri dairə seçki komissiyasına təqdim edərək namizədlikləri qeydə alınıb.
Onlardan partiya mənsubiyyətinə görə 1 nəfəri bitərəf, 2 nəfəri isə Yeni Azərbaycan Partiyasının üzvüdür.
Sonra bir neçə məntəqədə olduq, məntəqə seçki komissiyası üzvləri, seçicilərlə görüşdük. Görülən tədbirlərin seçkilərin azad və demokratik şəraitdə keçirilməsində, seçicilərin öz iradələrini müstəqil şəkildə ifadə etməsində mühüm əhəmiyyət daşıdığını müşahidə etdik.
Nəsirvaz kəndində yerləşən 45-10 saylı məntəqə seçki komissiyasının sədri Hikmət Xəlilov dedi:
– Məntəqəmiz təşkil olunduğu gündən etibarən seçkilərə hazırlıq işlərinə başlanılıb və seçki günü seçicilərin sərbəst, birbaşa və şəxsi səsvermə yolu ilə öz seçimlərini etmələri üçün hər bir şərait yaradılıb. Gördüyünüz kimi, məntəqəmiz müasir standartlara cavab verən Nəsirvaz kənd tam orta məktəbinin yeni tikilmiş binasında yerləşir, eyni zamanda daşınan və daşınmaz seçki qutuları, səsvermə kabinələri və hər cür seçki material və avadanlıqları ilə təchiz olunub. Məntəqənin həyətində yerləşən xüsusi lövhədə seçicilərin öz adlarını müəyyənləşdirəcəkləri seçici siyahısı asılıb ki, hər bir seçici öncə bu siyahıda öz adını tapır, daha sonra məntəqəyə daxil olur. Girişdə komissiya üzvü seçicini qarşılayır və şəxsiyyət vəsiqəsini yoxlayır. Şəxsiyyət vəsiqəsi və ya qanunla müəyyən olunmuş qaydada onu əvəz edən sənədi təqdim etməyən seçici məntəqəyə buraxılmır. Şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənədi təqdim edən seçici məntəqəyə daxil olur və komissiya üzvlərinin oturduğu yerə yönləndirilir. Seçki komissiyasının müvafiq üzvü seçicinin adını seçici siyahısında tapdıqdan sonra adının önündəki müvafiq qrafaya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini yazır və seçici imza yerini imzaladıqdan sonra komissiya üzvü tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə bülletenin nömrələnmiş yuxarı sol küncü kəsilir və həmin möhürlənmiş bülleten seçiciyə verilir. Bundan sonra seçici səsvermə kabinəsinə yönəlir və burada istədiyi namizədə səs verdikdən sonra kabinədən çıxır. Bu mərhələdə seçici bülleteni şəffaf seçki qutusuna atır və məntəqəni dərhal tərk edir.
Əgər seçici öz adını seçicilər siyahısında tapmasa, bu zaman seçicinin səsvermə hüququnu yoxlayan məntəqə seçki komissiyasının üzvü həmin seçiciyə izah edir ki, adının siyahıya salınması üçün məntəqə seçki komissiyasının sədrinə, yəni mənə müraciət etsin. Seçicinin adının əlavə seçici siyahısına salınıb-salınmaması məsələsi yalnız məntəqə seçki komissiyasının qərarı əsasında həyata keçirilir. Seçicinin adının əlavə seçici siyahısına salınması üçün seçki məntəqəsinin ərazisində müvafiq polis orqanları tərəfindən verilmiş daimi və ya müvəqqəti qeydiyyatda olmasını təsdiqləyən sənəd olmalıdır.
Seçkilərin şəffaf və demokratik prinsiplər çərçivəsində keçirilməsi üçün vaxtında aparılan maarifləndirici tədbirlər öz bəhrəsini verib. Seçkilər zamanı hər bir səsin həll­edici olduğunun fərqində olan seçicilərimiz bu seçkidə də yüksək fəallıq göstərirlər. Komissiya üzvlərimiz də vəzifə bölgüsünə əsasən, öz vəzifələrini yerinə yetirməklə seçicilərin rahat və maneəsiz bir şəkildə seçkidə iştiraklarını təmin edirlər.
Tivi kəndində yerləşən 45-8 saylı məntəqə seçki komissiyasının katibi Rza Adıgözəlov bizimlə söhbət zamanı bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 45 saylı Aza seçki dairəsi üzrə əlavə seçkilərin keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilib. Seçki məntəqəsində yüksək fəallıq müşahidə olunur. Məntəqəmizin müasir üslubda tikilmiş binada yerləşməsi, seçki prosesi ilə bağlı hər cür inventar və avadanlıqlarla təchiz olunmağımız və təkmilləşdirilmiş seçki sistemi komissiya üzvlərinin öz fəaliyyətini nöqsansız şəkildə həyata keçirməsinə şərait yaradır. Seçkilərin müvəffəqiyyətlə keçirilməsi və seçicilərin öz iradələrinin sərbəst və müstəqil şəkildə ifadə edə bilmələri üçün komissiya üzvləri arasında vəzifə bölgüsü aparılıb. Girişdə seçiciləri qarşılayan, seçici siyahısında qeydiyyat aparan, seçki kabinəsi və seçki qutusuna nəzarət edən komissiya üzvlərimiz, komissiya sədri və mən seçicilərin rahat və sərbəst şəkildə seçkidə iştiraklarını təmin etmək üçün vəzifəmizi yüksək səviyyədə həyata keçirməyə çalışırıq.
Sabirkənd və Baş Dizə kəndlərini əhatə edən 45-3 saylı seçki məntəqəsində ilk dəfə səs verən Nihad Mehdiyev dedi:
– Seçkilərdə ilk dəfə iştirak etdiyimə görə çox həyəcanlıyam. Demokratik bir ölkənin vətəndaşı olaraq seçki hüququmdan sərbəst bir şəkildə istifadə etdim. Şəxsi seçimimi etmək mənə həm məsuliyyət, həm də qürur hissini bir yerdə yaşadır. Demokratiyanın güzgüsü olan seçki prosesində iştirak etmək hər bir şəxs üçün əlamətdar bir hadisədir. Bu baxımdan 6 avqust 2016-cı il tarixi mənim həyatımda əhəmiyyətli bir gün olaraq öz yerini tutacaqdır.
Aza kənd tam orta məktəbində yerləşən 45-2 saylı seçki məntəqəsində ilk dəfə səs verən seçici Vüsalə Qardaşova ailəsi ilə birlikdə seçkiyə gəlmişdi. Onun dediklərindən:
– Bu gün seçkidə ailə üzvlərimlə birlikdə iştirak etdim. Hər birimiz öz layiqli namizədimizə səs verdik. Məntəqədə tam bir bayram əhval-ruhiyyəsi var. Mən tam əminliklə deyə bilərəm ki, hər kəs bizim kimi istədiyi namizədə səs verir. Məntəqədə bizi gülərüzlə qarşılayan komissiya üzvlərinə və öz seçimimizi kənar təsir olmadan sərbəst şəkildə etməyimiz üçün hər cür şəraitin yaradılmasında əməyi olan hər bir şəxsə minnətdarlığımızı bildirirəm. Bu prosesdə öz işlərini peşəkarlıqla həyata keçirən komissiya üzvləri seçkinin obyektivliyinə olan inamımızı daim artırır.
Gilançay kəndində yerləşən 45-4 saylı seçki məntəqəsinin ən yaşlı seçicisi Əli Fərəcov seçkinin gedişi ilə bağlı öz fikirlərini bizimlə belə bölüşdü:
– Bu günə qədər çox seçkilərdə iştirak etmişəm. Onu deyə bilərəm ki, ölkəmizdə demokratik seçki sisteminin qurulması bu seçkiləri müstəqillikdən əvvəlki seçkilərdən müsbət mənada çox fərqləndirir. Ən mühümü odur ki, həm komissiya üzvləri seçki sistemini gözəl bilirlər, həm də seçicilər artıq sərbəst şəkildə səsvermənin və hər bir səsin əhəmiyyətinin fərqindədirlər. Buna görə də mənim ailə üzvlərim kimi bizim kəndin seçiciləri də bu seçkidə fəal şəkildə iştirak edirlər.
Səsvermə günü getdiyimiz bütün seçki məntəqələrində komissiya üzvlərinin peşəkarlığı, seçki nizam-intizamı və seçici fəallığı ilə rastlaşdıq.
Sesvermə prosesinin sonunda Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası ilə əlaqə yaratdıq. Səsvermə prosesinin sonu, yəni saat 1900-a olan məlumata əsasən, 45 saylı Aza seçki dairəsi üzrə 6049 seçicidən 4828-i seçkidə iştirak edib. Bu, səsvermə prosesində seçicilərin fəallığının göstəricisidir.
Verilən məlumata əsasən, 45 saylı Aza seçki dairəsini əhatə edən 16 seçki məntəqəsinin hamısında seçki baş tutmuş hesab edilib.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR