25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində 2016-cı ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, hesabat dövründə muxtar respublikada yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə 1239 obyektdə əsaslı, 1177 obyektdə nəzəri, 423 obyektdə isə məqsədli yanğın-texniki müayinələr aparılıb, 55 min 525 şəxsi yaşayış evində, 328 binanın 7441 mənzilində yoxlamalar keçirilərək 151 ədəd qeyri-standart elektrik qızdırıcıları və nasaz elektrik sahəsi qadağan edilib, 216 ədəd şlanqla çəkilmiş qaz xəttinin və qeyri-standart qaz sobalarının istismarı dayandırılıb, 245 obyektin yanğından icbari sığortalanması təmin olunub. Təhsil, səhiyyə, mədəniyyət müəssisələrində və təhlükə potensiallı obyektlərdə maarifləndirici tədbirlər keçirilib, 21 min 45 ədəd tövsiyə xarakterli yaddaş kitabçaları paylanılıb.

Taxıl biçini dövründə kombaynların yanğına qarşı sazlığı yoxlanılıb, biçin aparılan sahələrdə gündəlik növbətçilik təşkil edilərək taxılın təhlükəsiz yığılması təmin olunub.
Ötən dövrdə 33 obyektin işçi layihə sənədləri ekspertizadan keçirilib, idarənin mühəndis-geoloji, sement və beton laboratoriyasında, ümumilikdə, 278 sayda müxtəlif növdə nümunələrin sınaqları aparılıb, 1 obyektə bina və qurğularda tikinti-quraşdırma işlərinin aparılmasına dair lisenziya verilib.
Hesabat dövründə 3 obyektdə mülki müdafiə sahəsində konfrans, yanğın-partlayış təhlükəli 3 müəssisədə taktiki-xüsusi təlim keçirilib, mülki müdafiə kursunda 12 tədris qrupunda 361 nəfər rəhbər, komandir-rəis heyətinin hazırlığı təmin edilib. 13 nazirlikdə, 42 təhsil, mədəniyyət, səhiyyə müəssisəsində, 13 təsərrüfat obyektində 2013 nəfərin iştirakı ilə maarifləndirici tədbir, 47 obyektdə isə 1433 nəfərin iştirakı ilə qrup məşğələsi keçirilib.
Hesabat dövründə şəhər və rayonlarda ictimai yaşayış binalarındakı zirzəmilərin yoxlanıldığını, 165 ədəd inzibati və yaşayış binasının zirzəmisinin pasportlaşdırıldığını bildirən Şamı Abdullayev deyib ki, Ordubad şəhərində 1 yaşayış binasının zirzəmisi əsaslı təmir edilərək rayonun mülki müdafiə səfərbərlik ehtiyatları həmin binanın zirzəmisinə yığılıb, Culfa şəhərində bu istiqamətdə işlər intensiv aparılır.
Vurğulanıb ki, hesabat dövründə 5 yeni təhlükə potensiallı obyekt, 174 avadanlıq və qurğu dövlət reyestrində qeydiyyata alınıb, 6 texnoloji nəqliyyat vasitəsinə dövlət nömrə nişanı və qeydiyyat şəhadətnaməsi verilib, 144 ədəd təhlükə potensiallı qurğu və avadanlıq sertifikatlaşdırılıb, 15 ədəd liftin və 2 ədəd eskalatorun istismarına icazə verilib. 8 müəssisədə maşın və mexanizmlər, avadanlıq və qurğular texniki təhlükəsizlik üzrə ekspertizadan keçirilib.
Nazir qeyd edib ki, hesabat dövründə muxtar respublikada əməliyyat şəraiti nəzarətdə saxlanılıb, baş vermiş fövqəladə halların, digər xoşagəlməz hadisələrin qarşısı alınıb və nəticələri vaxtında aradan qaldırılıb.
Şamı Abdullayev görülən işlərlə yanaşı, buraxılan nöqsanlardan, eləcə də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələrdən də danışıb.
Kollegiya iclasında Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi Vüqar Kazımovun, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Ehtiram Məmməd­ovun, Mülki Müdafiə Alayının qərargah rəisi, polkovnik-leytenant Şahin Abdullayevin çıxışları olub.
Kollegiya iclasına fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev yekun vurub.

*  *  *

İyulun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin iclası keçirilib, iclasda 2016-cı ilin birinci yarısında muxtar respublika məhkəmələrinin fəaliyyətinin yekunları müzakirə olunub.
İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov 2016-cı ilin birinci yarısında muxtar respublikada ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyəti ilə bağlı məruzə edib.
Muxtar respublika məhkəmələri tərəfindən vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verən Ali Məhkəmənin sədri bildirib ki, əvvəlki illərdə olduğu kimi, cari ilin birinci yarısında da Naxçıvan Muxtar Rеspublikasında hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq olunması ilə bağlı bir sıra işlər həyata keçirilib.
Ramiz Süleymanov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan 15 iyul 2011-ci il tarixli “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində görülən işlər barədə məlumat verib, məhkəmənin elektron kitabxana bazasının qanunvericilik aktları və yeni hüquq ədəbiyyatları ilə zənginləşdirilməsindən bəhs edib, həyata keçirilən tədbirlərin insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldiyini bildirib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi hüquqi mааrifləndirmə sаhəsində də bir sırа işlər görüb, ötən illərdə olduğu kimi, cari ilin müvafiq dövründə də hаkimlərin pеşə bаcаrıqlаrının аrtırılmаsı, hakimlər tərəfindən ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi ilə bağlı olaraq Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, onların hüquqi biliklərinin daha da möhkəmləndirilməsi istiqamətində, eləcə də milli qаnunvеriciliyə еdilən əlаvələr və dəyişikliklər barədə müntəzəm olaraq muxtar respublikada yaşayan əhali аrаsındа hüquqi təbliğat və izahat işləri аpаrılması sahəsində bir sıra tədbirlər həyаtа kеçirib.
Sonra muxtar respublikanın ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələrinin sədr və hakimlərinin cari ilin birinci yarısında gördükləri işlərə dair məlumatları dinlənilib.
İclasa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov yekun vuraraq bildirib ki, Nахçıvаn Muхtаr Rеspublikаsının Аli Məhkəməsi öz fəaliyyətini bundаn sоnrа dа qаnunvеriciliyin tələbləri səviyyəsində təşkil edərək ədаlət mühаkiməsini оbyеktiv, tam və qərəzsiz şəkildə həyаtа kеçirəcək, vətəndaşların hüquqi mааrifləndirilməsi işinin daha da gücləndirilməsi və əhаlinin hüquq xidmətlərinə оlаn tələbаtının ödənilməsi üçün səylərini davam etdirəcəkdir.

*  *  *

İyul ayının 28-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 2016-cı ilin birinci yarısında görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncaqda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova 2016-cı ilin birinci yarısında Müvəkkil təsisatının fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.
Qeyd olunub ki, cari ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili fəaliyyətini, əsasən, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, elmi-analitik fəaliyyətin, əhalinin müxtəlif sosial qruplarına ünvanlanan və insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi, dövlət və yerli özünüidarəetmə orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurub.
Bildirilib ki, cari ilin birinci yarısında insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılıb. Belə ki, Müvəkkilə ünvanlanmış hər bir müraciət araşdırılıb, aid qurumlara sorğular göndərilib və şifahi qəbul zamanı ərizəçilərə çoxsaylı hüquqi məsləhətlər verilib. Vətəndaşlar tərəfindən müxtəlif formada daxil olmuş müraciətlərə, həmçinin elektron müraciətlərə qanunla müəyyən edilən müddətlərdə baxılıb və daxil olan bütün müraciətlər araşdırılıb.
Vurğulanıb ki, Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən biri insan hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmə işinin təşkil edilməsidir. Cari ilin birinci yarısında Müvəkkil təsisatı tərəfindən, ümumilikdə, müxtəlif sosial qruplara ünvanlanmış 52 tədbir keçirilib. Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Naxçıvan Muxtar Respublikası Daxili İşlər, Ədliyyə, Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə aid 19 müəssisədə bəhs olunan dövrdə, ümumilikdə, cəmi 24 başçəkmə həyata keçirilib.
Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yenilənməsinin, qanunvericilik bazasının zənginləşdirilməsinin, Naxçıvan Muxtar Respublikasında insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlərin, o cümlədən Müvəkkilin və təsisatın fəaliyyətinin işıqlandırılmasının, elektron müraciət səhifəsinin fəaliyyətinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayan Ülkər Bayramova qarşıda duran vəzifələrdən də danışıb. Bildirib ki, bundan sonra da insan hüquqlarının müdafiəsinin səmərəli həyata keçirilməsi məqsədilə dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq nəticəsində əldə edilən müsbət təcrübə daha da inkişaf etdirilməli və mütəmadi olaraq təkmilləşdirilməlidir.
Sonra məruzə ətrafında çıxışlar olub.
Tədbirə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ülkər Bayramova yekun vurub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində də bu ilin ilk 6 ayında görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, kiçik miqrasiya xidməti müşaviri Şahin Nəbiyev açaraq görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə edib.
Məruzəçi bildirib ki, bu ilin ilk yarısında muxtar respublika ərazisində qanunsuz və qeydiyyatsız olan, qanunsuz yaşayan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 158 əcnəbi aşkarlanıb. Bu dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə olduğu yer üzrə qeydiyyatı ilə bağlı xidmətə, ümumilikdə, 4 min 537 müraciət daxil olub. Sərhəd-buraxılış məntəqələrində fəaliyyət göstərən miqrasiya bölmələri tərəfindən 1253 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. Hesabat dövründə xidmətə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə müvəqqəti yaşaması üçün icazənin verilməsi ilə bağlı, ümumilikdə, 232 müraciət edilib. Ölkəmizdə daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı isə xidmətə 5 müraciət daxil olub. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar xidmətə 325 müraciət edilib. Bəhs edilən dövrdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən dövlət büdcəsinə, ümumilikdə, 79 min 510 manat məbləğində pul vəsaiti köçürülüb.
Sonra məruzə ətrafında çıxışlar olub.
Müşavirəyə yekun vuran Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, kiçik miqrasiya xidməti müşaviri Şahin Nəbiyev işdə buraxılan nöqsanların qısa zamanda aradan qaldırılmasının vacibliyinə diqqəti çəkib.

*  *  *

Kəngərli Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov açaraq bildirib ki, muxtar respublikanın ümumi inkişafını ən gənc rayon olmasına baxmayaraq, bütün yaşayış məntəqələri abadlaşan Kəngərli rayonunun simasında daha qabarıq şəkildə görmək mümkündür. Əvvəlki dövrlərdə olduğu kimi, 2016-cı ilin birinci yarısında da rayonun inkişafında müsbət dinamika qorunub saxlanılıb və əldə olunan nəticələr bütün sahələri əhatə edib. İqtisadi inkişafın təmin edilməsində 2014-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı tədbirləri özündə əks etdirən üçüncü dövlət proqramının uğurlu icrası da mühüm rol oynayıb.
Bildirilib ki, aqrar sahədə həyata keçirilən tədbirlər öz bəhrəsini verib, 2016-cı ilin məhsulu üçün 6664 hektar sahədə əkin aparılıb. Strateji əhəmiyyətə malik taxılçılıq öz üstünlüyünü qoruyub saxlayıb. Cari ilin məhsulu üçün əkilmiş 3965 hektar sahədə taxıl biçini uğurla başa çatdırılıb. Biçilmiş sahələrdə orta məhsuldarlıq 29,2 sentner təşkil edib. Ümumilikdə, 13 milyon 338 min manata yaxın məhsul istehsal olunub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz çoxdur. Bundan əlavə, ekoloji tarazlığın qorunması məsələləri də diqqət mərkəzində saxlanılıb, 14,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 11 min 700 ağac və gül kolu əkilib.
Ötən 6 ayda həyata keçirilən tikinti-quruculuq və abadlıq tədbirlərindən də danışan icra başçısı bildirib ki, yaradılan müasir infra­struktur, istifadəyə verilən rahat yollar, sosial obyektlər yaşayış məntəqələrinin görkəmini dəyişməklə bərabər əhalinin rahatlığını təmin edib. Belə ki, rayon mərkəzində abadlıq işləri aparılıb, yol kənarlarında işıqlandırma sistemləri quraşdırılıb. Yurdçu kəndində kompleks quruculuq işləri aparılıb.
Hazırda Qıvraq qəsəbəsində 222 yerlik uşaq bağçası üçün binanın inşası davam etdirilməkdədir. Həmçinin Böyükdüz kəndində müharibə veteranı üçün tikilmiş yeni yaşayış mənzilinin yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulub.
Vurğulanıb ki, rayonun iqtisadi inkişafında özəl sektorun mühüm rolu vardır. Sahibkarlığa göstərilən dövlət qayğısının nəticəsidir ki, cari ilin ötən dövrü ərzində fəaliyyətin bu növü ilə məşğul olmaq istəyən daha 2 hüquqi və 84 fiziki şəxs qeydiyyata alınıb. Sahibkarlığın inkişafı yeni istehsal və xidmət sahələrinin fəaliyyətə başlamasına, iş yerlərinin açılmasına, əhalinin maddi rifah halına təsir göstərir. Görülmüş işlər nəticəsində 2016-cı ilin ilk 6 ayı ərzində 108 nəfər işaxtaran vətəndaş qeydiyyata alınıb, 103 nəfər daimi işlə təmin edilib, 4 nəfər müxtəlif peşə təlim kurslarına göndərilib. İki dəfə təşkil olunan əmək yarmarkasında 50 işaxtaran vətəndaş daimi işlə təmin edilib.
Tədbirdə rayon Statistika İdarəsinin rəisi Tahir Məmmədovun və Maliyyə Şöbəsinin müdir əvəzi Əsgər Ağayevin çıxışları olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR