Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının növbəti şura iclasında cari ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
İclasda partiyanın rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov çıxış edərək bu ilin ötən dövründə görülən işlər barədə danışıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Yeni Azərbaycan Partiyası günümüzün aparıcı siyasi qüvvəsidir. Hesabat dövründə rayon partiya təşkilatı tərəfindən gənclərin davamlı inkişafına hədəflənən çoxsaylı maarifləndirici görüşlər, sosial və humanitar layihələr həyata keçirilib. Ərazi ilk partiya təşkilatları ilə iş aparılıb.
Culfa rayonunun sürətli inkişafından, bu rayonda aparılan quruculuq və abadlıq işlərinin əhəmiyyətindən danışan natiq rayonda gənclərin, qadınların ictimai-siyasi işlərdə fəallığının artırılması istiqamətində məqsədyönlü işlərin görüldüyünü bildirib, partiya üzvlərinin müxtəlif sahələrdə qazandığı nailiyyətlərdən söz açıb.
Vurğulanıb ki, rayon təşkilatının tərkibində fəaliyyət göstərən 86 ərazi ilk təşkilatında partiya üzvləri tərəfindən bu ilin altı ayı ərzində nizam-intizama xüsusi diqqət yetirilib, partiya sıralarına yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər vətəndaşlar qəbul ediliblər. Ərazi ilk təşkilatlarında ideoloji işin təşkilinə diqqət də xeyli artırılıb. Hazırda rayon təşkilatının tərkibində 5 min 410 nəfər partiya üzvü var ki, onlardan 2541 nəfəri qadın, 1820 nəfəri isə gəncdir. Cari ildə partiya sıralarına 40 nəfər qəbul olunub. Onlardan 19 nəfərini qadınlar, 33 nəfərini isə gənclər təşkil edib. Bu ilin birinci yarısında partiyanın ərazi ilk təşkilatlarının sıralarına yeni üzvlərin qəbuluna diqqət artırılıb.
Sonra çıxışlar olub.
Sonda idarə heyətinin iclası olub, bir qrup gənc partiya sıralarına qəbul edilib.
Səbuhi Hüseynov