56 illik ömür yolunun 34-nü hərbi və döyüş fəaliyyətinə həsr edən Hüseyn xan II Kalbalı xan oğlu Naxçıvanski 28 iyul 1863-cü ildə Naxçıvan şəhərində doğulmuşdur. Onun atası general-mayor II Kalbalı xan məşhur sərkərdə general-mayor Ehsan xan Naxçıvanskinin oğludur. Hüseyn xan çoxuşaqlı ailədə doğulmuşdu. Arxiv sənədlərinin köməyilə onun qardaşı və bacılarının ardıcıl siyahısını tərtib etmək mümkündür. General-mayor II Kalbalı xan Naxçıvanskinin (1824-1883) övladları bunlardır: Zeynab bəyim, Bədirnisə bəyim, II Ehsan xan, Cəfərqulu xan, Rəhim xan, Şahcahan bəyim, Hüseyn xan, Çimnaz xanım və Zərrintac bəyim.
Rusiya Dövlət Hərbi Tarix Arxivinin 3642-ci fondunda saxlanılan sənəddə generalın 8 övladı olduğu yazılmışdır. Amma son illərin hərtərəfli araşdırmaları nəticəsində məlum oldu ki, onun Çimnaz xanım adlı qızı da olmuşdur. Çimnaz xanım general İsmayıl xanın oğlu Bəhman xanın həyat yoldaşı idi. Deməli, general-mayor Kalbalı xanın 9 övladı (4 oğul, 5 qız) olmuşdur.
Hüseyn xanın anası Xurşid xanım İrəvanda yaşayan, Bayat tayfasından olan mayor Əhməd xan Süleyman xan oğlu Makinskinin qızıdır.
Hüseyn xan Xan Sarayında doğulmuş və 1873-cü ilədək burada yaşamışdır. O, ilk təhsilini Naxçıvan şəhərində almışdır. 1873-cü ildə atası onu Peterburqa, Paj korpusunda oxumağa göndərmişdir. Həmin ilin 9 dekabr tarixində Hüseyn xan Rusiya çarının sarayındakı Paj korpusunda qeydə alınmışdır. 7 fevral 1877-ci ildə Paj korpusunun inter-pajı, 10 yanvar 1883-cü ildə isə korpusun kamer-pajı olmuşdur.
Saray məktəbini – Paj korpusunu əla qiymətlərlə bitirən Hüseyn xan saray qvardiyasının (leyb qvardiya) süvari polkuna kornet (kiçik zabit) təyin olunur. Onun ilk hərbi təyinatı 12 avqust 1883-cü ilə təsadüf edir. Qeyd edək ki, sarayın süvari polkunda onun adı əmrlərdə Xan Hüseyn Naxçıvanski kimi yazılmışdır.
Araşdırmalar göstərir ki, Rusiya çarına Hüseyn xanın ulu əcdadlarının nəhəng hərbi ənənələri və qəhrəmanlıqları haqqında ətraflı məlumatlar vermişlər. Doğrudan da, Naxçıvanın Kəngərli hərb tarixinin dərindən öyrənilməsinə ciddi ehtiyac duyulur...
Hüseyn xan hərbi fəaliyyətə başlayanda 4 aydan çox olardı ki, atasını itirmişdi. Rusiya ordusunun ən məşhur generallarından biri olan atası general-mayor II Kalbalı xan Naxçıvanda vəfat etmişdi. Böyük qardaşları Hüseyn xana hərbi fəaliyyətini davam etdirməyi məsləhət görürlər.
Peterburqdakı süvari polkunda xidməti ilə seçilən Hüseyn xana 30 avqust 1884-cü ildə podporuçik hərbi rütbəsi verilir. 17 mart 1885-ci ildən 15 may 1886-cı ilədək o, 43-cü Draqun Tver polkuna ezamiyyətə göndərilir. Onun böyük qardaşı Cəfərqulu xan bu polkda hərbi xidmətdə idi. Ezamiyyətdən qayıtdıqdan sonra, 30 avqust 1887-ci ildə poruçik rütbəsi alan Hüseyn xan hərb sənətinin incəliklərini daha da dərindən öyrənməyə başlayır. 8 noyabr 1890-cı ildə Hüseyn xan ilk dəfə olaraq ordenlə təltif edilir. Bu, İranın 4-cü dərəcəli “Şir və Günəş” ordeni idi. Maraq üçün deyək ki, o, 11 mart 1887-ci ildə polk məhkəməsinin iş icraçısı təyin edilir. Həmin il iyul ayının 26-dək Hüseyn xan bu vəzifədə işləmişdir. Bu zaman o, hərbi məhkəmə nizamnaməsini öyrənir.
1893-cü il iyulun 26-da Hüseyn xan polkun tədris komandasında müavin vəzifəsində fəaliyyətə başlayır. O, azsavadlı əsgərlərə hərbi silahdan istifadə qaydasını, yazmağı, oxumağı və xəritəşünaslığı həvəslə öyrədir. 19 avqust 1894-cü ildə bu vəzifədən azad olunur.
17 aprel 1894-cü ildə ştabs-rotmistr təyin olunur, 30 avqust 1894-cü ildə 3-cü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif edilir. Hərbi xidmətdə nizam-intizamı ilə seçilən Hüseyn xanı 8 iyun 1895-ci ildə “Rumıniya Ulduzu” ordeninin zabit xaçı ilə təltif edirlər.
26 fevral 1896-cı ildə imperator III Aleksandrın xatirəsi şərəfinə təsis edilmiş gümüş medalla təltif edilən Hüseyn xan 26 apreldən iyunun 1-dək çar II Nikolayın tacqoyma mərasiminin hazırlıq mərhələsində və mərasimdə iştirak edir. Bu münasibətlə o, 13 iyun 1896-cı ildə gümüş medalla təltif olunur. Bu ərəfədə Hüseyn xan 3-cü eskadron polkuna müvəqqəti komandir təyin edilir. O, 6 oktyabr 1896-cı ilədək bu polkun komandiri olmuşdur.
1897-ci ildə Rusiya imperiyasında ilk dəfə əhalinin siyahıya alınması keçirilir. Hüseyn xan da bu işə cəlb edilir. Bu çətin işdə göstərdiyi fəallığa görə Hüseyn xan 11 aprel 1897-ci ildə tünd bürünc medalla mükafatlandırılır. Xidmət etdiyi süvari polkun yüksək dərəcəli hərbçilərinin rəğbətini qazanan Hüseyn xanı yenidən polk məhkəməsinin üzvü seçirlər. O, 1896-cı ilin 13 iyunundan dekabrın 15-dək hərbi məhkəmədə işləyir. 26 iyun 1897-ci ildə Avstriyanın 3-cü dərəcəli “Dəmir Tac” ordeni Hüseyn xana təqdim olunur. Rusiya çarının xüsusi diqqətində olan 3-cü eskadron polkuna 1897-ci ilin 12 iyununda yenidən müvəqqəti komandir təyin edilir. 9 iyulda vəzifədən azad olunur. Bu polka müvəqqəti komandirlik edərkən Hüseyn xanın apardığı işlər bəyənilir, o, 1898-ci il mayın 6-da rotmistr rütbəsini alaraq həmin ayın 21-də 3-cü eskadron polkunun komandiri təyin edilir.
Məqamındaca qeyd edək ki, 3-cü eskadron polkunun işi çox çətin olduğundan Hüseyn xanı tez-tez vəzifədən-vəzifəyə keçirirlər. O, bu mürəkkəb işlərin öhdəsindən məharətlə gəlir və geriliyi aradan qaldırır. 1898-ci il 15 avqustdan 22 oktyabradək polk komandirinin təsərrüfat işləri üzrə müvəqqəti köməkçisi, 2 noyabr 1898-ci ildən 5 may 1899-cu ilədək, həmçinin 2 noyabr 1899-cu ildən 4 may 1900-cü ilədək polk məhkəməsinin üzvü olan Hüseyn xan 6 dekabr 1899-cu ildə 3-cü dərəcəli “Müqəddəs Anna” ordeni ilə təltif edilir.
1900-cü ildə İran şahı Müzəffərəddin Qacar Rusiyaya dostluq səfərinə gəlir. İran şahı Avropa səfərlərinə mütəmadi olaraq Peterburqdan yollanırdı. Onun səfəri sentyabrın 25-dən noyabrın 6-dək davam edir. Saray qvardiyasının süvari polkunun rotmistri Hüseyn xana İran şahını müşayiət etmək tapşırılır. İran şahı Hüseyn xanın mühafizə işini bəyənir. Hüseyn xan 17 fevral 1901-ci ildə “Şir və Günəş” ordeninin 2-ci dərəcəsinin kavaleri olur.
1902-ci il 13 apreldən mayın 4-dək, həmçinin həmin il sentyabrın 1-dən oktyabrın 1-dək İran şahı yenidən Rusiyaya səfər edir. Bu vaxt yenidən Hüseyn xanı mühafizə üçün dəvət edirlər.
6 dekabr 1902-ci ildə Hüseyn xan 2-ci dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə mükafatlandırılır. O, 2 aprel 1903-cü ildə üçüncü eskadron polkunu təhvil verir. Aprel ayının 6-da polkovnik hərbi rütbəsini alan Hüseyn xan yenə də polkda ona tapşırılan müxtəlif vəzifələri ləyaqətlə yerinə yetirir. 12 aprel 1903-cü ildə polk komandirinin köməkçisi vəzifəsində işləyir.
1 yanvar 1904-cü ildə polk komandirinin təsərrüfat işləri üzrə köməkçisi təyin edilmiş, yanvarın 15-də bu vəzifəyə təsdiqlənmişdir. Martın 1-də isə vəzifədən azad olunmuşdur. 1904-cü il fevralın 23-də İranın almazlarla bəzədilmiş ikinci dərəcəli “Şir və Günəş”, Bolqarıstanın üçüncü dərəcəli “Hərbi xidmətlərinə görə” və dördüncü dərəcəli “Müqəddəs Aleksandr” ordenləri ilə təltif edilən Hüseyn xan Naxçıvanski həmin il martın 1-də Qafqaz Hərbi Dairəsinin sərəncamına göndərilir. Mart ayının 24-də Petrovsk şəhərinə (indiki Mahaçqala) gəlir. O, burada könüllü müsəlman döyüşçülərdən ibarət İkinci Dağıstan polkunu formalaşdırmağa başlayır. Mart ayının 25-də Hüseyn xan Naxçıvanski bu polkun komandiri təyin olunur. Artıq aprel ayında məşhur İkinci Dağıstan polkunu formalaşdırıb qurtaran Hüseyn xan Naxçıvanski 1904-1905-ci illərdə rus-yapon müharibəsində bu polkla iştirak edir. Knyaz Qriqol Orbeliani yaralanandan sonra bütün Qafqaz Süvari Briqadasına komandirlik vəzifəsi Hüseyn xana həvalə olunur. Qeyd etmək lazımdır ki, bu süvari briqadasına həm də Tersk-Kuban süvari polku daxil idi.
Yapon işğalçılarına qarşı Lyaoyan ətrafında 1904-cü ilin 13-22 avqustunda aparılan uğurlu döyüşlərə görə Hüseyn xan 3 noyabr 1904-cü ildə ikinci dərəcəli “Müqəddəs Anna” ordeni (qılınclarla birlikdə), sonra aparılan uğurlu hərbi əməliyyatlara görə 8 fevral 1905-ci ildə dördüncü dərəcəli “Müqəddəs Vladimir” ordeni (qılınclarla və bantla birlikdə), 3 mart 1905-ci ildə üzərində “İgidliyə görə” yazılmış qızıl silahla, həmin ilin iyul-avqust döyüşlərində göstərdiyi rəşadətə görə 7 sentyabr 1905-ci ildə ikinci dərəcəli “Müqəddəs Stanislav” (qılınclarla birlikdə) ordeni ilə təltif edilmişdir.
Rus-yapon müharibəsində Landunqou kəndinin yaxınlığında Hüseyn xan göstərdiyi rəşadətə görə Rusiya ordusunun ən ali hərbi ordeninə – dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeninə layiq görülmüşdür.
Hüseyn xan Naxçıvanskinin Yaponiya müharibəsində göstərdiyi qəhrəmanlıqlar V.A.Pottonun tərtib etdiyi “Əlahəzrətin Nijeqorod Draqun polkunun tarixindən” çoxcildliyində böyük məhəbbətlə vəsf edilmişdir: “Polk komandiri Komstadiusun yerinə 24 noyabr 1905-ci ildə polkovnik Hüseyn xan Naxçıvanski təyin edilib. O, bizim tariximizdə məşhur olan Ehsan xan Naxçıvanskinin varisidir…”
Müharibə qurtarandan sonra Hüseyn xan 14 fevral 1906-cı ildə 44-cü Nijeqorod Draqun polkunun komandiri vəzifəsinə təyin olunur.
1906-cı il martın 21-dən aprelin 29-dək Peterburqda ezamiyyətdə olan Hüseyn xan Qafqaz Süvari Briqadasının nümayəndə heyətini imperatora təqdim etmək üçün hazırlıq görür.
V.A.Potto davam edərək yazır: “Əlahəzrət imperatorun icazəsi ilə Peterburqa gələn nümayəndə heyətindəkilər: polkun komandiri Xan Naxçıvanski, podpolkovnik Qlonti, rotmistrlər Kobiev və Kusov, polk komandirinin yavəri ştabs-rotmistr knyaz Trubeçkoy, poruçik Den və knyaz Çavçavadze. Nümayəndə heyətinin qəbulu 5 aprel 1906-cı ildə Çarskoye Seloda oldu…
Hökmdar Nijeqorod polkunun geyimində həyat yoldaşı ilə birlikdə heyətin qarşısına çıxdı. Onun qucağında balaca varisi var idi. Polk komandiri şahzadə üçün hazırlanmış miniatür nijeqorodçu mundiri (hərbi paltarı – müəllif) balaca varisə gətirdi. Mundir bayramsayağı bəzədilmişdi. Süngü isə balaca idi – şahzadəyə gətirilən digər süngü isə Xan Naxçıvanskiyə məxsus əsl döyüş süngüsü idi. Əla, qədim tiyəsi vardı. Hökmdar ehtiramla gətirilənləri qəbul etdi, nijeqorodçulara xanımı və varisi adından təşəkkür etdi və polkun komandirinə dedi: “Bugünkü gündən xatirə olaraq sizi mən fligel-adyutant təyin edirəm”. O, komandiri qucaqladı və üzündən öpdü…”
8 aprel 1906-cı ildə Hüseyn xan Naxçıvanski fligel-adyutant təyin edilməklə bərabər, həm də 44-cü Nijeqorod Draqun polkunun komandiri vəzifəsini daşımaqla hərbi fəaliyyətini davam etdirmişdir.
4 iyul 1906-cı ildə Hüseyn xan Naxçıvanski saray qvardiyasının süvari polkuna komandir təyin olunmuşdur.
20 iyul 1907-ci ildə Hüseyn xana general-mayor hərbi rütbəsi verilir. 6 dekabr 1910-cu ildə birinci dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif edilən Hüseyn xan Peterburq hərbi dairəsinin sərəncamına göndərilir. Burada müxtəlif hərbi təlimlərdə olan Xan Naxçıvanski 18 aprel 1912-ci ildə Əlahiddə Birinci Süvari Briqadasının rəisi təyin olunur. Onun bu illərdə çəkdiyi zəhmət yenə öz bəhrəsini verir. 6 dekabr 1913-cü ildə onu birinci dərəcəli “Müqəddəs Anna” ordeni ilə təltif edirlər. Hüseyn xan Naxçıvanskiyə hərbi xidmətdə fərqləndiyindən 16 yanvar 1914-cü ildə general-leytenant rütbəsi verilir. O, İkinci Süvari Diviziyasına rəis təyin edilir və bu diviziya ilə Birinci Dünya müharibəsində döyüşə yollanır. 13 oktyabr 1914-cü ildə Hüseyn xan Naxçıvanskiyə İkinci Süvari Korpusunun komandiri vəzifəsi tapşırılır. Bu korpusun tərkibinə 12-ci Süvari Diviziyası da daxil edilmişdi. 12-ci diviziyaya əvvəlcə general A.M.Kaledin, sonralar general, baron Karl Qustav Mannerheym komandirlik edirdi. Qafqaz Yerli Süvari Diviziyası da general-mayor, böyük knyaz Mixail Aleksandroviçin komandirliyi ilə bu korpusun tərkibində uğurla döyüşürdü.
22 oktyabr 1914-cü ildə çarın fərmanı ilə Hüseyn xan Naxçıvanskiyə üçüncü dərəcəli “Müqəddəs Georgi” ordeni verilir. Şərqi Prussiyada apardığı uğurlu hərbi əməliyyata görə Hüseyn xan ikinci dəfə bu yüksək ali hərbi ordenin kavaleri olur.
1 may 1915-ci ildə Hüseyn xan “Ağ Qartal” ordeni ilə (qılınclarla birlikdə) təltif edilir. Bu ordeni alan kavaler ən azı general-mayor olmalı idi.
Həmin ilin 1 iyununda Hüseyn xan Naxçıvanski Əlahəzrətin yavəri təyin edilir. Oktyabrın 25-də Qafqaz canişini və Qafqaz ordusunun baş komandanı, böyük knyaz Nikolay Nikolayeviçin sərəncamına göndərilir. Rusiya ordusunu Sarıqamış və Ərzurum döyüş əməliyyatlarında məğlubiyyətdən Hüseyn xan Naxçıvanski xilas edir.
23 yanvar 1916-cı ildə Hüseyn xan Naxçıvanskiyə tam süvari generalı rütbəsi verilir və o, 9 aprel 1916-cı ildə Qvardiya Süvari Korpusunun komandiri təyin olunur.
1917-ci ildə Hüseyn xan Naxçıvanski əvvəlcə Kiyev qərargahında, həmin ilin 23 iyunundan isə Petroqrad (indiki Sankt-Peterburq) hərbi dairəsində ehtiyatda olan hərbçi kimi qeydə alınır.
Bir məsələni də qeyd etmək yerinə düşərdi. 1917-ci ildən sonra Naxçıvanın Kəngərli sülaləsindən Rusiya ordusunda olan hərbçilər Hüseyn xan Naxçıvanskinin tapşırığı ilə Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın müdafiəsinə gəlmiş və qəhrəmanlıqla erməni daşnaklarına qarşı döyüşüb onları məğlub etmişlər. Özünün isə Naxçıvana gəlməsinə imkan verməmişlər. Onu Petroqradda həbs etmişlər.
1919-cu ilin yanvarında Hüseyn xan Petroqradda qırmızı bolşeviklər tərəfindən güllələnmişdir.
Hüseyn xan Naxçıvanski 1889-cu ildə Sofiya Nikolayevna Taube ilə ailə qurmuşdur. Onun arvadı Sofiya Nikolayevna (1864 Peterburq – 1941 Beyrut) məşhur şair, tərcüməçi və naşir Nikolay Vasilyeviç Herbelin qızıdır. Sofiya Taube mühacirətdə dünyasını dəyişmişdir. Onların izdivacından iki oğlu və bir qızı dünyaya gəlmişdir: Nikolay xan (1891 Peterburq –1912 Peterburq), Tatyana xanım (30.06.1894 Peterburq – 3.05.1972 Nitsa, Fransa), Georgi xan (29.12.1889 Peterburq – 8.05.1948 Beyrut, Livan). Onların varisləri indi də Naxçıvanski soyadını daşıyırlar.
20 il süvari polkunda xidmət etmiş və bütün döyüşlərdə döyüşən ordunun ön sıralarında olan Hüseyn xan Naxçıvanskinin qəhrəmanlığı haqqında hələ çar Rusiyasında onlarla əsərlər yazılmışdır. Təəssüflər olsun ki, sovet hakimiyyəti illərində ancaq bəzi kitablarda və ensiklopedik nəşrlərdə onun haqqında ötəri məlumat verilmişdir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qəhrəman eloğlumuz Hüseyn xanın həyatı və hərbi fəaliyyəti geniş tədqiqata cəlb edilmişdir. Hərbi tədqiqatçılar Ş.Nəzirlinin, F.Nağdəliyevin və digərlərinin yazdıqları əsərlərdə böyük sərkərdənin döyüş hünərlərindən ətraflı söhbət açılsa da, onun haqqında mükəmməl əsər, Hüseyn xan Naxçıvanski haqqında hekayə Rusiya qafqazşünası və tarixçisi Rudolf İvanov tərəfindən yazılmışdır. R.N.İvanovun yazdığı 368 səhifəlik kitab Azərbaycan dilinə tərcümə olunub. (“Əlahəzrətin general-adyutantı”, Naxçıvan: 2008).
2013-cü il iyulun 28-də görkəmli sərkərdə Hüseyn xan Naxçıvanskinin anadan olmasının 150 illiyi tamam olmuşdur. Hüseyn xanın yubiley tədbirləri bütün rayonlarda, hərbi hissələrdə və Naxçıvan şəhərində təntənəli surətdə qeyd edilmişdir. Təpədən-dırnağa qədər vətənpərvər, cəsur, sədaqətli döyüşçü olan sərkərdəmizin bütün yüzilliklərdə nəsillərə nümunə olacaq həyatı və fəaliyyəti vardır.
Rusiyanın hərbi tarixşünaslığı ilə tanış olan hər kəs bilir ki, ali mükafatlar ən yaxşı xidmətə və cəsurluğa görə verilir. Cəsur döyüşçü son nəfəsinədək içdiyi hərbi anda sadiq qalıb. Döyüş cəbhələrində göstərdiyi çoxsaylı qəhrəmanlıqları ilə öyündüyümüz tam süvari generalı Hüseyn xan Kalbalı xan oğlu Naxçıvanski Rusiya imperiyasının ali hərbi ordenləri ilə yanaşı, Rumıniyanın, Bolqarıstanın, İranın, Avstriyanın, Macarıstanın və Çernoqoriyanın da yüksək dərəcəli ordenlərinin sahibidir, hərbi dillə desək, kavaleridir. Özünün xüsusi hərbi istedadı, yüksək əxlaqı, səmimiliyi, xeyirxahlığı, dəmir iradəsi və tələbkarlığı ilə seçilən Hüseyn xan Naxçıvanski Rusiya ordusunda və imperator sarayında yüksək nüfuz sahibi olmuş yeganə Azərbaycan türküdür.
Hüseyn xan Naxçıvanski ulu əcdadları kimi içdiyi hərbi anda sadiq qaldı. Onun hərbi fəaliyyəti və Vətənə sonsuz məhəbbəti gəncliyə daim nümunə olacaqdır.
Musa QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru