Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən kollegiya iclasını ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov açıb.
Bildirilib ki, 2016-cı ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası ərazisində mövcud ekoloji vəziyyətin (ekoloji tarazlığın) qorunması, ətraf mühitin mühafizəsi, əlverişli ekoloji mühitin yaradılması məqsədilə dövlət ekoloji siyasəti uğurla davam etdirilib. Naxçıvan Muxtar Respublikasının təbii iqlimi və relyef xüsusiyyətləri nəzərə alınaraq, xüsusilə muxtar respublikamızda aqrar sənaye potensialının inkişafı, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması ekoloji tarazlığın qorunması sahəsində ən mühüm ekoloji amil kimi meşələrin qorunması, yaşıllıqların artırılması tədbirlərinin həyata keçirilməsini zəruri edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahənin inkişafı məqsədilə təsdiq etdiyi dövlət proqramlarına və digər normativ-hüquqi aktlara uyğun olaraq, birinci yarımildə də bu sahədə müvafiq tədbirlər həyata keçirilib. Belə ki, yaz əkini mövsümündə muxtar respublika ərazisində – şəhər, qəsəbə və kəndlərdə, sututarların, su kanallarının ətrafında, magistral yolların kənarlarında, ümumilikdə, 246,2 hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib, yeni meyvə bağları salınıb. Yaşıllaşdırma tədbirlərində 216 min 360 ədəd meşə və meyvə tingi, həmişəyaşıl ağaclar, bəzək kolları əkilib.
Nazirlik tərəfindən yaz əkini mövsümündə 73,5 hektar sahədə ting və toxumla bərpa işləri görülüb. Həyata keçirilən meşəsalma, meşəbərpa tədbirlərində və yeni meyvə bağlarının salınmasında, ümumilikdə, 85 min 600 ədəd olmaqla, 19 min ədəd meşə, 48 min ədəd meyvə, 18 min 600 ədəd həmişəyaşıl tinglər, bəzək və gül kolları əkilib. Qeyd olunub ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, meyvəçiliyin inkişaf etdirilməsi məqsədilə Naxçıvan şəhərində 6,5 hektar, Babək rayonunda 4,5 hektar, Ordubad rayonunda 11,5 hektar, Kəngərli rayonunda 8,8 hektar, Şərur rayonunda 13,5 hektar, Culfa rayonunda 10,2 hektar, Şahbuz rayonunda 4,7 hektar, Sədərək rayonunda isə 2,4 hektar ərazidə yeni meyvə bağları salınıb, ümumilikdə, 42 min 400 ədəd meyvə tingi əkilib.
Təbii sərvətlərdən istifadəyə, çirkləndirici maddələrin ətraf mühitə atılması və axıdılmasına görə ekoloji ödənişlərin təyin edilməsi və icrasına nəzarətin həyata keçirilməsinin diqqətdə saxlanıldığını deyən nazir qeyd edib ki, muxtar respublika ərazisində fəaliyyət göstərən 34 müəssisəyə 63 min 365 manat məbləğində ekoloji ödəniş haqqı tətbiq edilib, 65 faizinin icrası həyata keçirilib. Vurğulanıb ki, ekologiya sahəsində Azərbaycan Respublikasının mövcud qanunlarına, bu sahədə qəbul edilmiş müvafiq normativ-hüquqi aktlara uyğun olaraq muxtar respublika ərazisində ətraf mühitin mühafizəsi, ekoloji qanunazidd halların qarşısının alınması məqsədilə aidiyyəti orqanlarla birlikdə 61 yoxlama-reydlər keçirilib, 4 qanunazidd hal aşkar edilərək qanunamüvafiq tədbirlər görülüb.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda keçirilən kollegiya iclasında fondun sədri Əli Quliyev məruzə ilə çıxış edib.
Qeyd edilib ki, 2016-cı ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun hesabına 26 milyon 264 min manat plana qarşı, 31 milyon 864 min 390 manat vəsait daxil olub. Daxil olan vəsait nəzərdə tutulan məbləğdən 5 milyon 600 min 390 manat, yaxud 21,3 faiz, 2015-ci ilin müvafiq dövründə yığılan vəsaitdən isə 1 milyon 409 min 650 manat, yaxud 4,6 faiz çoxdur.
Hesabat dövründə məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənilməsi prosesi davam etdirilib. İndi məcburi dövlət sosial sığortahaqqı ödəyiciləri istənilən yerdə internetə daxil olaraq məcburi dövlət sosial sığorta haqlarını plastik kartlar vasitəsilə və ya banklarda nağd qaydada onlayn ödəyə bilirlər. 2016-cı ilin iyun ayında 2111 sığortaedən tərəfindən 79 min 721 manat məcburi dövlət sosial sığortahaqqı “onlayn ödəmə” sistemi vasitəsilə ödənilib. 2014-cü ilin noyabr ayından etibarən kənd yerlərində fəaliyyət göstərən, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan və torpaq mülkiyyətçisi olan sığortaedənlərin məcburi dövlət sosial sığorta haqlarının kəndlərdə poçt şöbələri vasitəsilə ödənilməsi də təşkil edilib. 2016-cı ilin iyun ayında 4348 nəfər sığortaedən tərəfindən 47 min 329 manat məbləğində məcburi dövlət sosial sığortahaqqı poçt şöbələri vasitəsilə ödənilib.
Qeyd edilib ki, muxtar respublikada sahibkarlıq fəaliyyətinin genişlənməsinin, davamlı sosial-iqtisadi yüksəlişin, yeni istehsal, emal, ticarət, xidmət obyektlərinin yaradılmasının, aparılan tikinti-quruculuq işlərinin və yeni açılan iş yerlərinin nəticəsidir ki, əmək pensiyaları və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 51,1 faizi sığortaedənlərdən məcburi dövlət sosial sığortahaqqı şəklində yığılıb.
Hazırda muxtar respublika üzrə ödəniş aparılan pensiyaçıların 100 faiz plastik kartlarla təmin edildiyini diqqətə çatdıran Əli Quliyev bildirib ki, hesabat dövründə daha 3323 sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilib. Beləliklə, fərdi uçot sistemində qeydə alınaraq sosial sığorta şəhadətnaməsi alan sığortaolunanların sayı 162 min 974 nəfərə çatıb.
Vurğulanıb ki, “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Elektron Hökumət Portalına və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet səhifəsinə inteqrə edilmiş 20 elektron xidmətdən 15-i istifadəyə verilib.
Avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidlə bağlı xüsusi proqram təminatı vasitəsilə 2006-2015-ci illər üzrə sığortaolunanlar haqqında məlumatlar, həmçinin sığortaolunanların 2006-cı il 1 yanvar tarixədək bütün əmək fəaliyyəti dövrləri onlar üçün fondda açılmış fərdi şəxsi hesablara işlənilib və 2014-cü ilin noyabr ayından etibarən avtomatlaşdırılmış qaydada əmək pensiyalarının təyinatına başlanılıb. 2016-cı ilin birinci yarısında 68 nəfərə bu sistem vasitəsilə yaşa görə əmək pensiyası təyin edilib.
Sonra Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər, Culfa və Ordubad Rayon şöbələrinin müdirləri Səfər Əhmədov, Vüsal Məmmədzadə və Bayram Yusifov görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı çıxışlar ediblər.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Əli Quliyev yekun vurub.
* * *
Cari ilin birinci yarısında Babək rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov açıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində muxtar respublika iqtisadiyyatı yüksək sürətlə inkişaf edib, iqtisadi inkişafa nail olunub. Həyata keçirilən tədbirlərdən Babək rayonuna da xeyli pay düşüb. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar 2016-cı ilin birinci yarısında Babək rayonunda bir sıra işlər görülüb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında” 20 may 2016-cı il tarixli Sərəncamına əsasən, 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulmasının ikinci mərhələsi davam etdirilir. Bununla yanaşı, Cəhri-Buzqov avtomobil yolundan Gərməçataq kəndinədək 6 kilometr uzunluğunda avtomobil yoluna qum-çınqıl qatı verilərək torpaq işləri başa çatdırılıb, selötürücülər tikilib, suötürücü borular salınıb. Hazırda yeni körpünün tikintisi davam etdirilir. Yarımca kəndində isə kənd mərkəzinin, həkim ambulatoriyasının, xidmət mərkəzinin tikintisi, kənd tam orta məktəbinin isə əsaslı şəkildə yenidən qurulması başa çatdırılıb, Xəlilli kəndində kənd mərkəzi, tam orta məktəb binası və xidmət mərkəzi üçün yeni binalar tikilib. Hazırda Məzrə kəndində məktəb binasının, kənd və xidmət mərkəzlərinin inşası, Hacıvar kəndində kənd və xidmət mərkəzlərinin, Badaşqan kəndində isə xidmət mərkəzinin tikintisi davam etdirilir.
Qeyd olunub ki, Babək rayonu aqrar rayon olduğundan burada kənd təsərrüfatının inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılır. Rayonda 2016-cı ilin məhsulu üçün 9167 hektar sahədə taxıl əkini aparılıb və taxıl biçini başa çatdırılıb. Eyni zamanda cari ilin əkini üçün 16172 hektar sahədə əkin aparılıb. 2016-cı ilin birinci yarısında “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə güzəştli şərtlərlə dövlət tərəfindən sahibkarlara 28 ədəd texnika və texnoloji avadanlıqlar lizinq yolu ilə satılıb.
Rayonda həyata keçirilən ekoloji tədbirlərdən də bəhs edən icra başçısı bildirib ki, cari ilin birinci yarısında ekoloji tarazlığın qorunması məqsədilə keçirilən iməciliklərdə yeni meyvə bağları salınıb, yol kənarlarında, qəsəbə və kəndlərdə yaşıllaşdırma işləri aparılıb, ümumilikdə, 4,5 hektar ərazidə meşəsalma, 4 hektar sahədə meşəbərpa tədbirləri həyata keçirilib.
İcra başçısı qeyd edib ki, 2016-cı ilin birinci yarısı Babək rayonunda aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi ilə də yadda qalıb. Belə ki, bəhs edilən dövrdə rayon Məşğulluq Mərkəzi tərəfindən 222 nəfər vətəndaş qeydiyyata alınıb, bunlardan 190 nəfəri işlə təmin olunub. 51 nəfər işaxtaran vətəndaş müxtəlif peşə kurslarına göndərilib. Ümumilikdə, cari ilin ilk 6 ayında rayonda 259 yeni iş yeri açılıb ki, bunun da 191-i daimi iş yeridir.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Bu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 34858,4 min manat və ya 110,5 faiz icra olunub. Büdcə daxilolmalarının 82,4 faizi və ya 28712,1 min manatı muxtar respublika Vergilər Nazirliyi tərəfindən, 13,7 faizi və ya 4788,3 min manatı isə Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilib. Bundan başqa, büdcəyə daxilolmaların 3,4 faizi və ya 1185,6 min manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 172,4 min manatı və ya 0,5 faizi isə digər daxilolmalar vasitəsilə təmin olunub.
Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində keçirilən 2016-cı ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasda bu göstəriciləri idarənin rəisi Fazil İbrahimov tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İdarə rəisi yarımillik nəticələrlə bağlı məruzəsində onu da qeyd edib ki, büdcə gəlirlərinin 52,6 faizi, yaxud 18316,7 min manatı əlavə dəyər vergisindən, 23,7 faizi, yaxud 8271,1 min manatı fiziki şəxslərdən gəlir vergisindən, 8 faizi, yaxud 2794,0 min manatı dövlət rüsumundan, 4,1 faizi, yaxud 1412,7 min manatı sadələşdirilmiş vergidən əldə edilib. Bundan başqa, gəlirlərin 1,8 faizi, 608,9 min manatı aksiz vergisindən, 1,7 faizi, 582,3 min manatı əmlak vergisindən, 1,6 faizi, 567,0 min manatı idxal rüsumundan daxil olub. Gəlirlərin 1,3 faizi, 446,4 min manatı hüquqi şəxslərdən mənfəət vergisindən, 0,9 faizi, 335,9 min manatı vergi olmayan digər daxilolmalardan, 0,6 faizi, 218,9 min manatı yol, 0,2 faizi, yaxud 81,0 min manatı mədən, 0,1 faizi, yaxud 38,0 min manatı hüquqi şəxslərin torpaq vergisindən daxil olub.
Dövlət büdcəsinin xərcləri göstəricilərinə də məruzəsində yer verən Fazil İbrahimov qeyd edib ki, bu ilin birinci yarısında xərclər 168620,2 min manat və ya 99,8 faiz icra olunub. Büdcə vəsaitinin 23,5 faizi, 39692,3 min manatı təhsilə, 13,4 faizi, 22638,8 min manatı məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılmasına, 11,5 faizi, 19452,5 min manatı sənaye, tikinti və faydalı qazıntılar xərclərinə yönəldilib. Bundan başqa, büdcə vəsaitinin 9 faizi, 15216,2 min manatı əsas bölmələrə aid edilməyən xidmətlərə, 8,7 faizi, 14587,5 min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə, 7,2 faizi, 12129,7 min manatı qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılmasına, 7,2 faizi, 12043,6 min manatı səhiyyə xərclərinə, 4,8 faizi 8100,3 min manatı mənzil və kommunal təsərrüfatı xərclərinə ayrılıb. Vəsaitin 4,5 faizi, yaxud 7638,6 min manatı sosial müdafiə və sosial təminat, 3,9 faizi, yaxud 6592,4 min manatı nəqliyyat və rabitə, 2,7 faizi, yaxud 4598,2 min manatı mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət, 1,7 faizi, 2817,2 min manatı müdafiə, 1,0 faizi, yaxud 1660,5 min manatı iqtisadi fəaliyyət, 0,9 faizi, 1452,5 min manatı elm xərclərinin maliyyələşdirilməsinə yönəldilib.
Məruzədə bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin 2016-cı ilin birinci yarısında təsdiq olunmuş iş planına uyğun olaraq muxtar respublikanın dövlət büdcəsinin xərclərinə maliyyə-büdcə nəzarəti tədbirləri çərçivəsində idarə tərəfindən 4 müəssisə, idarə və təşkilatlar üzrə təhlil işləri və 4 müəssisə, idarə və təşkilatlarda audit yoxlamaları aparılıb. İdarə tərəfindən 4 təşkilat üzrə aparılan analitik təhlillə maliyyə hesabatlarının düzgün doldurulmadığı müəyyən edilib. İdarə tərəfindən aparılan audit tədbirləri ilə 2 təşkilatda tarif səhvi nəticəsində 11 nəfərə 2651,10 manat artıq əməkhaqqının ödənildiyi müəyyən edilib. Görülmüş tədbirlər nəticəsində həmin vəsait büdcəyə bərpa olunub.
Sonra məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi