Cari ilin birinci yarısında “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilib. 2016-cı ilin məhsulu üçün muxtar respublikada 61 min 526 hektar sahədə əkin aparılıb. Bu da 2015-ci ilin məhsulu üçün əkilmiş sahədən 112 hektar çoxdur. 2016-cı ilin 6 ayında kənd təsərrüfatının ümumi məhsulu 117 milyon 545 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz çoxdur. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 57 ədədi 2016-cı ilin yanvar-iyun aylarında olmaqla, cəmi 1742 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq muxtar respublikaya gətirilib.
Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyində keçirilən kollegiya iclasında nazir Elşad Əliyev səsləndirib. Bildirilib ki, hesabat dövründə 72 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 11 ədədi isə nağd yolla satılıb. Ümumilikdə, muxtar respublika üzrə 2843 ədəd texnika mövcuddur ki, onlardan 185 ədədi və ya 6,5 faizi “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində, qalanları isə özəl qurum və ya sahibkarlardadır.
“Ötən dövr ərzində kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə aparmaq məqsədilə muxtar respublikaya dərman preparatlarının gətirilməsi diqqətdə saxlanılıb, pulsuz olaraq yerli icra hakimiyyəti və bələdiyyələr vasitəsilə sahibkarlara çatdırılıb. Payız əkinlərində müşahidə edilən gəmiricilərə qarşı mübarizə məqsədilə müraciət edən vətəndaşlara dərman preparatları verilib”, – deyən Elşad Əliyev kollegiya iştirakçılarının diqqətinə çatdırıb ki, muxtar respublikada taxıl sahələrində alaq otlarının yayılması və inkişafı çox olan sahələrdə herbisidlərlə mübarizə işi aparılması məqsədilə müşahidələr aparılaraq sahibkarlara məsləhətlər verilib və alaq otlarına qarşı 11000 hektardan artıq sahədə kimyəvi mübarizə işləri təşkil edilib.
Vurğulanıb ki, torpaqların münbitliyini artırmaq məqsədilə 2016-cı ilin əvvəlində “Araz” Elm İstehsalat Birliyinin aid şöbəsi tərəfindən rayonlar üzrə gübrə tələbatı müəyyən edilib. Əkilib-becərilən bitkilərdən yüksək və keyfiyyətli məhsul götürülməsi, payızlıq və yazlıq əkinlərin üzvi və mineral gübrələrlə aqrotexniki qaydalara uyğun gübrələnməsi haqqında fermer və torpaq mülkiyyətçilərinə televiziya və mətbuat vasitəsilə ətraflı məlumatlar verilib.
Toxumçuluq kənd təsərrüfatının vacib sahələrindən biridir. Hazırda muxtar respublikada 5 toxumçuluq və 1 tingçilik təsərrüfatı fəaliyyət göstərir. Ötən il həmin təsərrüfatlarda istehsal edilmiş buğda toxumları üçün onlara 150 min manat subsidiya ödənilib. Toxumçuluq təsərrüfatlarında 1000 tondan artıq toxum təmizlənib və bu işlər davam etdirilir.
Elşad Əliyev bildirib ki, cari ilin may ayında 3854 nəfər buğda istehsalçısına becərdikləri 26792 hektar buğda sahəsi üçün 1 milyon 72 min manat, yazlıq əkinlər üçün isə iyul ayında 1877 nəfər sahibkara 26926 hektar sahə üçün 1 milyon 346 min manat dəyərində yardımlar verilib.
2016-cı ilin 6 ayında, ümumilikdə, kənd təsərrüfatı üçün banklar və bank olmayan kredit təşkilatları tərəfindən 7 milyon 234 min manat kredit verilib. Bunun da 392 min manatı və ya 5,4 faizi bitkiçilik sahəsinə, 13 min manatı və ya 0,2 faizi bağçılıq sahəsinə, 6 milyon 96 min manatı və ya 84,3 faizi heyvandarlıq sahəsinə, 258 min manatı və ya 3,5 faizi arıçılıq sahəsinə, 475 min manatı və ya 6,6 faizi quşçuluq sahəsinə ayrılmış kreditlərdir.
Vurğulanıb ki, ötən dövr ərzində muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılıb və 2016-cı ilin məhsulu üçün 31579 hektar sahədə taxıl əkilib. Artıq taxıl biçini başa çatıb. Sahələrdən bol məhsul götürülüb.
Məruzə ətrafında nazirliyin şöbə müdiri Ədalət Hüseynovun, Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin direktoru Bəhruz Bayramovun çıxışları olub.
Xəbərlər şöbəsi