İyulun 26-da Culfa Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə tədbir keçirilib. Yığıncağı Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev açaraq rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov bildirib ki, sığorta fəaliyyəti inkişaf edən cəmiyyətin mühüm tələbatlarından biridir. Muxtar respublikamızın da müasir sosial-iqtisadi inkişaf mərhələsində sığorta bir çox sahələrdə öz əhəmiyyətini göstərir. Sığorta indi hər yerdə – evdə, işdə, yolda rast gəlinə bilən müxtəlif gözlənilməz hadisələrin vurduğu zərərlərə qarşı maddi təminat verməklə insanların əmlak və iqtisadi mənafelərini qoruyur.
Qeyd olunub ki, insanların sağlamlığına, əmlakına və mülki məsuliyyətinə verilən sığorta təminatı ümumi rifaha xidmət edir.
Tədbirdə Culfa rayonunda sığorta sahəsində görülmüş işlər təhlil olunub. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə daxil olmuş sığorta tədiyələrinin həcmində artım müşahidə olunub. Lakin bununla yanaşı, hələ də rayonda icbari qaydada sığorta olunmalı olan vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta olunmayan hüquqi və fiziki şəxslər qalmaqdadır. Vurğulanıb ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən, icbari qaydada sığortanın şamil olunduğu bütün obyektlərin sığortası təmin olunmalıdır.
Baş direktor könüllü sığortaların əhəmiyyətindən də danışıb. Diqqətə çatdırılıb ki, mühüm könüllü sığorta növlərindən biri olan kənd təsərrüfatı sığortasının zəruriliyi bu il martın 29-da “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə əlaqədar keçirilən səyyari müşavirədə xüsusilə vurğulanıb. Bu müşavirədə muxtar respublikada əkin sahələrinin, meyvə bağlarının, lizinqə verilən kənd təsərrüfatı texnikalarının sığortalanmasının təmin olunması tapşırığı verilib. Ona görə də Culfadakı fermer və torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı texnikaları sahibləri ilə aparılan maarifləndirmə işləri genişləndirilməlidir.
Çıxışda ev əmlakının sığortası, fərdi qəza hadisələrindən sığorta, avtomobillərin tam sığortası haqqında da məlumat verilib, bu sığorta növlərinin hər bir vətəndaş üçün əhəmiyyətindən danışılıb. Adıçəkilən sığorta növləri üzrə Culfa rayonunda vəziyyət təhlil olunub və bu sığorta növləri üzrə iş aparılmasının vacibliyi diqqətə çatdırılıb.
Xəbərlər şöbəsi