Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində 2016-cı ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə dair keçirilən iclası idarənin sədri Səbuhi Məmmədov açaraq məruzə edib.
Qeyd olunub ki, 2016-cı ilin ilk 6 ayı ərzində bank və kredit təşkilatları tərəfindən 20 milyon 411 min manat kredit verilib. Bu vəsaitlərin 6 milyon 805 min manatı qısamüddətli, 13 milyon 606 min manatı isə uzunmüddətli kreditlərdir. Ötən müddət ərzində aqrar sahənin inkişafı digər sahələr kimi, diqqət mərkəzində saxlanılıb və bu istiqamətdə verilmiş kreditlər portfelin 35 faizini təşkil edib. Bu isə, öz növbəsində, ənənəvi istehsal və kiçik emal sahələrinin yaradılmasında stimul olub, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli bazar hesabına ödənilməsində mühüm rol oynayıb.
Vurğulanıb ki, banklar tərəfindən 2016-cı ilin ilk 6 ayı ərzində 2 min 85 hüquqi, 55 min 689 fiziki şəxs olmaqla, 57 min 774 müştəriyə xidmət göstərilib. Xidmət olunan hesabların 51 min 436-sı işlək hesab olub ki, onların da 1381-i hüquqi, 50 min 55-i fiziki şəxsdir. Təkcə 2016-cı ilin birinci yarısında 32 hüquqi, 9 min 622 fiziki şəxs olmaqla, 9 min 654 müştəriyə yeni bank hesabı açılıb. Açılmış bank hesablarının 9 min 654-ü işlək hesablardır ki, onların 32-si hüquqi, 9622-si isə fiziki şəxslərə məxsusdur.
Səbuhi Məmmədov bildirib ki, cari ilin birinci yarısında Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatının ödənilməsi məqsədilə 209 milyon 212 min manat nağd pul dövriyyəyə buraxılıb. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 857 min manat azalıb və ya 97,3 faiz olub. Bu isə onu göstərir ki, muxtar respublikada fəaliyyət göstərən bankların kassasına daxil olan nağd pulun həcmi artıb, xidmət olunan müəssisə və təşkilatların nağd pula olan tələbatı azalıb. Qeyd olunub ki, bu müddət ərzində nağdsız ödənişlərin iqtisadi artıma təsirinin stimullaşdırılması məqsədilə ödəniş avadanlıqları real sektorun bütün sahələrinə mütənasib şəkildə paylanılıb və ehtiyac olan sahələrdə də quraşdırılması işləri davam etdirilib. Əsas ödəniş alətlərindən sayılan POS-terminalların sayı 1 yanvar 2016-cı il tarixə 500-ü Naxçıvan şəhəri, 544-ü isə kənd və rayon mərkəzlərində olmaqla, 1044 ədəd təşkil edirdisə, ilin ilk altı ayı ərzində bu göstəricidə 11 faiz artım olub, 41-i Naxçıvan şəhəri, 71-i isə rayon və kənd mərkəzlərində olmaqla, 112 ədəd yeni avadanlıq quraşdırılıb. Bununla birlikdə nağdsız hesablaşmalar zamanı əhaliyə yüksək səviyyəli xidmətin göstərilməsi və gecikmələrin qarşısının alınması məqsədilə Visa Paywave qəbuletmə funksiyasına malik 7 ədəd POS-terminal da Naxçıvan şəhərində əhalinin daha çox müraciət etdiyi iri ticarət obyektlərində yerləşdirilib. Digər ödəniş vasitələrindən sayılan bankomatların sayında bu müddət ərzində 1 ədəd artım olub və 1 iyul 2016-cı il tarixə 56-sı Naxçıvan şəhəri, 43-ü kənd və rayon mərkəzlərində olmaqla, 99 ədəd təşkil edib.
Vurğulanıb ki, regionda fəaliyyət göstərən banklar tərəfindən elektron ödəniş vasitələrinin daha geniş əhali kütləsinə çatdırılması məqsədilə müxtəlif dövrlərdə şəxsi kartların alınmasına və POS-terminal xidmət haqlarına güzəştlər tətbiq edilib. Bu da, öz növbəsində, muxtar respublikada ödəniş kartlarının artmasına və elektron ödəniş şəbəkəsinin daha da genişləndirilməsinə öz müsbət təsirini göstərir. 2016-cı ilin ilk altı ayında nağdsız ödəniş dövriyyəsi 14 milyon 305 min manat təşkil edib ki, bu göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıqdır.
Sonra Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi Tural Şirəlizadənin, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Azər Məmmədovun, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin rəisi Oqtay Qurbanovun çıxışları olub.
İclasa Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov yekun vurub.
* * *
2016-cı ilin birinci yarısında muxtar respublika ərazisində yerləşən və 303,52 milyon kubmetr su tutumuna malik olan sututarlara 278 milyon kubmetr su ehtiyatı toplanıb. Boru və suvarma xətlərinin çəkilməsi, nasos stansiyalarının quraşdırılması, mövcud stansiyaların təmiri əkin sahələrinin suvarılmasında olan çətinlikləri aradan qaldırıb. Suvarılan ərazilərin şoranlaşmasına yol verməmək üçün, birinci növbədə, şoranlaşmanı törədən səbəblərə qarşı tədbirlər hazırlanıb. Əkin sahələrində şoranlaşma və bataqlaşmanın qarşısını almaq üçün açıq və qapalı drenajlarda, kollektorlarda, kanal və arxlarda mütəmadi olaraq lildən təmizlənmə və təmir işləri aparılıb. Belə ki, 88,4 kilometr magistral kanal, 297,4 kilometr ara arxları, 18,2 kilometr kollektor, 4,7 kilometr açıq drenaj kanalı lildən təmizlənərək işlək vəziyyətə gətirilib.
Bütün bunlar barədə Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollegiya iclasında ətraflı söhbət açılıb.
Komitə sədri Əsgər Əsgərov bildirib ki, Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərini əhatə edən 107 hektar sahədə tikilən qapalı suvarma şəbəkəsində müxtəlif diametrli borularla 4060 metr qapalı boru xətti çəkilib, 28 ədəd siyirtmə, 27 ədəd hidrant quraşdırılıb. İşlər davam edir.
Muxtar respublika kəndlərinin içməli su təminatını yaxşılaşdırmaq üçün bir sıra işlər görülüb. Yeraltı su mənbəyi olan kəhriz kaptajlarının təmir-bərpası və yenilərinin tikintisi işləri davam etdirilib.
Vurğulanıb ki, suvarma və içməli su təminatında qədim hidrotexniki qurğu olan kəhrizlərdən də geniş istifadə edilir, onların təmir-bərpası daim diqqət mərkəzində saxlanılır. Bu gün muxtar respublikanın şəhər və rayonlarında 332 kəhrizdən istifadə edilir. Kəhrizlər İdarəsi tərəfindən 8 ədəd kəhrizdə təmir-bərpa işləri başa çatdırılıb, 5 ədəd kəhrizdə təmir-bərpa işləri davam edir. Bildirilib ki, komitənin balansında olan, muxtar respublikada ikinci suvarma mənbəyi kimi istifadə edilən 102 nasos stansiyasının 100 ədədi və 887 ədəd subartezian quyusunun 820 ədədi istismar olunmaqdadır. 359 ədəd subartezian quyusunda təmir işləri həyata keçirilib. Bunlardan 311 ədəd subartezian quyusu əsaslı təmir olunub, 47 ədəd subartezian quyusuna yeni nasos quraşdırılıb, 1 ədəd subartezian quyusu bərpa edilərək balansa götürülüb. Uzun müddət işləməyən 3 ədəd subartezian quyusu bərpa edilib, 2 ədəd yeni subartezian quyusu qazılıb.
Diqqətə çatdırılıb ki, tikintisinə 1 aprel 2013-cü ildə başlanmış “Naxçıvan Muxtar Respublikasında Selə qarşı Tədbirlər, Suvarılan Ərazilərin Modernləşdirilməsi və Genişləndirilməsi” layihəsi çərçivəsində Sədərək, Şərur, Kəngərli, Culfa, Ordubad rayonları ərazilərində seldən müdafiə məqsədilə Araz çayı boyunca daşdan sahilbərkitmə işləri aparılıb. Sədərək rayonu ərazisində 6,8 kilometr, Şərur rayonu ərazisində 14,3 kilometr, Kəngərli rayonu ərazisində 400 metr, Culfa rayonu ərazisində 4,8 kilometr, Ordubad rayonu ərazisində 5,070 kilometr olmaqla, ümumilikdə, 31,5 kilometr sahilbərkitmə bəndi tikilib. Bu günə qədər Araz çayı boyunca, ümumilikdə, 54,1 kilometr sahilbərkitmə işləri aparılıb. “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğuda gözətçi binasından başqa, bütün binalarda tikinti işləri başa çatdırılıb. Hovuzların dam örtüyü vurulur. Binalarda qurğular quraşdırılır. Təzyiqli boru xəttinin 938 metr hissəsi çəkilib.
Qeyd olunub ki, muxtar respublikada şoranlaşmış və eroziyaya uğramış torpaqların mütəmadi monitorinqi aparılmalı, şoranlaşmış torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması təmin edilməlidir. Əkilmiş sahələrdən bol məhsul götürülməsində suvarmanın düzgün təşkili mühüm əhəmiyyətə malikdir. Su ehtiyatlarından səmərəli istifadə edilməsi və əkin sahələrinin su ilə təchizatının yaxşılaşdırılması üçün sudan istifadə edilməsinə nəzarəti gücləndirməli, su bölgüsünə və suvarma rejiminə ciddi əməl edilməsinə nail olmalıyıq. Təsərrüfatlarda mütərəqqi suvarma metodları tətbiq edilməli, su kanalları və arxlar vaxtında təmizlənməli, su itkisi aradan qaldırılmalıdır. Bunun üçün səylə çalışmalı, verilən tapşırıqları layiqincə yerinə yetirməliyik.
Sonra məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi