Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində cari ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. İclası Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov açıb.
Komitə sədrinin müavini Hicran Rüstəmov 2016-cı ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələr barədə danışıb. Bildirib ki, 2016-cı ilin yanvar-iyun ayları ərzində muxtar respublikada 34 milyon 106 min 200 manat həcmində tikinti işləri yerinə yetirilib. Bu dövrdə Şərur rayonunun Oğlanqala, Babək rayonunun Xəlilli, Yarımca, Şahbuz rayonunun Daylaqlı, Culfa rayonunun Saltaq, Kəngərli rayonunun Yurdçu kəndlərində məktəb binalarının tikintisi və yenidən qurulması başa çatdırılaraq istifadəyə verilib. Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Dövlət Texniki Kollecinin, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin, Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Çəmənli, Arbatan, Culfa rayonunun Gülüstan, Babək rayonunun Məzrə, Şahbuz rayonunun Kolanı, Ordubad rayonunun Baş Dizə kəndlərində məktəb binalarının, Şərur şəhər 2 nömrəli tam orta məktəbin, Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Liseyin tikintisi və yenidən qurulması davam etdirilir.
Diqqətə çatdırılıb ki, cari ilin birinci yarısında Babək rayonunun Yarımca və Culfa rayonunun Saltaq kəndlərində həkim ambulatoriyalarının tikintisi başa çatdırılıb. Culfa rayonunun Xanəgah kəndində isə həkim ambulatoriyasının tikintisi davam etdirilir.
Muxtar respublikanın kənd yaşayış məntəqələrində əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, yerli idarəetmə orqanları üçün normal iş şəraitinin yaradılması məqsədilə tədbirlər görülüb, Şərur rayonunun Oğlanqala, Kəngərli rayonunun Yurdçu, Babək rayonunun Xəlilli, Yarımca, Culfa rayonunun Saltaq kəndlərində kənd mərkəzləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi binasının yenidən qurulması, Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin inzibati binasının, Şərur rayonunun Arbatan, Arpaçay, Çəmənli, Babək rayonunun Məzrə, Hacıvar, Culfa rayonunun Gülüstan, Ordubad rayonunun Baş Dizə, Naxçıvan şəhərinin Bulqan, Tumbul yaşayış məntəqələrində kənd mərkəzlərinin tikintisi isə davam etdirilir.
Bildirilib ki, Culfa rayonunun Saltaq, Şərur rayonunun Oğlanqala, Kəngərli rayonunun Yurdçu kəndlərinin avtomobil yollarında asfalt-beton işləri başa çatdırılıb. Şərur rayonunun Çəmənli, Arbatan, Culfa rayonunun Gülüstan, Babək rayonunun Məzrə, Gərməçataq və Ordubad rayonunun Baş Dizə kəndlərində avtomobil yollarının, yaşayış məntəqələrindəki körpülərin tikintisi və yenidən qurulması davam etdirilir. Culfa şəhərində giriş avtomobil yolundakı körpü yenidən qurulur və Gülüstan kənddaxili avtomobil yolunda körpünün tikintisi aparılır.
Məruzə ətrafında müzakirələrdə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək, Kəngərli, Ordubad Rayon idarələrinin rəisləri Rəvayət İmanovun, Vəzir Əliyevin, Əkrəm Salmanovun çıxışları olub.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov çıxış edərək birinci yarımildə aparılan tikinti-quruculuq tədbirlərindən və işdə buraxılan nöqsanlardan danışıb. Bildirilib ki, 2016-cı ilin birinci yarısında tikinti işlərində əldə edilən uğurlarla yanaşı, bir sıra nöqsan və çatışmazlıqlar da müşahidə olunub. Keyfiyyətsiz iş, israfçılıq, məsuliyyətsizlik komitənin idarə və müəssisələrində özünü göstərib. Bu baxımdan podratçı təşkilatın işinə nəzarət ciddi surətdə aparılmalı və nəzarət mexanizminin gücləndirilməsi üçün müvafiq tədbirlər görülməlidir.
Bu ilin 6 ayında çatışmazlıqlar və ciddi nöqsanlar, əsasən, komitənin Şərur Rayon İdarəsinin işlərində daha çox müşahidə olunub. İdarə obyektlərdə iş zamanı tələskənliyə yol verir, keyfiyyətsiz işlər görür ki, bu da əlavə xərc hesabına başa gəlir.
Qeyd olunan çatışmazlıqların yaranmasında komitənin də səhvləri vardır. Belə ki, komitənin texniki nəzarətçiləri obyektlərdə keyfiyyətsiz işlərə yol verilməməsi üçün diqqəti daha da artırmalı, nizam-intizamı, eləcə də nəzarəti gücləndirməlidirlər.
Muxtar Məmmədov