Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 2016-cı ilin ilk 6 ayında öz işini təsdiq edilmiş tədbirlər planına uyğun qurub, gənclər arasında bədən tərbiyəsinin kütləviliyinə nail olunması üçün məqsədyönlü tədbirlər həyata keçirib, idman və gənclər sahəsində əsaslı dönüş yaradılmasına çalışıb. Ümumilikdə, 6 ay ərzində nazirlik tərəfindən dövlət gənclər siyasəti və idman sahəsində 163 tədbir icra edilib ki, bunlardan 90-ı gənclərlə iş, 73-ü isə kütləvi bədən tərbiyəsi və idman sahələrini əhatə edib.
Bu fikirləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollegiya iclasında nazir Azad Cabbarov səsləndirib. Nazir bildirib ki, 2016-cı ilin müvafiq dövrü ərzində mütəmadi olaraq muxtar respublikanın şəhər və rayonlarında gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib, onların tarixi yerlərə və muzeylərə gəzintiləri təşkil olunub. Nazirlik tərəfindən müntəzəm olaraq yeniyetmə və gənclərin intellektual səviyyələrinin yüksəldilməsi məqsədilə “Nuh yurdu” intellektual oyunu keçirilib, muxtar respublika birincilikləri təşkil olunub. Həmçinin Gəncə şəhərində keçirilən “Xəmsə” milli intellektual oyununun VIII Azərbaycan çempionatında muxtar respublikanı təmsil edən komandaların iştirakı təmin edilib, “Əlincə” komandası II yerə layiq görülüb.
Qeyd olunub ki, bu il mart ayının 18-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə əlaqədar olaraq Gənclər və İdman Nazirliyi aidiyyəti təşkilatlarla birlikdə tədbirlər planı hazırlayıb, həmin plana əsasən, məktəblilərin, sağlamlıq imkanları məhdud uşaqların, aztəminatlı ailələrin uşaqlarının Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilib. “Naxçıvanı tanıyaq” devizi altında gənclərin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə, Duzdağ Fizioterapiya Mərkəzinə, Şahbuz Dövlət Təbiət Qoruğuna, Batabat Astrofizika Rəsədxanasına, “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksinə ekskursiyaları təşkil olunub. “Naxçıvanın turizm imkanları” mövzusunda fotomüsabiqə keçirilib, Ağbulaq İstirahət Mərkəzində “Gənclərin yay məktəbi” təşkil edilib, gənclərin muxtar respublikanın turizm potensialının təbliği sahəsində fəaliyyətləri gücləndirilib, Naxçıvanın turizm imkanlarını əks etdirən materiallar sosial şəbəkələrdə yerləşdirilib.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda futbol, boks, sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birincilikləri, karate-do, kikboksinq üzrə Naxçıvan Muxtar Respublika açıq çempionatları, “Naxçıvan – 2016” Beynəlxalq Şahmat Festivalı, kross qaçışı, basketbol, peyntbol üzrə Naxçıvan Muxtar Respublika turnirləri, paralimpiya üzrə beynəlxalq turnir, usta ağır atletlər arasında Avropa çempionatı keçirilib.
2016-cı ilin ötən dövrü ərzində muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakının təmin edildiyini bildirən nazir deyib ki, idmançılarımız Avropa çempionatlarında 3, beynəlxalq turnirlərdə 33, Azərbaycan birinciliklərində 32 medal olmaqla, cəmi 68 medal qazanıblar.
Vurğulanıb ki, ümumilikdə, Naxçıvan Muxtar Respublikasında 40 minə yaxın yeniyetmə və gənc idmanla məşğul olur. Nazirlik tərəfindən keçirilən idman tədbirlərində 5763-dən artıq idmançı iştirak edib.
2016-cı ilin ikinci yarısında qarşıda duran vəzifələrdən də geniş bəhs olunduğu kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayevin, Naxçıvan Şəhər və Şərur Rayon Gənclər və İdman idarələrinin rəisləri Xəyal Qurbanov və Ramil Dadaşovun çıxışları olub.
Xəbərlər şöbəsi