25 Dekabr 2024, Çərşənbə

Naxçıvan şəhəri

İyulun 22-də Naxçıvan şəhərində Azərbaycan milli mətbuatının yaranmasının 141-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin direktoru Məmmədrza Ələsgərov, “Nuh yurdu” qəzetinin redaktoru Qafar Qənbərov, “Şərq qapısı” qəzetinin əməkdaşı Sara Əzimova çıxış ediblər. Bildirilib ki, görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı xalqımızın maariflənməsində mühüm rol oynayıb. Azərbaycan mətbuatı xalqımızın azadlıq arzularının gerçəkləşməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına, mədəniyyətin tərəqqisinə, qabaqcıl ictimai fikrin, milli şüurun formalaşmasına böyük töhfələr verib. Xalqa söz və qələmlə xidmət göstərməyin mükəmməl nümunəsini yaradan “Əkinçi” qəzeti insanları yüksək ideallar uğrunda mübarizəyə səsləyib, milli oyanış və özünüdərk prosesinin aparıcı mətbu nümunəsi kimi tariximizdə qalıb.

Qeyd olunub ki, Azərbaycanda mətbuatın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlunun ölkə­mizə rəhbərlik etdiyi bütün dövrlərdə mətbuat orqanlarının müstəqil fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən kütləvi informasiya vasitələrinin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” Sərəncam ölkə­mizdə kütləvi informasiya vasitələrinin inkişafına yeni imkanlar açıb. 2005, 2010 və 2015-ci illərdə Azərbaycan milli mətbuatının yaradılmasının 130, 135 və 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif olunması, mütəmadi olaraq kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi mətbuata göstərilən böyük qayğının ifadəsidir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında da mətbuata böyük diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 29 mart tarixli “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncamından sonra mətbuat orqanlarının maddi-texniki bazası daha da gücləndirilib. Milli mətbuatımızın 135 illik yubileyində “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poli­qrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksi istifadəyə verilib, müasir iş şəraiti yaradılıb, qəzetlərin rəngli nəşrinə başlanılıb. 2011-ci ilin noyabr ayında “Şərq qapısı” qəzetinin 90 illik yubileyi qeyd olunub, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov qəzetin 90 illik yubileyi münasibətilə “Şərq qapısı” qəzetinin və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin kollektivləri ilə görüşüb, qəzet Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilib.
Diqqətə çatdırılıb ki, 22 iyul tarixi həm də ulu öndər Heydər Əliyevin 1990-cı ildə Naxçıvana qayıtdığı gün kimi önəmlidir. Əgər o tarixi qayıdış olmasaydı, bu gün nə güclü, qüdrətli müstəqil Azərbaycan dövləti olacaqdı, nə də milli mətbuatımız belə yüksək inkişaf mərhələsi keçəcəkdi. Qeyd olunub ki, bu gün muxtar respublikada mətbuata göstərilən qayğının müqabilində yeni dövrün quruculuq və inkişaf tarixini yazmaq, milli maraqları daim uca tutmaq, cəmiyyət həyatına dərindən nüfuz etmək, qədim tariximizi, milli dəyərlərimizi yaşatmaq, maarifçilik işi aparmaq qələm sahiblərinin qarşısında dayanan əsas vəzifələrdir. Çalışacağıq ki, bu məsuliyyətli işin öhdəsindən layiqincə gələk.
Sonda bir qrup mətbuat işçisinə hədiyyələr təqdim olunub.
Tədbir çay süfrəsi arxasında davam etdirilib.

Şərur rayonu

Şərur rayonunda da milli mətbuatın yaranmasının 141-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov çıxış edərək “Şərurun səsi” qəzetinin inkişaf tarixindən danışıb.
Qeyd olunub ki, Şərur rayonunda qəzetin ilk nömrəsi 1931-ci ilin oktyabr ayında buraxılıb. O dövrdə “Pambığa doğru” adlanan qəzetin cəmi iki əməkdaşı olub. 1954-cü ildə “Noraşen kolxozçusu” adı ilə fəaliyyətini davam etdirən Şərur rayon qəzeti bölgədə kənd təsərrüfatının və iqtisadiyyatın digər sahələrinin işıqlandırılmasına ciddi diqqət yetirir, geridə qalanların işini tənqid edirdi. 1959-cu ildə fəaliyyəti dayandırılan qəzet 1966-cı ilin yanvar ayından “İşıqlı yol” adı ilə çap olunub. Bu dövrdən başlayaraq 1992-ci ilədək müxtəlif dövrlərdə Şərur rayon qəzeti təcrübəli jurnalist Cəfər Məmmədov­un, Rafiq Həsənovun, Hüseyn Əbdülhüseynovun və Mikayıl Əli­yevin, həmin ildən bu günədək isə Elman Məmmədovun redaktorluğu ilə çapdan çıxıb. 1991-ci ilin yanvar ayından qəzet “Şərurun səsi” adı ilə oxucularının görüşünə gəlir. Müstəqillik illərində Şərur rayon qəzetinin kollektivi oxuculara bir-birindən maraqlı nömrələr təqdim etməyə çalışıb.
Bildirilib ki, kütləvi informasiya vasitələri işçilərinə göstərilən diqqət və qayğı “Şərurun səsi” qəzetinin də sərbəst fəaliyyətini təmin edib. Qəzetlərin fəaliyyəti üçün yaradılan hərtərəfli şərait, fəal jurnalistlərin əməyinin daim yüksək qiymətləndirilməsi bu gün muxtar respublikamızda nəşr olunan bütün mətbu orqanlar kimi, “Şərurun səsi” qəzetinin əməkdaşlarını da daha yüksək yaradıcı­lıq uğurlarına həvəsləndirir.
Sonra “Şərurun səsi” qəzetinin redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Elman Məmmədov, qəzetin əməkdaşları – Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Babək İsmayılov, Vidadi Süleymanov və Mehman Məmmədov çıxış edərək mətbuat işçilərinə göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Babək rayonu

Babək rayonunda keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək mətbuata göstərilən qayğıdan danışıb.

Bildirib ki, 1978-ci ilin oktyabrında Babək rayonu yaradılıb, bir qədər sonra, 1979-cu il yanvar ayının 1-də rayonun “Əmək bayrağı” adlı qəzeti fəaliyyətə başlayıb. Qəzet 1992-ci ildən “Şərqin səhəri” adı ilə çap olunur.
Vurğulanıb ki, muxtar respublikada mətbuatın inkişafına göstərilən qayğıdan “Şərqin səhəri” qəzetinə də pay düşüb, redaksiyaya yeni kompüter dəsti və fotoaparat verilib. Bu gün qəzet ayda 4 dəfə rəngli, böyük formatda çap olunur.
“Şərqin səhəri” qəzetinin redaktoru Hafizə Əliyeva, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri İsa Məmmədov, rayon Ağsaqqallar Şurasının sədri Vaqif Hüseynov, Təhsil Şöbəsinin müdiri Ovni Muradov çıxışlarında ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda mətbuata göstərilən dövlət qayğısının davamlı xarakter aldığını, belə qayğının mətbuat işçilərinin məsuliyyət hissini daha da artırdığını bildirib, Milli Mətbuat Günü münasibətilə mətbuat işçilərini təbrik ediblər.

Ordubad rayonu

Ordubad rayonunda da Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov, icra başçısının müavini Fərqanə Hüseynli, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Vilayət Bağırov, “El həyatı” qəzetinin redaktor əvəzi Abbas Seyidov çıxış ediblər.
Bildirilib, 1932-ci il iyul ayının 24-də Ordubad rayonunda nəşrə başlayan “Ordubad fəhləsi” qəzeti özündən əvvəlki ənənələri yaşatmağa çalışıb, müxtəlif illərdə “Ordubad işçisi”, “Yeni Ordubad” adları ilə çap olunub. 1991-ci il yanvar ayının 1-dən “El həyatı” adı ilə nəşr olunmağa başlayan qəzet ayda 4 dəfə oxucuları ilə görüşür. “El həyatı” qəzetinin fəaliyyətini normal şəkildə davam etdirməsi üçün hər cür imkan və şərait yaradılıb, redaksiya işçiləri müasir iş otaqları, mebel dəstləri, kompüter, fotoaparatla təmin olunublar. Rayon qəzeti müasir dövrün tələbləri ilə ayaqlaşmaq üçün öz fəaliyyət istiqamətini bir qədər də genişləndirib, özünə geniş oxucu auditoriyası toplaya bilib, rayon həyatının güzgüsü rolunu oynamaq üçün bütün imkanlarını səfərbərliyə alıb. Qəzet rayonun ictimai həyatında fəal rol oynayır. Bölgənin tarixinin, bugünkü inkişafının və digər sahələrin salnaməsini yaratmaq üçün üzərinə düşən vəzifələri yerinə yetirməyə səy göstərir.

Culfa rayonu

Milli mətbuatın yaranmasının 141-ci ildönümü münasibətilə Culfa rayonunda keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev çıxış edib.
Qeyd olunub ki, müstəqilliyimiz bərpa edildikdən sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycanda söz və məlumat azadlığı­nın təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilib.
Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb.
Bildirilib ki, mətbuatın inkişafı sahəsində Naxçıvan Muxtar Respublikasında da mühüm tədbirlər həyata keçirilib. Təməli 1935-ci ildə qoyulan “Arazın səsi” qəzetinin inkişaf mərhələsi 1995-ci ildən başlayıb. Muxtar respublika rəhbərinin mətbuatın inkişafına göstərdiyi yüksək diqqət və qayğı “Arazın səsi” qəzetinin də məhsuldar fəaliyyətini təmin edib.
Sonra “Arazın səsi” qəzetinin redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Hüseyn Şəkərəliyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Fərəc Fərəcov mətbuat orqanlarına göstərilən diqqət və qayğıdan danışıb, rayonun mətbu orqanı olan “Arazın səsi” qəzetinin keçdiyi yoldan bəhs ediblər.

Kəngərli rayonu

Kəngərli Rayon İcra Hakimiyyətində Azərbaycan milli mətbuatının 141-ci ildönümü münasibətilə keçirilən tədbirdə “Yeni həyat” qəzetinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov jurnalistləri bayram münasibətilə təbrik edib, mətbuatın keçdiyi uzun və şərəfli yoldan danışıb.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quliyeva, rayon Ağsaqqallar Şurasının sədri Nahas Səfərov, 2005-2006-cı illərdə “Yeni həyat” qəzetinin redaktoru vəzifəsində çalışmış Cabir Hacıyev çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, muxtar respublikamızda söz, fikir və məlumat azadlığı yüksək səviyyədə təmin edilib. Kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən hərtərəfli qayğı göstərilir. Bu qayğıdan Kəngərli rayonunun mətbu orqanı olan “Yeni həyat” qəzetinə də xeyli pay düşüb, qəzet əməkdaşlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Göstərilən qayğı­nın müqabilində qəzetin əməkdaşları da bölgədə milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı yeniliklərin ictimaiy­yətə çatdırılmasında üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar.

Şahbuz rayonu

22 iyul – Milli Mətbuat Günü münasibətilə Şahbuz rayonunda keçirilən tədbiri rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev açaraq mətbuat işçilərini bayram münasibətilə təbrik edib, muxtar respublikada mətbuata göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, ulu öndər Azərbaycan mətbuatının hər zaman himayədarı olub, bu sahənin inkişafı üçün misilsiz xidmətlər göstərib.
Tədbirdə “Oğuz səsi” qəzetinin redaktoru Şəhla Nəbiyeva, qəzetin keçmiş əməkdaşı Xanlar Səfər­əliyev çıxış ediblər.
Qeyd edilib ki, “Oğuz səsi” qəzeti 80 ilə yaxındır, milli mətbuat tarixindən miras qalmış ənənələri davam etdirməklə rayonun ictimai həyatında fəal rol oynayır. 1936-cı ildə – sosializmin qələbə çaldığı bir dövrdə “Sosializm maldarlığı”, 1966-cı ildən isə “Qabaqcıl” adı ilə nəşr olunan qəzetin adı müstəqillik illərində dəyişib. 1991-ci ildən “Oğuz yurdu”, 1992-ci ildən isə “Oğuz səsi” adı ilə nəşr olunan qəzet fəaliyyət göstərdiyi illərdə həm ideoloji işin, həm də milli dəyərlərin yaşadılması baxımından rənga­rəng yazılarla oxucu ünvanına yol tapıb, böyük auditoriya qazanıb. Bu gün “Oğuz səsi” qəzetinin əməkdaşları rayonun inkişaf salnaməsini yaradırlar.

Sədərək rayonu

Milli Mətbuat Günü sərhəd bölgəsi olan Sədərək rayonunda da qeyd olunub. Bu münasibətlə keçirilən tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açaraq “Oğuz yurdu” qəzetinin kollektivini təbrik edib.
Bildirilib ki, bu gün müstəqil Azərbaycan dövləti əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Mətbuatın inkişafına göstərilən diqqət və qayğı muxtar respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin də hərtərəfli inkişafını təmin edib. İnanırıq ki, yaradılmış şərait jurnalistlərin bundan sonra da yaxşı işləməsinə, üzərlərinə düşən məsuliyyətli və şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməsinə imkan verəcəkdir.
“Oğuz yurdu” qəzetinin redaktoru Sərxan İsmayılov çıxışında qeyd edib ki, rayon İcra Hakimiyyətinin orqanı olan “Oğuz yurdu” qəzetinin ilk nömrəsi 2000-ci ildə işıq üzü görüb. İlk illərdə kiçik ölçüdə və ayda, sadəcə, iki dəfə buraxılan qəzet hazırda ayda dörd dəfə oxucuların görüşünə gəlir. Sərhəd bölgəsinin ictimai, siyasi, mədəni həyatını olduğu kimi işıqlandırmağa çalışan qəzet rayonun güzgüsü olmağa çalışır.
Tədbirdə Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımovun, Sədərək kənd 1 nömrəli tam orta məktəbin direktoru Gülnarə Hüseynovanın, rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əli­yevin çıxışları olub. Çıxış edənlər “Oğuz yurdu” qəzetinin kollektivinə səmimi təbriklərini çatdırıblar.
Onu da qeyd edək ki, bütün rayonlarda bir qrup mətbuat işçisinə hədiyyələr verilib, tədbirlər çay süfrəsi arxasında davam etdirilib.

Xəbərlər şöbəsi

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR