Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində 2016-cı ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, 2016-cı ilin birinci yarısında nazirliyin əsas fəaliyyət istiqamətlərindən olan hüquqi maarifləndirmə və hüquqi təbliğat işi diqqət mərkəzində saxlanılıb, muxtar respublikanın şəhər və rayonlarında bələdiyyə fəaliyyəti ilə bağlı 9, notariat və qeydiyyat fəaliyyəti ilə bağlı 8, icra xidməti ilə bağlı 3 tədbir keçirilib.
Qeyd olunub ki, “Hüquqi aktların Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, reyestrə hesabat dövründə 86 hüquqi akt daxil edilib. Bundan əlavə, 2016-cı ilin birinci yarısında icra xidmətinin bölmə və qruplarının icraatına 2139 icra işi daxil olub, bunlardan 284 işin icrası başa çatdırılıb, 1718 iş icraya yönəlib, 22 iş geri qaytarılıb, 93 iş ərazi aidiyyəti üzrə göndərilib, 9 işin icraatı dayandırılıb, 13 iş üzrə isə axtarış qərarı verilib.
Vurğulanıb ki, dövlətimizin humanist mahiyyətini əks etdirən əsas əlamətlərdən biri də əfv və amnistiya aktlarının tətbiq olunmasıdır. “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarı 15 iyun 2016-cı il tarixdən qüvvəyə minib. Qərarın qüvvəyə mindiyi gün amnistiya aktının tətbiqinə başlanılıb, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən 9 məhkum azadlığa buraxılıb, 1 məhkumun cəzasının azaldılması ilə bağlı məhkəməyə müraciət edilib. İcra xidməti üzrə amnistiya aktı bu günədək 37 nəfərə tətbiq edilib, 3 nəfər barəsində məhkəməyə təqdimat verilib. Amnistiya aktının icrası üzrə işlər 2016-cı ilin ikinci yarımilində də davam etdiriləcəkdir.
Ekspertlərin nəzəri və peşəkarlıq səviyyəsinin artırılmasından danışan Suliddin Əliyev bildirib ki, hesabat dövründə ekspertlərin ixtisasartırma kurslarına göndərilməsi təmin edilib, mərkəzin 1 əməkdaşı ixtisasartırma kursunu bitirib, 1 əməkdaş isə ixtisasartırma kursunu davam etdirir. 2016-cı ilin ilk 6 ayında Məhkəmə Ekspertizası Mərkəzinin icraatına 61 ekspertiza işi daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 iş azdır. İcra olunmuş ekspertizalar üzrə, ümumilikdə, 46 rəy, 8 ekspert arayışı tərtib edilib, 165 suala tam cavab verilib. Keçirilən ekspertizalar üzrə 592 obyekt tədqiq olunub.
Bildirilib ki, bələdiyyə sədrlərinin və qulluqçularının təlim kurslarına cəlb edilməsi işi bu il də diqqət mərkəzində saxlanılıb, 15 bələdiyyə sədri və 5 bələdiyyə qulluqçusunun Ədliyyə Akademiyasında təşkil olunan təlim kurslarında iştirakı təmin edilib.
Kollegiya iclasında ədliyyə nazirinin müavini, ədliyyə müşaviri Emin Səfərov, İcra şöbəsinin rəisi vəzifələrini icra edən, ədliyyə müşaviri Emin Kazımov, Qeydiyyat və notariat şöbəsinin rəisi vəzifələrini icra edən, ədliyyə müşaviri Səyyub Kərimov çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıblar.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev yekun vurub.
Xəbərlər şöbəsi