Aprelin 27-də Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının konfransı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov konfransın gündəliyində duran məsələlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, konfransın gedişi zamanı əvvəlcə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının 5 illik fəaliyyətinə dair hesabatı dinləniləcək, daha sonra təşkilatın yeni İdarə Heyətinin üzvləri və qurumun sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcəkdir.
Konfransın gündəliyi yekdilliklə qəbul olunmuşdur.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə 2006-cı ildən fəaliyyətə başlayan Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatı bu qəbildən olan vətəndaşların təşkilatlanması və hüquqlarının təmin olunması istiqamətində mühüm vəzifələri icra etməkdə, həmin insanların təşkilatlandığı vahid mərkəz kimi mühüm əhəmiyyət daşımaqdadır. Təşkilat öz sıralarını 2011-2015-ci illər ərzində sağlam düşüncəli, vətənpərvər və dövlətçiliyə sədaqətli üzvlər hesabına daha da genişləndirmişdir.