24 Dekabr 2024, Çərşənbə axşamı

Ölkəmizin keçmiş sovetlər dövründə müttəfiq respublikalar içərisində qabaqcıl mövqeyə yüksəlməsi, daha sonra yenidən müstəqil dövlət kimi dünyanın geosiyasi xəritəsində yer alması, güclənməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Naxçıvan Dövlət Texniki Kolleci tələbələrinin iştirakı ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçilən növbəti açıq dərsdə muzeyin direktoru Ramil Orucəliyev bu barədə danışıb. O vurğulayıb ki, məhz ulu öndərin siyasi fəaliyyəti nəticəsində Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası bəlalardan xilas oldu, inkişaf yoluna qədəm qoydu. Müstəqil Azərbaycan bu gün iqtisadi-siyasi, hərbi baxımdan Cənubi Qafqaz regionunun ən qüdrətli dövlətidir.
Heydər Əliyev Muzeyinin bələdçisi Hicran Bədəlova bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpa olunmasında ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü xüsusi əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyev hələ Sovet hakimiyyəti dövründən etibarən Azərbaycanda milli kadrların yetişdirilməsinə, beləliklə Azərbaycançılıq düşüncəsinə real təminat əldə olunmasına, Dağlıq Qarabağın sosial-iqtisadi inkişafının möhkəmləndirilməsinə xüsusi diqqət yetirdiyi kimi, Naxçıvan Muxtar Respublikasının inkişaf etdirilməsinə də ümummilli vəzifələr səviyyəsində böyük qayğı göstərib. Dahi şəxsiyyət Naxçıvanda yaşayıb çalışdığı, muxtar respublikanın rəhbəri olduğu illərdə Azərbaycan üçün çox əhəmiyyətli olan böyük tarixi qərarlar qəbul edib.

Vurğulanıb ki, Azərbaycanın bu diyarının – Naxçıvanın mürəkkəb hərbi-siyasi şəraitdə işğaldan xilas olunmasının başlıca səbəbi xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi xalqı öz ətrafında birləşdirməsi, region dövlətləri ilə əlaqələri möhkəmləndirməsi idi. Azərbaycanın mürəkkəb və taleyüklü tarixi dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş ulu öndərimizin siyasi kursunun yaradıcılıqla həyata keçirilməsi müstəqil dövlətimizin bugünkü intibahının və gələcək inkişafının əsasını təşkil edir.
Qeyd olunub ki, iki əsrin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışının nəticəsidir. Məhz həmin tarixi qayıdışdan sonra ümummilli liderimizin uzaqgörənlik və müdrikliklə həyata keçirdiyi siyasət Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz edib. 1993-cü ildən sonrakı dövr müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılıb, ictimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti olub. Məhz bundan sonra dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli şərait yaradılıb.
Bildirilib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, milli birliyimizi təmin edən Azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı olan ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətləri daim böyük hörmət və ehtiramla xatırlanır. Çünki ümummilli lider Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi addımlar atıb. Bu gün Onun yolu uğurla davam etdirilir. Müstəqil Azərbaycan Respublikası uğurla inkişaf edir, güclənir. Dahi şəxsiyyət tərəfindən yaradılan, formalaşdırılan ordumuz bu gün qarşıda duran bütün vəzifələri yerinə yetirməyə, işğal altındakı torpaqlarımızı azad etməyə tam hazırdır. Bütün bunlar ulu öndərin həyata keçirdiyi ordu qurucu­luğu siyasətinin nəticəsidir. Məhz həmin siyasət bu gün ölkəmizi daha da irəliyə aparır, beynəlxalq aləmdə onun mövqelərini daim gücləndirir.
Sonra tələbələr muzeyin ekspozisiyası ilə tanış olublar.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR