24 Dekabr 2024, Çərşənbə axşamı

23 il bundan əvvəl Azərbaycanın qədim, eyni zamanda ərazicə böyük rayonlarından olan Kəlbəcər erməni silahlı birləşmələri və onların havadarları tərəfindən işğal olunub. 1993-cü il mart ayının 27-dən aprelin 2-dək 1936 kvadratkilometr əraziyə malik olan Kəlbəcər rayonunda 130 yaşayış məntəqəsi, dünya şöhrətli “İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərə azı 761 milyon ABŞ dolları dəyərində ziyan dəyib. Məlum hadisələr zamanı 511 nəfər şəhid olub, 231 nəfər itkin düşüb.

Təbii ki, ötən əsrin sonlarında işğal olunmuş Azərbaycan ərazilərinin hər biri, hər qarışı bizim üçün əziz və doğmadır. Kəlbəcər isə bu sırada bir çox mühüm tərəfləri ilə fərqlənir. İlk olaraq rayon ərazisi öz qədimliyi ilə seçilir. Məsələn, burada 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöpşəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Rayonda “Türk qəbiris­tanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və başqa kəndlərin ərazisindədir.

Tədqiqatçılara görə, Kəlbəcər ərazisində ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır ki, bu da 4 milyon ildən artıq bir tarix deməkdir. Buradakı mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. “Kəlbəcər” toponimi qədim türk dilində (oykonimin ilkin forması “Kevliçer” kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Rayon ərazisindəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də həmin toponimlərdə yaşayır.
Qarabağın qala qapısı adlanan Kəlbəcər ermənilərin Qarabağdan kənarda yerləşən Laçından sonra işğal etdikləri ikinci rayondur. Hamımıza məlumdur ki, digər rayonlarımız kimi, Kəlbəcər də düşmənlərin xaotik hücumu nəticəsində bir anın içində işğal olunmayıb. Bunun üçün əvvəlcədən düşünülmüş məkrli planlar və strategiya olub. Çünki Laçın rayonundan sonra Kəlbəcərin işğal edilməsi Qarabağda və ətraf ərazilərdə işğal məqsədli hücumların davamlılığı üçün mühüm əhəmiyyət kəsb edirdi. Ancaq təəssüflər olsun ki, ozamankı Azərbaycan hakimiyyətindəki biganəlik, siyasi səriştəsizlik, “kreslo davaları” düşmənin dəyirmanına su tökməkdən savayı heç nəyə yaramadı. Və Kəlbəcər başıpozuqluğun, mənəm-mənəmliyin, ümumilikdə isə xəyanətin qurbanı oldu.
Xalqımızın başına gətirilən digər soyqırımlar, işğal olunmuş ərazilərimiz kimi, Kəlbəcərin işğalına da ilk dəfə öz münasibətini bildirən, bu hadisəni kəskin pisləyən, günahkarların cəzalandırılmasını tələb edən ümummilli liderimiz Heydər Əliyev olub. Ulu öndərimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1993-cü il aprelin 1-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin iclasında deyib ki, bu günlər cəbhə bölgələrindən, xüsusilə Kəlbəcərdən çox həyəcanlı xəbərlər alınır. Erməni ordusu Kəlbəcərə qarşı genişmiqyaslı hücuma keçərək bu rayonu işğal etməyə çalışır. Ulu öndərimiz Kəlbəcərə erməni hücumlarını kəskin pisləyib, ölkə rəhbərliyini rayonun müdafiəsinə çağırıb. Ancaq ozamankı hakimiyyət eşelonundan bu çağırışlara heç bir reaksiya verilməyib və Azərbaycanın bu qədim rayonu taleyin ümidinə buraxılaraq ermənilərə təslim edilib.
Xatırlatmaq yerinə düşər ki, məhz Kəlbəcər rayonunun işğalından sonra Türkiyə Cümhuriyyəti Ermənistanla sərhədini bağlayıb. Bu gün erməni lobbisinin, həmçinin bəzi maraqlı dövlətlərin etirazlarına baxmayaraq, qardaş ölkə rəsmi İrəvanla heç bir diplomatik əlaqə qurmur, sərhədlərin açılmasının yalnız Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsindən sonra mümkün olacağını bəyan edir.
Qeyd edək ki, 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının 3205-ci iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822 saylı qətnamə qəbul edilib. Qətnamədə bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, eləcə də sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək üçün qüvvə tətbiq etməyin yolverilməzliyi bir daha təsdiq olunub. Tərəflərin BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin yerinə yetirilməsi və ATƏM (indiki ATƏT) çərçivəsində danışıqlar prosesinin bərpa olunması barədə Minsk qrupuna daxil olan ölkə­lərin nümayəndələrinin Romada işləyib hazırladığı təklifləri qəbul etdiyi bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycanın Ağdam və Ağdərə bölgələrində döyüş əməliyyatlarını gücləndirib.
Ermənistan silahlı qüvvələrinin ərazilərimizin, o cümlədən Kəlbəcər rayonunun işğalında iştirakı, qeyri-insani hərəkətləri və qəddarlığı beynəlxalq qurumların sənədlərində də öz əksini tapıb. Məsələn, bu işğal qeyri-hökumət təşkilatı olan “Human Rights Watch”un “Azərbaycan: Dağlıq Qarabağda münaqişənin 7 ili” (Nyu-York, 1994-cü il, səh. 67-73) məcmuəsində də təsdiq olunub. Bundan əlavə, 1998-ci ildə Ermənistanda keçirilən seçkilər zamanı səyyari səsvermə qutuları Kəlbəcər rayonunda yerləşdirilən erməni əsgərlərinin səsini toplamaq üçün Ermənistan Respublikasının dövlət sərhədindən keçirilib. Bu da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Ermənistanda 1998-ci il martın 16-sı və 30-da keçirilən prezident seçkilərinə dair 1998-ci il 10 aprel tarixli yekun hesabatında öz əksini tapıb.
Hazırda Kəlbəcər rayonundan olan məcburi köçkünlər Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində yaşayır. Azərbaycan dövləti tərəfindən bu qəbildən olan insanlara hərtərəfli qayğı göstərilir, onların həyat şəraiti yaxşılaşdırılır. Mənfur ermənilər isə işğal etdikləri Kəlbəcər rayonunda BMT-nin, ATƏT-in və digər nüfuzlu beynəlxalq qurumların prinsiplərinə zidd olaraq 1999-cu ildən ermənilərin məskunlaşdırılmasına başlayıblar və bu proses indi də davam etdirilir. Və nəinki Kəlbəcər rayonunda, işğal olunmuş digər Azərbaycan ərazilərində də ermənilərin zorla məskunlaşdırılması gedir. Son dövrlərdə Yaxın Şərqdə baş verən münaqişələr nəticəsində digər ölkələrdən də ermənilərin gətirilərək tarixi Azərbaycan torpaqlarında yerləşdirilməsi ilə bağlı faktlar tez-tez eşidilməkdədir.
Erməni daşnakları hər zaman barbar, vəhşi hərəkətləri ilə seçiliblər. Bu fakt Kəlbəcərin işğalında da özünü göstərib. O vaxtlar çoxlu sayda tarixi-mədəni abidələr erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə dağıdılıb. Rayonun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Cəlal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçənli kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində, Başlıbel kəndində, Otaqlı kəndində məscidlər, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı erməni vandalları tərəfindən dağıdılıb. Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da bu gün düşmən əsirliyində qalmaqdadır.
Tarixdə müharibələr, işğallar çox olub. Təbii ki, müharibənin və yaxud adi bir döyüşün öz qaydaları var. Bu qaydalara görə düşmənə nifrət etmək, onu öldürmək, ərazisini işğal etmək mümkündür. Ancaq hər hansı bir tikiliyə və yaxud adi bir daş parçasına vəhşicəsinə davranmaq dünyada yalnız ermənilərin işidir. Bu gün istər Kəlbəcərdə, istərsə də digər işğal altında olan rayonlarımızda azərbaycanlılara məxsus abidələrin böyük əksəriyyəti dağıdılıb, hətta qəbir daşları belə, parçalanaraq məhv edilib. Bu da onun göstəricisidir ki, vandalizm erməni daşnaklarının həyat tərzidir.
Ancaq Azərbaycanın bu işğal faktlarına daha bir neçə illər dözəcəyi mümkün deyil. Artıq Azərbaycan gündən-günə güclənən iqtisadiyyatı, ordusu, siyasi və beynəlxalq nüfuzu sayəsində problemi həll etmək gücündədir. Sadəcə, dövlətimizin bu sahədə əldə etməyə çalışdığı problemin sülh yolu ilə həll olunmasına nail olmaqdır. Ümummilli liderimiz də Kəlbəcərin işğaldan azad olunacağını bildirir və deyirdi ki: “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR