24 Dekabr 2024, Çərşənbə axşamı

Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Ciritin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində qədim diyarın tarixi-memarlıq abidələri, muzeyləri, görməli yerləri ilə tanış olmuşdur.

Türkiyəli qonaqlar əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət etmişlər. Qonaqlar muzeydə ümummilli liderin həyatının müxtəlif dövrlərini əks etdirən stendlərə, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid rəsmi sənəd və materiallara, məktublara, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətlərinə, ulu öndərə məxsus şəxsi əşyalara baxmışlar.
Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq zamanı qonaqlara məlumat verilmişdir ki, 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan bu mərkəz təbii müalicə ocağıdır. Buradakı duz şaxtalarında bronxial-astma və tənəffüs yollarının qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar. Xəstələrə həkimlər tərəfindən müxtəlif müalicə kursları tətbiq edilir.
Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında yerləşən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi də qonaqların böyük marağına səbəb olmuşdur.
Naxçıvan Biznes Mərkəzində nümayəndə heyətinə muxtar respublikanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, mərkəzdə muxtar respublikada istehsal olunan məhsullar sərgilənir. Burada hazırda 86 müəssisənin 300-dən çox növdə və 1000-ə yaxın çeşiddə məhsulu nümayiş olunur. Sahibkar­lığa göstərilən dövlət qayğısı sayəsində muxtar respublikada ümumi daxili məhsul istehsalında özəl sektorun payı 87 faizi ötmüşdür.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində türkiyəli qonaqlara Naxçıvan şəhərinin tarixi, arxeoloji abidələri haqqında məlumat verilmişdir. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində isə qonaqlara məlumat verilmişdir ki, müqəddəs “Qurani-Kərim”də Əshabi-Kəhflə bağlı ayələr əksini tapmışdır.
Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Ciritin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri dünən başa çatmışdır.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR