24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvanlı gənclər döyüşə hazırdırlar

Xalqımız gələcəyimiz olan gənclərin Vətənə məhəbbət, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb, buna həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu, bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir.

Son 20 ildə ölkəmizdə həyata keçirilən tədbirlər nəticəsində Vətənini sonsuz məhəbbətlə sevən, müqəddəs torpaqlarımızın hər qarışı uğrunda canından keçməyə hazır olan bir nəsil formalaşıb, gənc nəsildə ən yüksək səviyyədə milli mənlik şüuru və vətənpərvərlik hissləri ərsəyə gəlib. Azərbaycan Prezidenti cənab İlham Əliyev aprelin 5-də son vaxtlar döyüşlərdə şəhid olanların və yaralananların yaxınlarının bir qrupu ilə görüşdə bu məsələyə diqqət çəkərək deyib: “Uşaqlar müstəqillik dövründə formalaşıblar. Onlar müstəqil Azərbaycan bayrağı altında böyüyüblər. Onlarda milli qürur hissi, milli ləyaqət hissi çox yüksəkdir. Mən həmişə demişəm ki, bizim bütün gənclərimiz vətənpərvər, Vətənə bağlı olmalıdırlar”.

Müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşüb. Bu gün belə vəzifələri öz Vətənini sevən, onun tərəqqisinə çalışan və ərazi bütövlüyümüzün qorunması uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirir. Sevindirici haldır ki, muxtar respublikamızın da gəncləri Vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında və milli dövlət quruculuğunda fəal iştirak edir, vətənpərvər olduqlarını sözdə deyil, əməldə nümayiş etdirirlər. Elə son günlər Dağlıq Qarabağda və ətraf ərazilərdə baş verən hadisələr də Naxçıvan gənclərini vahid bir mexanizm kimi hərəkətə keçirib. Onlarla söhbətlərimizdən də məlum oldu ki, son günlər Silahlı Qüvvələrimizin işğal olunmuş torpaqlarımızın bir hissəsini azad etməsi gənclərdə böyük ruh yüksəkliyi yaradıb, hər kəs qələbə əhval-ruhiyyəsinə köklənib. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik hazırlığı, səfərbərlik və ehtiyatda olan şəxsi heyətin qeydiyyatı idarəsinin rəisi, polkovnik-leytenant Ziyarəddin Baxşəliyev son hadisələrlə əlaqədar cəbhəyə yollanmaq istəyən çox sayda gəncin idarəyə müraciət etdiyini dedi. Qeyd etdi ki, aprelin 2-dən başlayaraq xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə, eləcə də Naxçıvan Muxtar Respublikasının düşmənlə sərhəd ərazilərindəki hərbi məntəqələrinə getmək istəyən gənclər tərəfindən çoxsaylı müraciət daxil olub, gənc­lərimiz yüksək vətənpərvərlik hissləri nümayiş etdiriblər. Bu isə onu göstərir ki, qədim oğuz-türk torpağı olan Naxçıvanda, sözün həqiqi mənasında, vətənpərvər gənclik formalaşıb.
Həmsöhbət olduğumuz gənclərin əksəriyyəti səfərbərlik olarsa, əsgərlərimizlə çiyin-çiyinə vuruşmağa hazır olduqlarını, Ali Baş Komandanın əmrini gözlədiklərini dedilər.
Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin IV kurs tələbəsi Abbas Məmmədli bildirdi ki, düşmən ordusuna qarşı Silahlı Qüvvələrimizin layiqli cavabı, bir sıra strateji əhəmiyyətli ərazilərin azad edilməsi, düşmənin ağır itkilərə məruz qalması və ordumuzun zəfər yolunda qəti addımlarını atması bizdə fəxarət, qürur hissi doğurur. Bu, işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyinə olan inamımızı daha da artırıb. Cəbhə bölgəsində qazanılan bu hərbi qələbə məni və tələbə yoldaşlarımı ruhlandırıb. Ümumi səfərbərlik elan ediləcəyi təqdirdə biz tələbələr Vətən torpaqlarının müdafiəsinə qalxmağa hazırıq.
Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Zaur Kərimov bu gün ölkəmizin apardığı siyasət sayəsində Ermənistanın işğalçı simasının ifşa edilməsi, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi uğurlar əldə olunduğunu dedi. Bildirdi ki, Silahlı Qüvvələrimizin gücü günü-gündən artır, dünyada müşahidə olunan iqtisadi gərginliyə baxmayaraq, ölkəmiz, eləcə də muxtar respublikamız dinamik inkişafdadır. Beynəlxalq aləmdə, eləcə də Dağlıq Qarabağda artan gərginlik fonunda muxtar respublikamız sabit, təhlükəsiz məkan kimi diqqəti cəlb edir. Bu həm də onunla əlaqədardır ki, Naxçıvanda xalq-ordu münasibətləri ən yüksək səviyyədə qurulub, Əlahiddə Ümumqoşun Ordusu müasir silah-sursatla təchiz edilib. Bundan illər öncə ilə müqayisədə düşməni darmadağın edəcək ordumuz var. Ona görə də düşmən bu dəfə Naxçıvana gözünün ucu ilə baxmağa belə, cəsarət etməyib. Bu, ümumilikdə, Naxçıvanda ordu quruculuğuna göstərilən diqqət və qayğının bəhrəsidir.
“Naxçıvan” Universitetinin tələbəsi Jalə Mirzəyeva isə güclü və qüdrətli ordumuzun əsgər və zabitlərinin düşmənə sarsıdıcı zərbə endirərək onları geri çəkilməyə məcbur etməsini, xüsusilə də bu əsgər və zabitlərin əksəriyyətinin gənc olmasını, ümumilikdə, Azərbaycan gəncliyinin qələbəsi adlandırdı. Dedi ki, təhsil aldığı universitetin tələbə və müəllim heyətini bu qələbə çox sevindirib. Əsgərlərimizin rəşadəti sayəsində düşmənin geri çəkilməsi, cəbhəyanı kəndlərimizdə insanların təhlükəsizliyinin təmin olunması onlarda qəti qələbə qazanacağımıza inamı artırıb. Artıq hər kəs əmindir ki, düşmənin istənilən təxribatı onlara baha başa gələcək. Son döyüşlərdə ordumuzun düşmən üzərində nəzərəçarpan üstünlük əldə etməsində, ermənilərin canlı qüvvə və texnika sarıdan xeyli sayda itki verməsində ölkə gəncliyinin böyük rolu olub. Naxçıvanlı gənclər torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidimiz mayor Rasim Məmməd­ovun vida mərasimində mütəşəkkil iştirakları ilə bir daha sübut etdilər ki, hər bir gənc Vətən uğrunda şəhid olmanın necə yüksək bir zirvə olduğunu yaxşı başa düşür, onların döyüş yolunu öyrənir, qəhrəmanlıq göstərməyə can atır.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan şəhər şöbəsinin sədri Zahid Cəfərov dedi ki, son günlərdə Naxçıvandan olan onlarla Azərbaycan Vətən Müharibəsi veteranı şöbəyə müraciət edərək Qarabağda gedən döyüşlərdə iştirak etmək, ən azından gənclərin yanında olmaq istədiyini bildirib. Veteranlar əsgərlərimizin döyüş əzmini artırmaq məqsədilə əsgər və zabitlərlə bir sırada, onlarla çiyin-çiyinə düşmənə qarşı döyüşmək arzusunda olduqlarını deyiblər. Sevindirici haldır ki, Vətənimizə olan hücumların qarşısı qətiyyətlə alınır. Biz düşmənə layiqli cavab verən cəsarətli ordumuzun uğurlarını dəstəkləyir, ordumuzla bir yerdə olduğumuzu bəyan edirik.
Sədərək döyüşlərində iştirak edən müsahibim onu da qeyd etdi ki, Sədərəkdə qızğın döyüşlər gedən zaman silaha sarılan əsgərlərin ilk günlərdə ancaq xalqın milli birliyi sarıdan nigarançılığı var idi. Bundan başqa, silah-sursat çatışmırdı. Ancaq ulu öndərimizin Naxçıvana gəlişindən sonra nigarançılığa da son qoyuldu, çatışmazlıqlar da aradan qaldırıldı. Böyük rəhbərə dərin məhəbbət bəsləyən və ona xalqın ümid mənbəyi kimi baxan fədailərimiz sərhədlərimizi qoruyub saxladı, bir qarış torpağı da düşmənə vermədi. Təəssüflər olsun ki, ulu öndərimizin Azərbaycanda siyasi hakimiyyətə qayıdışına qədər Qarabağda ən strateji məntəqələr işğal edilmişdi. Ancaq bütün bunlara baxmayaraq, ulu öndər silahlı dəstələr arasında birliyə nail oldu, çox keçmədi ki, Horadizdə ilk qələbə qazanıldı, milli ordunun formalaşdırılmasına başlanıldı. Bu iş ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çox sevinirik ki, bu gün Azərbaycanın qüdrətli ordusu var, ötən əsrin əvvəllərində və sonlarında baş verən qətliamlar qətiyyən təkrarlana bilməz. Ötən günlərdə ordumuzun qazandığı qələbə, bir növ, müstəqil Azərbaycan gənc­lərinin ulu öndərin əziz xatirəsinə ərməğanıdır.
Ordudan yenicə tərxis edilmiş Bayram Hüseynzadə düşmən qoşunlarının son təcavüzkar hərəkətlərindən televiziya vasitəsilə xəbərdar olduqda Sədərəkdə xidmət edən döyüş yoldaşları sarıdan narahatlıq hissi keçirdiyini dilə gətirdi. Dedi ki, bu xəbərləri eşitdim, ancaq son illərdə dövlətimizin Sədərəyi alınmaz qalaya çevirməsindən xəbərdar idim. Bəlkə də, bu səbəbdən idi ki, səngərdə çiyin-çiyinə keşik çəkdiyimiz yoldaşlarımdan mövcud durumu xəbər aldıqda “Sakitlikdir, onların bizə güllə atmağa cəsarəti çatmaz, buradakı qüvvələr Domokl qılıncı kimi onlara səhv etməməyi hələ çox-çox əvvəllərdən öyrədib”, – dedilər. İnanın ki, çox sevindim. Bir də Qarabağdan şad xəbər gəldiyində sevindim. Ordumuz bir daha sübut etdi ki, bir neçə həmləyə tarixi ədaləti bərpa etmək gücünə malikdir. Ordudan yenicə tərxis olunsam da, yenidən xidmət etdiyim hərbi hissəyə qayıtmağa, döyüşlərdə iştirak etməyə, bu yolda canımdan belə, keçməyə hazıram. Təki Vətən sağ olsun! 

...Vətənpərvərlik Vətənə olan ülvi məhəbbət, ölkəsinə və dövlətinə sədaqət, ən nəcib amallar uğrunda, gələcək naminə mübarizə deməkdir. Buna görə də sözdə “vətənpərvərəm” deməklə iş bitmir. Hər bir insan vətənpərvərliyini əməlləri ilə, gördüyü işlərlə sübut etməlidir. Vətəndaşlıq hissi olan şəxs Vətənin taleyi ilə bağlı baş verən hadisələrin fəal iştirakçısına çevrilməlidir. Dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün bərpası və qorunması yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz Vətənini sevən gənclər yerinə yetirə bilərlər. Muxtar respublikanın gəncləri də Vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə yerinə yetirir, onun qorunmasında fəal iştirak edir, “Biz cənab Ali Baş Komandanın əmrini gözləyirik!” deyirlər.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR