24 Dekabr 2024, Çərşənbə axşamı

Həyatda şərəfli və dəyərli bir ömür yaşayan, Vətənə, torpağa məhəbbəti, təmiz mənəviyyatı, sədaqəti, xalqa xidməti ilə yaddaşlarda qalan insanların əməlləri, xeyirxah işləri daim anılır. Tarix məhz belə insanların sayəsində yaranır, onların nəcibləşən ömürləri gələcək nəsillərə örnək, nümunə olur. Azərbaycanın görkəmli alimi akademik Zərifə xanım Əliyeva kimi.

Zərifə xanım Əliyeva qədim Naxçıvan diyarında, adlı-sanlı ziyalıların vətəni olan Şahtaxtı kəndində, görkəmli alim və siyasi xadim Əziz Əliyevin ocağında dünyaya göz açmışdı. Uşaqlıq və ilk gənclik illəri Şahtaxtıda keçən Zərifə Əliyeva bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən faydalanmışdı. Zəngin təhsil ənənələri olan ziyalı ailəsinin özünəməxsus tərbiyə üsulları onu hələ uşaq yaşlarından, məktəb illərindən etibarən elmə, işıqlı ideallara doğru istiqamətləndirmişdi.
O, 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdu. Ali təhsil almaq məqamında Zərifə Əliyevanın həkimlik sənətini seçməsi atası, tibb elmləri doktoru, professor Əziz Əliyevin yolunu davam etdirmək arzusundan doğmuşdursa, göz həkimliyini ixtisas kimi seçməsi onun xeyirxahlığından, işıqlı insan olmasından irəli gəlmişdi. Tələbəlik həyatının ilk günlərindən fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü, iti məntiqi təfəkkürü, təva­zökarlığı və sadəliyi, insanpərvərliyi və vətənpərvərliyi ilə tələbələr arasında hörmət qazanmış, professor-müəllim heyətinin diqqətini cəlb etmişdi.

Tələbəlik illərində fundamental tibbi biliklərə dərindən yiyələnən Zərifə xanım Əliyevanın qəlbində insanların gözlərinə nur bəxş etmək amalı baş qaldırmışdı və O, öz gələcək fəaliyyətini tibbin oftalmologiya sahəsinə həsr etməyi qarşısına məqsəd qoymuşdu. Görünür, son dərəcə zəriflik və incəlik, həssaslıq və nəciblik tələb edən göz həkimliyi Zərifə xanımın təbiətindəki nadir xüsusiyyətlərə daha yaxın idi. Zərifə xanımın timsalında bir daha sübuta yetirildi ki, peşəsini ürəkdən sevən həkim, həqiqətən, xarüqələr yaratmaq iqtidarındadır.
O, ötən əsrin 50-ci illərində öz xeyirxah sənəti ilə əsl vətəndaş mövqeyində dayanaraq xalqımızın bəlasına çevrilmiş traxoma xəstəliyinin qarşısını almaq üçün ciddi və məqsədyönlü müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi istiqamətində mübarizəyə başlamışdı. Zərifə xanımın başlıca məqsədi nəyin bahasına olursa-olsun, tezliklə Azərbaycanda traxoma xəstəliyini törədən səbəbləri aşkar edib aradan qaldırmaq, onun optimal müalicə üsullarını tapmaq, müvafiq profilaktik tədbirləri vaxtında həyata keçirməkdən ibarət idi. İnsanları korluq əzabından qurtarmaq zərurətindən doğan bu şəfqətli tədbirlərin həyata keçirilməsi ağır zəhmət və uzunmüddətli vaxt tələb edirdi. Zərifə xanım Azərbaycanın bütün rayonlarını gəzərək traxoma ocaqlarını aşkar etmiş, özünün tərtib etdiyi müalicə üsullarını həyata keçirmişdir. Onun mövcud müalicə üsulları ilə yanaşı, o dövrün güclü antibiotiki hesab edilən sintomisindən istifadə etməklə müalicə üsullarını həyata keçirməsi bu ağır xəstə­liyin qarşısının alınmasında başlıca rol oynamışdır.
Elmi-tədqiqat mövzusu kimi də Zərifə xanım Əliyevanın göz xəstə­liklərinin müasir müalicə üsullarına müraciət etməsi insanlara və onları əhatə edən mühitə daha çox işıq gətirmək qayəsinin ifadəsidir. Zərifə xanım Əliyeva 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Namizədlik dissertasiyası kimi bu mövzunun seçilməsi geniş yayılmış traxoma xəstəliyinin ən intensiv müalicə üsullarının müəyyən olunmasına və tətbiq edilib müsbət nəticələr alınmasına şərait yaratmışdır. Elmi fəaliyyətini real həyatla üzvi surətdə əlaqələndirən Zərifə xanım Əliyeva özünün namizədlik dissertasiyası ilə həm tibb elmini yeni ideyalar və metodlarla zənginləşdirmiş, həm də yüzlərlə insana işıq bəxş etmişdir. Hələ XX əsrin 50-ci illərində Zərifə xanım tərəfindən tibb elmi üçün kəşf edilmiş, elmi cəhətdən əsaslandırılmış müalicə üsulları aradan illər keçməsinə baxmayaraq, indi də tətbiq edilir və insanlara nur bəxş edir.
Zərifə xanım Əliyeva ciddi elmi-tədqiqat işləri, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı, elmi-pedaqoji fəaliyyətini də uğurla davam etdirmişdir. Görkəmli alim 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dəvət olunmuşdur. Həmin kafedranın müdiri vəzifəsində çalışan Zərifə xanım bu institutda dosentlikdən akademikliyə qədər yüksəlmişdir.
1977-ci ildə Bakıda Zərifə Əliyevanın təşəbbüsü ilə Ümum­ittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Bu plenum alimin daha bir keyfiyyətini qabarıq şəkildə üzə çıxarmış, tədbirin gözlənildiyindən də yüksək səviyyədə keçirilməsi Zərifə xanım Əliyevanın təşkilatçılıq bacarığının təzahürünə çevrilmişdir. Bakıda ilk dəfə olaraq belə bir ittifaq miqyaslı plenumun keçirilməsi Azərbaycanda oftalmologiya elminin yeni inkişaf mərhələsinə qədəm qoymasına güclü təkan vermişdir. Zərifə xanım oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Akademik M.Averbax adına mükafatına layiq görülmüşdür.
Zərifə xanım Əliyeva oftalmologiya sahəsində yeni istiqamətlər üzrə tədqiqatlar aparmış, bununla bağlı görülən müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr etmişdir. Onun “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” əsərləri bu qəbildəndir.
Görkəmli alimin qələmə aldığı “Terapevtik oftalmologiya”, “Oftalmologiyanın aktual məsələləri”, “İridodiaqnostikanın əsasları” kitabları bu gün də oftalmoloqların ən çox müraciət etdikləri, oxuyub faydalandıqları elmi ədəbiyyatlardır. Gənc həkimlərə düzgün yol göstərən, istiqamət verən, onların bir şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edən bu əsərlər heç vaxt aktuallığını itirməyəcəkdir.
Zərifə xanım Əliyevanın “Azərbaycanın kimya sənayesi müəssisələrində işçilərdə görmə orqanının vəziyyəti” mövzusundakı doktorluq dissertasiyası tibb elminin cəmiyyətlə əlaqəsi baxımından böyük və qətiyyətli addım idi. O, sadəcə, görmə orqanlarındakı xəstəlikləri deyil, istehsalatda baş verən ictimai və tibbi prosesləri vəhdətdə öyrənmiş, Azərbaycanda ilk dəfə olaraq kimya sənayesi müəssisələrində tibbi laboratoriyalar yaratmışdı. Görkəmli alim uzun illər respublikanın 10-dan artıq iri sənaye müəssisələrində böyük miqyaslı elmi-tədqiqat işləri aparmış, zərərli maddələrin təkcə görmə orqanlarına deyil, eyni zamanda, digər orqanlara təsirini öyrənmişdir. Aparılan səmərəli elmi-tədqiqat işləri, tətbiq edilən düşünülmüş üsullar həm kimya texnologiyası işçilərinin göz xəstəliklərinin qarşısını almış, həm də istehsalat mühitinin zəhərli maddələrdən təmizlənməsinə şərait yaratmışdır.
Akademik Zərifə xanım Əliyeva 160-dan çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifidir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarla elmlər doktorunun və namizədinin rəhbəri olmuş və böyük bir elmi məktəb yaratmışdır. Akademik Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
Ümummilli liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı kimi Zərifə xanım Əliyeva ulu öndərimizin Azərbaycanın inkişafı sahəsindəki qətiyyətli mübarizəsinə də etibarlı dayaq olmuşdur. Zərifə xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən ulu öndərimiz deyirdi: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.
Akademik Zərifə xanım Əliyeva göz xəstəlikləri mütəxəssisi kimi Azərbaycanda bu sahədə elmin əsas yaradıcılarındandır. O, göz xəstəliklərinin müalicəsi problemini elmi məktəb səviyyəsinə çatdırmışdır.
Zərifə xanım daim həkim-xəstə münasibətinə xüsusi diqqət yetirmişdir. O, dəfələrlə demişdir ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, onun orqanizminin xəstəliyə qarşı müqavimətini artırır. Zərifə xanım mətbuatda həkim etikası problemlərinə dair maraqlı məqalələr dərc etdirmişdir. Həmin məqalələrdən birində o yazırdı: “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Vicdan əsas hakiminizdir. Ən çətin məqamda və ən xoş saatımızda o, bizimlə üzbəüz dayanıb soruşacaq: Sənin ağ xalat geyinməyə haqqın varmı?”
Ömrün mənasını xalqına xidmətdə görən Zərifə xanım Əliyeva həm də böyük ana – xalqımız, dövlətimiz üçün gərəkli olan 2 övladın anası idi. Bu cəhətdən onu xoşbəxtlərin xoşbəxti sayırlar. Çünki övladları bu gözəl ananın öyüd-nəsihətlərinin işığında xalqa, Vətənə layiqli övladlar olduğunu sübuta yetiriblər. Prezident İlham Əliyev bu gün Azərbaycanı dünya dövlətləri içərisində sözü və yeri olan bir ölkə kimi tanıdıb.
Gözlərə işıq, qəlblərə nur bəxş edən Zərifə xanım Əliyeva 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşmuşdur. İllər bir-birini əvəz etsə də, əbədiyaşar alimin əziz xatirəsi daim ehtiramla yad edilir, işıqlı və nurlu əməlləri bu gün də yaşayır və xatırlanır. İndi onlarla məktəb, xəstəxana, poliklinika, bağ və parklar, küçələr akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Onun xatirəsinə ucaldılan büst və abidələr görkəmli alimə və əsl İnsana olan ehtiramın və məhəbbətin tükənməz təzahürüdür.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR