24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Şərur rayonunda təşkil olunan, inzibati ərazi dairələri üzrə nümayəndələrin, polis sahə müvəkkillərinin, sahibkarlıq subyektlərinin nümayəndələrinin və rayon sakinlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə xidmətin rəis müavini Elnur Məmmədov açıb. 

Bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə bərabər, bütün hüquqlardan və azadlıqlardan istifadə edirlər, bütün vəzifələri yerinə yetirirlər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Onlar Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının və digər qanunvericilik aktlarının tələblərinə riayət etməli, Azərbaycan xalqının adət və ənənələrinə hörmətlə yanaşmalıdırlar.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasında yaradılan turizm infrastrukturu, bu qədim diyarın zəngin tarixi, mədəniyyət və təbiət abidələri, regionun sosial-iqtisadi inkişafı və digər amillər buraya gələn turistlərin sayının gündən-günə artmasına səbəb olub. Odur ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hərəkətlərinin qanunlarımız çərçivəsində tənzimlənməsi təmin edilməlidir.

Sonra xidmətin əməkdaşlarından Tural Bayramovun “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması və yaşaması”, Samir Sadiqovun “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında əmək fəaliyyəti”, Zakir Məmmədovun “Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə mövcud qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət” mövzularında çıxışları olub.
Bildirilib ki, viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi, onun pasportunun surətini internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir.
Vurğulanıb ki, daxili əmək bazarının tələbatı nəzərə alınmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına əmək miqrasiyasına ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məhdudiyyət qoyula bilər. Bu məhdudiyyətləri müəyyənləşdirmək üçün kvota tətbiq edilir. Kvota yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsindəki işlərin effektivliyinin artırılması məqsədilə tətbiq olunur.
Sonra çıxışlar ətrafında müzakirələr aparılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR