24 Dekabr 2024, Çərşənbə axşamı

Burada ailə dəyərlərinin qorunması və insanların bir-birinə mehriban münasibəti çox yüksək səviyyədədir

Naxçıvan Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik ayrılmaz hissəsi olmaqla yanaşı, həm də milli dəyərlərimizin həssas qorunduğu regiondur. Bu qədim Azərbaycan torpağı milli kökə bağlılığı, mental dəyərlərə münasibəti ilə seçilib. Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan tarix boyu Şərq və Qərb arasında müxtəlif sivilizasiyaların, mədəniyyətlərin qovuşduğu region kimi tanınsa da, özünün multikultural ənənələrinə görə də diqqət çəkib. 

Orta əsrlər çağında bura yolu düşən səyyahlar Naxçıvanın təbiətindən, iqlimindən, bərəkətli torpaqlarından söhbət açdıqları kimi, insanlarından, onların xarakterindən də bəhs ediblər. Burada yaşayanların qonaqpərvər, üzügülər, mehriban olduğunu yazıblar. Bu kimi amillər Naxçıvanda tolerant dəyərlərin inkişafında köklü ənənələrin dayandığını göstərir. Məhz bu baxımdan tolerantlıq həm də bizim milli dəyərlərimizin əsasını təşkil edir. İllər keçdikcə, dünya inkişaf etdikcə bu dəyərlər də qorunur, qorunduqca inkişaf edir. Elə bu səbəbdəndir ki, ömrünü Naxçıvanla bağlayan, burada daimi yaşamağa qərar vermiş başqa millətlərin nümayəndələri də az deyil. Vaxtilə Rusiyadan, Ukraynadan, Şimali Qafqazdan və digər regionlardan gələrək Naxçıvanda yaşayan bu insanların burada məskunlaşmasının səbəbi, sadəcə, ailə həyatı qurduqları şəxslərin azərbaycanlı olması deyil, eyni zamanda onlara göstərilən yüksək münasibətdir desək, yəqin ki, yanılmarıq. Şahbuz rayonunda görüşüb söhbət etdiyimiz insanlar da bunu xüsusi vurğuladılar.

Tatyana Georgiyevna 1953-cü ildə Rusiya Federasiyasının Sverdlovsk şəhərində anadan olub. Həyat yoldaşı İsfəndiyar Quliyevlə orada tanış olub. Onun dediklərindən: “1970-ci ildə mən Sverdlovskda Politexnik Texnikumunda oxuyurdum. İsfəndiyar isə Sverdlovska işləməyə gəlmişdi və orada inşaatda çalışırdı. İlk tanışlığımız mən texnikumda oxuyarkən oldu və 1973-cü ildə evləndik. Azərbaycana gələrkən Rusiyadan kənarda heç yerdə olmamışdım. Doğrusunu desəm, valideynlərim də kənar bir yerə getməyimizə razı deyildilər. Ancaq sonda onların da razılığını aldıq və Azərbaycana gəldik. İlk gəldiyim zamanlar bir az çətinliyim oldu, o da, əsasən, dillə bağlı idi. Qısa müddətdə dili öyrəndim, amma danışmağa utanırdım. Sonra isə zamanla bu da aradan qalxdı. Buradakı bütün qohumlarımız mənə qarşı çox həssas və mehriban idilər və bu münasibət indi də davam edir. Zaman keçdikcə Azərbaycan məişəti məni daha çox özünə çəkməyə başladı. İslam dinini də qəbul etdim və bu dinin insanların həyatında necə əhəmiyyətli rol oynadığının fərqinə vardım. Azərbaycanın nə qədər zəngin mədəniyyətə, dəyərlərə malik olduğunu gördüm. Sonra övladlarımız oldu, iki qız və bir oğlan böyütdük, onları evləndirdik. Mən özüm uzun illər rayonda hərbi xidmətə çağırış məntəqəsində çalışdım. İşlədiyim dövrdə hər kəsin mehribançılığını, qayğısını gördüm. İndi isə pensiyaçıyam, gördüyünüz kimi nəvələrimlə günümü keçirirəm (gülür)”.
– Naxçıvana gəldikdən sonra sizi bura bağlayan ən çox nə oldu? – sualıma isə belə cavab alıram: “Əlbəttə ki, hər kəsin mənə mehriban münasibəti”.
Şahbuz şəhərində yaşayan digər həmsöhbətimiz isə milliyyətcə ukraynalı olan Yekaterina Yakovlevadır. 65 yaşı var. Ukraynanın Vinnitsa şəhərində anadan olub və həmin şəhərdə kənd təsərrüfatı institutunda təhsil alıb. O da Tatyana Georgiyevna kimi yerli vətəndaşlarımızdan biri ilə evlənərək Şahbuz rayonuna gəlib. 30 ilə yaxın müddətdə dövlət qulluğunda çalışıb. Həyatından razı görünür. Bunu özündən soruşduqda belə cavab verir: “Hər kəsin öz qisməti var. Demək ki, mənim də qismətimdə Naxçıvanda yaşamaq varmış. Amma bundan çox razıyam. Çünki burada ailə dəyərləri, insanların bir-birinə qarşı münasibəti çox yüksəkdir. Gəldikdən sonra bir neçə dəfə Ukraynaya getmişəm, qohumları, yaxınları ziyarət etmişəm. Onlar da bura məni görməyə gəliblər. Hazırda da telefonla əlaqə saxlayırıq. Ancaq Şahbuz mənim üçün indi daha da doğmalaşıb. Burada 2 oğul, 1 qız böyütmüşəm. Həyatımın ötən günlərinə nəzər saldıqda görürəm ki, indiyədək hər yerdə – işdə, evdə və yaxud harasa gedəndə hər kəsdən hörmət, xoş münasibət görmüşəm. Buna görə də özümü xoşbəxt sayıram”.
Şahbuz şəhərindəki Ahıllar evində yaşayan yəhudi əsilli Violetta Çernışeva da naxçıvanlıların ona xoş münasibətindən ağızdolusu danışdı. Dedi ki, Bakıda anadan olsa da, ali təhsilini Rusiya Federasiyasının Pyatiqorsk şəhərində alıb. Həyat yoldaşı yəhudi olub. Sonra isə ondan ayrılıb. Tale onu Ahıllar evinə gətirib çıxarsa da, həyatın ona bəxş etdiyi sürprizlərə küsməyib. Müsahibimiz Naxçıvanda yaşamağın onun üçün çox rahat olduğunu bildirdi. Qeyd etdi ki, Naxçıvan çox təmiz və sakit bir regiondur. Buradakı insanların çoxu bir-birini tanıyır və hər kəs bir-birinə qarşı mehriban və qayğıkeşdir. Bəzən şəhərdə bir yerə gedərkən danışığıma görə buralı olmadığımı düşünüb mənə qarşı daha mehriban davranırlar. Yaşadığımız Şahbuz rayonundan, həm də Naxçıvandan çox razıyam.
Rayonun Daylaqlı kəndində yaşayan Tamara Berzeqova isə kənd sakini, Çernobıl əlili Füzuli Hüseynovun həyat yoldaşıdır. Milliyyətcə adıgeydir. 1961-ci ildə Rusiya Federasiyasının Krasnodar vilayətinin Maykop şəhərində anadan olub. Həyat yoldaşı ilə bir tekstil fabrikində işləyərkən tanış olub və bu tanışlıq sonradan evliliyə gətirib çıxarıb. Artıq 33 ildir ki, Şahbuz rayonunda yaşayır.
Tamara Berzeqova: “Anadan olduğum və böyüdüyüm şəhər buradan çox da uzaqda deyil, Şimali Qafqaz ərazisindədir. Adıgeylər türk kökənli xalqdır. Ancaq doğulduğumuz yerdə rus dili daha çox hakimdir. Bir Azərbaycan vətəndaşı ilə ailə qurmaq, Naxçıvanda yaşamaq mənim üçün çox xoşdur. Naxçıvanlılar çox istiqanlı, mehriban, bir-birinə qarşı nəvazişli insanlardır. Neçə illərdir, Daylaqlı kəndində yaşayırıq, hər kəsin mənə qarşı hörmətini görmüşəm. Burada qohumlar, qonşular bir-birinə qarşı çox mehribandırlar. Birinin bir çətinliyi olduqda hər kəs ona yardım əlini uzatmağa çalışır. Bundan əlavə, qohumlar arasında əlaqələr yaxşı qorunur. Xeyirdə, şərdə hamı ev yiyəsinə yaxından kömək edir. Bayramlarda bütün qohum-tanışlar bir-birini görməyə, hal-əhval tutmağa gedir. Naxçıvanda dövlətimiz tərəfindən hər kəsə qayğı göstərilir. Həyat yoldaşım Çernobıl qəzasının iştirakçısı olduğuna görə bir neçə ay bundan əvvəl ona minik avtomobili verildi. Bu yaxınlarda isə kəndimizdə yeni sosial obyektlərin açılışı oldu. Bütün bunlara görə dövlətimizə ailəmiz adından minnətdarıq”.
Bəli, yazının əvvəlində də qeyd etdiyimiz kimi, bu gün muxtar respublikamızın bütün bölgələrində, eləcə də paytaxt Naxçıvan şəhərində xeyli sayda ailələr var ki, ailə üzvlərindən birini digər millətlərin nümayəndələri təşkil edir. Biz isə bir rayonun timsalında, həm də məhdud sayda ailəni seçməklə Naxçıvanda yaşamağın onlar üçün necə bir hiss olduğunu öyrənməyə çalışdıq. Gəldiyimiz nəticə isə elə onlarla etdiyimiz söhbətin nəticəsi ilə eyni oldu: Naxçıvanda yaşamaq həm rahat, həm də xoşdur.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR