Düşmənlə sərhəddə mövqe tutan əsgərlərimiz yüksək əhval-ruhiyyədədir
Son günlər Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradıb. Erməni ordusunun müntəzəm olaraq atəşkəsi pozmasına və dinc əhalini hədəf almasına cavab olaraq həyata keçirilən həmin hərbi əməliyyatlar bir daha Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi.
Ötən günlərdə cəbhədə qanlı döyüşlərin getdiyi bir vaxtda düşmən Ermənistan ilə 240 kilometr sərhədi olan blokada vəziyyətindəki Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi məsələsi bir daha aktuallaşdı. Belə bir vəziyyətdə düşmənə xəbərdarlığımız isə Azərbaycan Silahlı Qüvvələrinin ən böyük hərbi kontingentinin – Əlahiddə Ümumqoşun Ordusunun muxtar respublikada yerləşməsidir. Qədim diyarımıza ehtimal olunacaq istənilən hücumu ən müasir döyüş silahları ilə dəf etmək gücünə malik Əlahiddə Ümumqoşun Ordusu çoxminlik şəxsi heyəti ilə düşməni nəinki yerindəcə məhv etmək qabiliyyətinə malikdir, hətta əks-hücuma keçərək onların bütün strateji məntəqələrini darmadağın etmək iqtidarındadır. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev də Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının yüksək səviyyədə olduğunu bildirərək deyib: “Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.
Bu günlərdə Əlahiddə Ümumqoşun Ordusunun regionun ən strateji nöqtələrindən biri olan Sədərək rayonu ərazisindəki döyüş postlarında müşahidə apardığımız zaman bir daha ordumuzun müdafiə potensialının, döyüş hazırlığının ən yüksək səviyyədə olduğuna şahidlik etdik. Belə ki, ötən əsrin 90-cı illərində Naxçıvanın müdafiəsində öz sözünü demiş bu strateji məntəqə bu gün də igid, qəhrəman əsgərlərimiz tərəfindən göz bəbəyi kimi qorunur. Burada xidmətin günün tələbləri səviyyəsində təşkili üçün hər cür şərait yaradılıb, maddi-texniki baza tələb olunan səviyyədə möhkəmləndirilib. Həyata keçirilən kompleks tədbirlər hərbçilərin döyüş qabiliyyətinin və mənəvi-psixoloji səviyyəsinin yüksəlməsinə səbəb olub.
Sədərək rayonunda yerləşən ön xəttə qalxarkən heyrətlənməmək olmur. Burada əlaqə yoluna daşlardan pilləkənlər inşa edilib, hərbi hissənin istehkamçıları sədd və səngərlərimizi daşla, betonla hörərək bərkidiblər. Daha nə yağış, nə də qar torpağı aşındıra bilər.
Onu da öyrəndik ki, sərhəd boyu sakitlikdir. Ölkənin digər təmas xətlərindən fərqli olaraq, bu mövqelərimizdə atəşkəsin pozulması hallarına rast gəlinməyib. Ancaq yenə də burada gördüklərim əsl cəbhə həyatını xatırladır: bütün çətinlikləri, mövcud intizamı özünəməxsus rejimi ilə, eyni zamanda dözümlü, mətin döyüşçüləri ilə insanda dolğun təəssürat yaradır. Baxışlarında qığılcım parlayan bu oğullarla torpaqlarımızı nəinki müdafiə etmək olar, hətta lazım gələrsə, çox-çox irəliyə də getmək mümkündür. Burada olarkən səngərdə görüşüb söhbət etdiyimiz əsgərlər də Ali Baş Komandanın hücum əmrini həmişə gözlədiklərini qeyd etdilər.
Hərbi hissənin qarşısında bizi baş leytenant Seymur Manzanov qarşıladı. Əyinlərindəki zirehli gödəkçə, başlarında dəbilqə, yaraqlı-yasaqlı bir neçə əsgər də sırada dayanmışdı. Məlum oldu ki, onlar postlardakı silahdaşlarını dəyişməyə getməlidirlər.
– Son günlərdə qüdrətli ordumuzun işğal altındakı ərazilərdə uğurlu hərbi əməliyyatlar aparması əsgərlərimizdə və zabitlərimizdə yüksək döyüş əhval-ruhiyyəsi yaradıb, – deyən baş leytenant Seymur Manzanov bizimlə söhbətində onu da qeyd etdi ki, Azərbaycanın alınmaz qalası adlandırılan Sədərəkdə bu gün tam sakitlikdir: – Ancaq biz bilirik ki, ermənilər strateji əhəmiyyətə malik olan Sədərəyi həmişə hədəf seçə bilərlər. Çünki xain düşmən hər an təxribatlara əl ata bilər. Ona görə də biz həmişə döyüş növbəsində ayıq-sayıq dayanır, qarşı tərəfi daim nəzarətdə saxlayır, bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Yüksək döyüş hazırlığına malik əsgərlərimiz də, silah-sursatımız da kifayət qədər vardır. İstənilən anda düşmənin təxribatlarına ən layiqli şəkildə cavab verməyə hazırıq.
Seymur Manzanov onu da dedi ki, burada ölkəmizin müxtəlif bölgələrindən hərbi xidmətə çağırılanlar vardır. Onlar bir-birlərini yaxından tanıyıblar, dostlaşıb-qardaşlaşıblar, bir-birinə arxa-dayaq olublar.
Əsgər Elnur Qasımovla söhbətimiz zamanı o, komandirinin söylədiklərini təsdiqləyərək deyir:
– Biz hərbi xidmətdə olan əsgərlər anlayırıq ki, bizim gücümüz birliyimizdədir. Ona görə də çiyin-çiyinə verib hərbi xidmətimizi uğurla aparırıq. Döyüş növbəsində ayıq-sayıq dayanırıq. Bizim əhval-ruhiyyəmiz çox yüksəkdir. Çünki son günlər ordumuz çox böyük uğurlara imza atıb. Mən Ağdam rayonunun Quzanlı qəsəbəsindənəm. Bizə məlumdur ki, ordumuz artıq müxtəlif istiqamətlərdə, o cümlədən Ağdamın işğal altında qalan ərazilərində böyük irəliləyişlərə nail olub. Bu, məni və əsgər yoldaşlarımı hədsiz dərəcədə sevindirir. Arzulayırıq ki, Ali Baş Komandanımız əmr versin, biz Sədərəkdə xidmət edən əsgərlər muxtar respublikanın işğal altında olan Kərki kəndini xilas edək və düşmənə sarsıdıcı zərbələr endirək.
Əsgər Rasim Əhədov isə Bakı şəhərindəndir. Nizam-intizamı, məsuliyyəti ilə seçilən Rasim deyir ki, biz hərbi xidmətə gələndən sonra silahla rəftar və döyüş qaydalarını öyrəndik. Bir müddətdən sonra komandirlərimiz döyüş növbəsi aparmağa icazə verdilər:
– Sözün açığı, döyüş növbəsində olmaq həmişə mənə böyük qürur bəxş edir. Çünki mən Vətənin keşiyində dayanıram. Azərbaycanın hər bir bölgəsi mənim üçün əzizdir. Mən fəxr edirəm ki, bu gün ulu öndərimiz Heydər Əliyevin doğulub boya-başa çatdığı qədim Naxçıvan diyarının keşiyində dayanmışam.
Naxçıvan şəhərindən olan əsgər Bəhlul Mirzəyev isə deyir: – Əsgər yoldaşım kimi mən də Vətənə xidmət etdiyim üçün qürur hissi keçirirəm. Düşmən bizim məğrur duruşumuzu görür və Vətənin keşiyində necə ləyaqətlə dayandığımızı hər addımda hiss edir. Daha doğrusu, biz ayıq-sayıqlığımızla onlara bunu hiss etdiririk, düşmənə, necə deyərlər, göz açmağa imkan vermirik. Hər şeyi nəzarətdə saxlayırıq. Ordumuzun qazandığı uğurlar bizi daha da ruhlandırır. Düşmənin istənilən təxribatının qarşısını almağa tam hazırıq.
Ordubad rayonundan olan əsgər Nicat Təvəkkülzadə deyir ki, bu yerlər artıq 26 ildir, döyüş bölgəsi adlandırılır. Vaxtilə burada qanlı döyüşlər gedib, tez-tez atışma olub. Bu gün isə ermənilər buna cəsarət edə bilmirlər. Çünki onlar hər dəfə layiqli cavablarını alırlar və susmaqdan başqa çarələri qalmır:
– Biz düşmənin başını qaldırmasına imkan vermirik. Müşahidələrimə əsasən deyə bilərəm ki, bu gün düşmən qorxu içərisindədir. Çünki onlar bizim gücümüzə artıq bələddirlər. Bilirlər ki, bir an içərisində onları məhv edə bilərik.
Kiçik çavuş Məmmədbağır Əliyev Kəngərli rayonundandır. O da mehriban kollektivdə qaynayıb-qarışıb, manqa komandiri kimi mahir döyüşçüyə çevrilib. O deyir:
– Mən minaatan batareyasında xidmət edirəm. Biz istənilən vaxt istənilən düşmən hədəfini məhv edə bilərik. Keçdiyimiz hərbi təlimlərdə mən və xidmət yoldaşlarım döyüşün bütün sirlərinə yiyələnmişik. Bununla bərabər, biz burada valideynlərimizin, eyni zamanda Vətənimizin dəyərini daha yaxşı anlayırıq. Məsuliyyətin nə olduğunu bilirik. Bilirik ki, əgər biz döyüş növbəsində ayıq-sayıq dayanmasaq, düşmən müxtəlif təxribatlar törədə bilər. Ona görə də Vətənimizin keşiyində mətanətlə dayanmışıq və düşmənə heç vaxt imkan vermərik ki, hər hansı təxribat törətsin.
Sumqayıt şəhərindən hərbi xidmətə gələn əsgər Aydın Nəcəfov:
– Mən əslən Qərbi Azərbaycanın Sisian rayonunun Şəki kəndindənəm. Hər dəfə döyüş növbəsində dayananda həsrətlə Vətən torpaqlarına baxıram. Mənim dayandığım bu qədim diyarın ərazisi əvvəllər daha da böyük olub. Hətta vaxtilə Qarakilsə adlanan Sisian rayonunu da əhatə edib. Əminəm ki, nə vaxtsa biz ata-baba yurdumuza qayıdacağıq. Bizi o torpaqlardan qovan düşmənimizə qarşı böyük nifrət bəsləyirəm. Həm də buna görə istənilən döyüş tapşırığını yerinə yetirməyə tam hazıram. Yetər ki, Ali Baş Komandan əmr versin.
İgid əsgərlərimiz onu da vurğuladılar ki, Ali Baş Komandanı cənab İlham Əliyev olan ordumuz heç vaxt yenilməyəcək. Bəli, bu əsgərlər öz vətənlərində – Azərbaycan torpağında xidmət edirlər. Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq bizim torpaqlarda gözü olanlar bu gün layiqli cavablarını alırlar.
Özünün yüksək döyüş hazırlığına görə dünyanın qüdrətli ordularından heç də geri qalmayan Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu bu gün istənilən hərbi vəzifəni yerinə yetirmək qüdrətindədir. Bu gün Əlahiddə Ümumqoşun Ordusu istər sülh, istərsə də müharibə vəziyyətində istənilən xarici hərbi müdaxilələrin qarşısının alınmasında buradakı qüvvələrin koordinasiyasının həyata keçirilməsi, regiondankənar digər hərbi birləşmələrin köməyi olmadan müstəqil şəkildə müharibə apara bilən hərbi birləşmə olmaqla muxtar respublikanın təhlükəsizliyində mühüm rol oynayır. Son dövrlər Azərbaycan Silahlı Qüvvələri və onun tərkib hissəsi olan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu istər hərbi təlimlərdə, istərsə də təcavüzkar düşmənin təxribatlarına qarşı ildırımsürətli cavab zərbələrində öz gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Sədərək rayonunda ön xətdə yerləşən postlarda gördüklərimiz bir daha bu qənaətimizi gücləndirdi.
Rauf Əliyev