Qəhrəmanlıq bizə tariximizin dərinliklərə uzanan qatlarından gəlir. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Cəmşid xan Naxçıvanski, Həzi Aslanov, Mehdi Hüseynzadə və adını sadalamadığımız neçə-neçə igid və cəsur oğullarımızın şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Ancaq unutmayaq ki, qəhrəmanlığın əsasını qoyan amil vətənpərvərlikdir. Çünki vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Bəlkə də buna görədir ki, tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Müstəqilliyimizin ilk illərində canlarını Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyev idi.
Yusif Mirzəyev 1958-ci il mayın 23-də indiki Kəngərli rayonunun Böyükdüz kəndində anadan olmuşdur. 1975-ci ildə İslam Səfərli adına Naxçıvan şəhər 1 nömrəli orta məktəbi bitirmiş, 1976-cı ildən rabitə sahəsində əmək fəaliyyətinə başlamışdır. O, işləyə-işləyə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) ali təhsil alır. 1987-ci ildə həmin institutun Mühasibat uçotu ixtisasını bitirir və Bakıdakı bankların birində müfəttiş vəzifəsinə təyin olunur. Ötən əsrin sonlarında ölkəmizdə baş verən hadisələr Yusif Mirzəyevi də çox narahat edirdi. Xüsusilə 1990-cı il 20 Yanvar faciəsi ona böyük təsir edir və xalqımıza qarşı törədilmiş bu qanlı hadisəyə biganə qala bilmir, hətta faciə zamanı imperiya ordusunun əsgərləri tərəfindən ağır işgəncələrə məruz qalır. Lakin bu işgəncələr Yusifi sındırmır, əksinə, onu daha da mətinləşdirir.
Milli Qəhrəmanın bacısı Naibə Mirzəyeva bizimlə söhbətində bildirdi ki, ailədə yeddi uşaq olmuşuq – dörd qardaş, üç bacı. Yusif qardaşlardan ən böyüyü, uşaqlardan isə ikincisi idi. O, kiçik yaşlarından dürüstlüyü, sadəliyi, mərdliyi ilə seçilirdi. Heç kimi incitməz, xaraktercə şən olduğuna görə hamıyla zarafatlaşar, deyib-gülərdi. Hələ orta məktəbdə oxuduğu illərdə yaşıdları arasında hörmət qazanmışdı. Onun Vətənə olan məhəbbəti sonsuz idi. Vətənini hər şeydən üstün tuturdu. Hərbi xidmətini Rusiyanın Çita vilayətində keçmişdi. Xidmət etdiyi dövrdə daim komandirləri tərəfindən yüksək qiymətləndirilmiş, bununla bağlı evimizə təşəkkür məktubları göndərilmişdi.
Naibə xanım dedi ki, Dağlıq Qarabağda ermənilərin törətdiyi qanlı cinayətlər onu bir an belə rahat buraxmırdı. O, 1991-ci ilin sonlarında könüllü olaraq cəbhə bölgəsinə yollandı. Yusif Mirzəyevin ilk döyüşü Ağdərə-Goranboy istiqamətində olmuşdu və tez bir zamanda xidmət etdiyi briqadanın fəal döyüşçülərindən birinə çevrilmişdi. Komandanlıq onu briqada komandirinin təchizat üzrə müavini təyin etmişdi. Bacarığı, cəsurluğu ilə qısa müddətdə hərbi hissədə hamının rəğbətini qazanmışdı. Yusif Mirzəyev 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda layiqincə iştirak etmişdir. Ağdərədə 17 kəndin ermənilərdən geri alınmasında onun müstəsna xidmətləri olmuşdur. Yusif cəbhəyə və silah yoldaşlarına çox bağlı idi. Döyüşlərin ağır getdiyi bir zamanda böyrəklərində ciddi problemlər yarandığına görə onu xəstəxanaya yerləşdirmişdilər. Lakin müalicəsi bitməmiş həkimlərin ciddi etirazına, bizim təkidli istəklərimizə baxmayaraq, yenə də cəbhəyə yollanmışdır. O, döyüşlərin birində öz dəstəsi ilə mühasirəyə düşür. Lakin çevikliyi və cəldliyi sayəsində itki vermədən döyüşçü yoldaşlarını mühasirədən çıxarmağı bacarır. 1993-cü il fevral ayının 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində isə silah yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına şəhid olur. 1993-cü il fevralın 21-də Yusifin cənazəsi doğma Naxçıvanına gətirildi. Onu Şəhidlər xiyabanında dəfn etdik və cəmi bir ay sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Bu gün Bakı şəhərinin Nəsimi rayonundakı 44 nömrəli tam orta məktəb onun adını daşıyır. Məktəbin qarşısında və Naxçıvan şəhərindəki Nizami küçəsində onun büstü qoyulmuşdur. Yusifin qəhrəmanlığına mahnılar bəstələnmiş, şeirlər yazılmışdır...
Elə mahnılardan söz düşmüşkən qeyd edək ki, bu gün hər kəsin dillər əzbəri olan “İgid əsgər, möhkəm dayan” mahnısı Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə həsr olunmuşdur. Mahnının ifaçısı Şəmistan Əlizamanlı deyir ki, Yusiflə tanışlığımız cəbhədə başlamışdı: “Ağdərə döyüşləri zamanı, 1992-ci ilin sentyabr ayının sonlarında Çıldıran kəndi uğrunda əməliyyatda iştirak edirdik. Mühasirəyə düşmüşdük. Mühasirədən çıxandan sonra Yusiflə tanış oldum. İlk baxışdan mənə elə gəldi ki, onu elə uşaqlıq illərimdən tanıyıram. O qədər istiqanlı, səmimi adam idi ki, tez bir zamanda biz yaxın dost olduq. Onun səhhətində müəyyən problemlər var idi. O zaman biz onu məcbur etdik ki, Bakıda müalicə alsın. Hərbi əməliyyatlar zamanı mən də xəsarət almışdım. Elə oldu ki, biz Yusiflə eyni xəstəxanada müalicə olunduq. Xəstəxananın həkimi Şahin Musaoğlu bizə tez-tez baş çəkirdi, bizimlə söhbət edirdi. Yusifin sənədləri hələ sağlığında göstərdiyi xidmətlərə görə “Milli Qəhrəman” adına təqdim olunmuşdu. Ağdərə rayonunun mərkəzini 14 nəfərlə bir gün qoruyub saxlamışdı, erməni hücumunun qarşısını almışdı. Bu, görünməmiş bir igidlik idi. Bir dəfə həkimimiz Şahin Musaoğlu dedi ki, bir mahnı yazmışam və mahnını zümzümə etdi. Doğrusunu desəm, mahnı məni elə də cəlb etmədi. Yusif isə o saat mahnıya reaksiya verdi. Dedi ki, gözəl mahnıdır. Bir dəfə ondan soruşdum ki, doğrudanmı, mahnı xoşuna gəlir? Dedi ki, mən bu mahnını çox bəyənmişəm. Mən də zarafatla dedim ki, əgər sənin xoşuna gəlirsə, bu mahnını mən ifa edəcəyəm. Dedi ki, söz verirsən? Dedim ki, söz verirəm. Təbii ki, mən zarafat edirdim. Çünki o zamana qədər heç vaxt mahnı ifa etməmişdim. Heç bilmirdim ki, məndə mahnı ifaçılığı alınar, yoxsa yox. Biz xəstəxanadan tərxis olunduqdan sonra Yusif Ağdərəyə qayıtdı. Hərdən Bakıya gələndə soruşurdu ki, o mahnının axırı necə oldu? Mən də hər dəfə bir bəhanə ilə ləngidirdim. Növbəti dəfə Yusif soruşanda həmin mahnının sözlərinin çap olunduğu vərəqi ona göstərdim. Dedim ki, görürsən, bax burada yazmışam ki, Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə ithaf edirəm. O, çox sevindi... Bir neçə gün sonra şəhid oldu. Bu, mənim üçün çox ağır bir itki idi. Bir sarsıntı keçirdim. Həm əziz, doğma bir insanı itirmək, həm də müharibə şəraitində Azərbaycanın belə bir qəhrəman oğlunu itirmək, doğrudan da, çox ağır idi. Onun vəfatının 40-cı günü biz “Vətən sənə oğul dedi” adlı bir veriliş hazırladıq. Onda dostlarımız dedilər ki, sən sağlığında Yusifə söz vermisən, mahnını ifa et. Beləliklə də, mahnını yazdırdıq. Mahnını müharibə görüntüləri ilə birlikdə Yusif haqqında hazırladığımız verilişin sonunda verdik. Veriliş efirə gedəndən sonra mahnı haqqında qəzetlərdə yazılar dərc olundu. Mən də gördüm ki, uğurlu alınır və həkim-bəstəkar Şahin Musaoğlu ilə birlikdə bu işimizi davam etdirdik və ardınca bir çox vətənpərvər mahnılar yarandı. Mənim ifaçılığımın meydana çıxması Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə həsr olunmuş o mahnı ilə başlayıb. Yusif olmasaydı, təbii ki, mənim bu yaradıcılığım üzə çıxmayacaqdı...”
Bəli, Yusif bu gün də şeirlərdə, mahnılarda və ən əsası ürəklərdə yaşayır. “Ya azad ol, ya candan keç”, – deyə hayqıran bu Vətən oğlunun ömür yolu indi bütün gənclərimiz üçün əsl nümunədir. Bu nümunəni isə Milli Qəhrəmanımız canından artıq sevdiyi Vətəninə sonsuz sevgisi ilə ortaya qoymuşdu.
Səbuhi Həsənov