24 Dekabr 2024, Çərşənbə axşamı

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, martın 24-dən 27-dək respublikamızın bir sıra regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da “Ölkəmizi tanıyaq” devizi ilə növbəti maarifləndirici tur-aksiya keçirilib. Martın 24-də tur-aksiya çərçivəsində Bakı şəhərinin 12 rayonundan 160 məktəbli 20 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəlib. Dörd gün ərzində qədim Naxçıvanın tarixi abidələri,  mədəniyyət, təhsil və istehsal müəssisələri, gəzməli-görməli yerləri ilə tanış olan bakılı məktəblilər martın 27-də Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınıblar. Paytaxta yola düşməmişdən əvvəl onların bir neçəsinin səfər təəssüratlarını öyrəndik. 

 

Bakı şəhərinin Qaradağ rayonundan gələn qrup rəhbəri Şamama Ağamuradova dedi:
– Məktəblilərimiz dörd gün ərzində ölkəmizin qədim diyarı, dahilər yurdu olan Naxçıvan Muxtar Respublikasının zəngin və çox­əsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə etdilər, Naxçıvan şəhərində, Ordubad, Şahbuz, Kəngərli rayonlarında oldular. Buradakı təhsil, istehsal, mədəniyyət müəssisələri ilə yaxından tanışlıq onlarda böyük maraq oyatdı. Muxtar respublikanın füsunkar təbiəti hər birimizi valeh etdi.
Naxçıvan şəhərinin, buradakı tarixi abidələrin və müasir binaların gözəlliyi, insanların qonaqpərvərliyi və istiqanlılığı bizdə xoş duyğular oyatdı.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya gənclərə dövlət qayğısının təzahürüdür. Tur-aksiya məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması baxımından çox əhəmiyyətlidir.
Bakı şəhərinin Pirallahı qəsəbəsindəki 231 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Orxan Abbasov da Naxçıvandan xoş təəssüratlarla ayrıldığını vurğulayaraq dedi:
–Naxçıvan Muxtar Respublikası ilə tanışlıq hər birimizin ürəyincə oldu. Naxçıvandakı tarixi abidələr regionun zəngin mədəniyyətindən və qədim tarixindən xəbər verir. Naxçıvan sanki açıq hava altında olan bir muzeyə bənzəyir. Buranın gözəlliyinə, təbiətinə heyran qaldım. Naxçıvan şəhəri çox gözəldir. Binalar göz oxşayır. Hər tərəfdə səliqə-sahman gördüm.
Biz “Naxçıvan” Universitetində və Naxçıvan Dövlət Universitetində də olduq. Burada yaxşı təhsil almaq üçün hər cür şərait var. Mən çox istərdim ki, məktəbi qurtarandan sonra bu iki universitetdən birinin tələbəsi adını qazana bilim. Ali təhsil ocaqları ilə tanış olandan sonra məndə bu arzular yarandı.
Naxçıvan səfərimiz mənim və dostlarımın Vətənə olan sevgisini daha da artırdı. Aksiya zamanı biz həm də yaşıdlarımızla fikir mübadiləsi apar­maq imkanı qazandıq. Bizə bu şəraiti Prezidentimiz cənab İlham Əliyev yaradıb. Bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarıq. Çünki bu səfər bizim həyatımızda unudulmaz xatirəyə çevriləcəkdir.
Bakı şəhərinin Binəqədi rayonunda yerləşən 126 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Həvva Mansurova da bu cür tədbirlərin əhəmiyyətindən danışdı, Naxçıvanı yaxından tanıdıqdan sonra qədim diyarı daha çox sevdiyini bildirdi:
– Naxçıvanın tarixi, gəzməli-görməli yerləri, abidələri haqda kitablardan oxumuşdum. Ancaq düzünü deyim ki, ərazi baxımından Azərbaycandan ayrı düşən bu diyar haqda tam təsəvvürüm yox idi. Təşkil edilən ekskursiyalar qədim Naxçıvanı yaxından tanımağımıza şərait yaratdı.
Naxçıvanqala, Xan sarayı, Möminə xatın türbəsi, o cümlədən Naxçıvan Muxtar Respublikasının istehsal, təhsil müəssisələri ilə tanışlıq yurdumuzu daha yaxından tanımağımız üçün gözəl fürsət oldu. Naxçıvandan çox böyük təəssüratlarla ayrılırıq.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR