24 Dekabr 2024, Çərşənbə axşamı

Dünən Naxçıvan şəhərindəki Xatirə Muzeyində “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda açıq dərs keçilib. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə keçilən açıq dərsdə muxtar respublikanın 200-ə yaxın məktəbi ilə Xatirə Muzeyi arasında inter­aktiv əlaqə yaradılıb.

Açıq dərsdə muzeyin direktoru Aynur Məhərrəmova şagirdlərə məlumat verərək bildirib ki, ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının xalqımıza qarşı törətdikləri dəhşətli cinayətlərin izləri buradakı eksponatlarda öz əksini tapıb. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhid olmuş qəhrəmanlarımızın fotoşəkilləri, şəxsi əşyaları və sənədləri, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir. Muzeydə eksponatların xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilməsi bura gələnlərin, xüsusilə gənc nəslin qəhrəmanlıq tariximiz haqqında ətraflı məlumat almasına imkan verir, onların bu ruhda böyümələrinə müsbət təsir göstərir.
Qeyd olunub ki, ötən əsrdə mənfur ermənilər onlara himayədarlıq edənlərin dəstəyi ilə xalqımıza qarşı bir neçə dəfə soyqırımı aktı həyata keçiriblər. Bu faciələrdən miqyasına görə ən böyüyü 31 mart soyqırımıdır. 1918-ci ilin martında törədilmiş bu qanlı faciə paytaxt Bakı şəhəri də daxil olmaqla, ölkəmizin bir sıra regionlarını, o cümlədən muxtar respublikamızı da əhatə edib. 1905-1907, 1918-1920, 1988-1992-ci illərdə xalqımıza qarşı soyqırımı törədilməsində əsas məqsəd torpaqlarımızın işğalı və “böyük Ermənistan” dövlətinin yaradılması idi. Hazırda muzeydə bu faciəli hadisələri özündə əks etdirən müxtəlif fotoşəkillər, xəritələr və sənədlər nümayiş etdirilir.

Vurğulanıb ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri bu soyqırımı aktları və deportasiya ilə bağlı məsələyə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu baxımdan çox mühüm tarixi sənəddir.
Şagirdlərə məlumat verilib ki, dahi şəxsiyyət Heydər Əliyevin bu sahədəki fəaliyyətini ölkə Prezidenti cənab İlham Əliyev bu gün uğurla və qətiyyətlə davam etdirməkdədir. Hazırda dövlət başçısının rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, ölkəmizin haqq səsinin və ədalətli mövqeyinin dünya dövlətləri tərəfindən müdafiəsi istiqamətində məqsədyönlü iş aparılmaqdadır. Dövlətimizin iqtisadi və siyasi gücü artdıqca onun beynəlxalq nüfuzu da güclənir, Azərbaycanın haqlı mövqeyini müdafiə edən ölkələrin və beynəlxalq təşkilatların sayı artır.
Açıq dərsdə azərbaycanlılara qarşı ayrı-ayrı vaxtlarda həyata keçirilən soyqırımı və deportasiya siyasətinin acı nəticələrini özündə əks etdirən eksponatlar videobağlantı vasitəsilə şagirdlər tərəfindən izlənilib və müxtəlif bölmələrdə yerləşən eksponatlar haqqında müfəssəl məlumat verilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, eyni zamanda təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına hərtərəfli şərait yaradıb. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin təşkili məqsədilə mərkəzi serverin qurulması, ümumtəhsil məktəblərinin və muzeylərin bu sistemə qoşulması məsafəli tədrisin, açıq dərslərin və dialoqların təşkilinə öz töhfəsini verib.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR