24 Dekabr 2024, Çərşənbə axşamı

Ulu öndərimiz Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad qədim tarixə malik yaşayış məntəqəsidir. Füsunkar təbiəti, dadlı-tamlı meyvələri, özünəməxsus adət-ənənələri olan Ordubad bu gün ən gözəl çağlarını yaşayır. Və bu çağlara uzun bir yol keçərək gəlib çatıb. Xüsusi qeyd olunmalıdır ki, dəniz səviyyəsindən 950 metr yüksəklikdə, Araz çayından, təqribən, 3 kilometr məsafədə yerləşən Ordubad tarixi və təbiət abidələri, köhnə tikililəri, planlaşdırılmış şəhər quruluşu ilə Azərbaycanın nadir şəhərlərindən biridir. Şəhər şimaldan Aşağı Əndəmic, şərqdən Kotam, qərbdən Aşağı Əylis kəndləri, cənubdan Araz çayı ilə həmsərhəddir. 

Ordubadda ilk yaşayışın, təqribən, eramızın V-VII əsrlərinə təsadüf etməsi ehtimal olunur. Bu dövrlərdə feodal münasibətlərinin möhkəm­lənməsi ilə əlaqədar Azərbaycanda şəhər həyatı hiss ediləcək dərəcədə canlanmış, istehsal sahələrinin inkişafı yeni şəhərlərin yaranmasına şərait yaratmış, sənətkarlıq və ticarət inkişaf etməyə başlamış, Qara dəniz sahilboyunu Hindistan və Çinlə birləşdirən karvan yolu üstündə yerləşən Ordubad da beynəlxalq ticarətdə hiss ediləcək dərəcədə rol oynamışdır. Bəhs olunan dövrdə buradan quru meyvələr və başqa kənd təsərrüfatı məhsulları, ipək parçalar ixrac olunmuşdur.

Geniş meyvə bağları şəhəri hər tərəfdən əhatə edirmiş. Həmin bağlarda cəviz, gavalı, alça, şaftalı, ərik və sair meyvələr yetişdirilirmiş. Bu meyvələr bütün dünyada şöhrətlənmişdi. Şəhərin qapalı olmasına baxmayaraq, ordubadlılar ticarəti geniş ərazidə aparırdılar. Sənətkarlığın inkişafı şəhərdə məhəllələrin artmasına səbəb olurdu. Sakinlərin yerləşməsi isə sosial-sənətkarlıq prinsipinə əsaslanırdı. Məhəllələrin təşkili yaşayış evlərinin tikilişi ilə yanaşı, xidmət binalarının, birinci növbədə, məscid və su təchizatı tikililərin, hamamların inşa olunmasını zəruri edirdi.
Orta əsrlər şəhərləri üçün xarakterik olan sosial planlaşdırma Ordubadın timsalında öz xüsusi həllini tapmışdı. Mənzərəli dağ ətəkləri, yaşıllıqlara bürünmüş Ordubadçayın yamacları, çoxsaylı bulaqları, zirvələri qarla örtülmüş dağların ətəklərində yayılan geniş meyvə bağları, mavi, açıq səmanın, isti cənub Günəşinin fonunda Ordubad təkrarolunmaz yaraşıq və gözəlliyi ilə diqqəti cəlb edirdi. Hələ XIX əsrdə Ordubadda olmuş xarici səyyahlardan biri belə yazırdı: “Şəhərin yüksəklikdə yerləşməsi, çoxlu dağ sularının təmizliyi, havanın həmişə yarğanlar boyu hərəkəti, şimaldan bağlarla birtərəfli bağlanması – bütün bunlar bitki örtüyünün valehedici şəkildə inkişafına, sağlam iqlim şəraitinin olmasına zəmin yaradır”.
Ordubadçayın dərin dərələri ilə iki hissəyə bölünmüş, girintili-çıxıntılı ətraflarda qərar tutan Ordubadda o dövrdə adıçəkilən çayın sağ sahilində, yüksək təpə üstündə “Qala” saray kompleksi yerləşibmiş. Ordubadın bu hissəsi daha qədim hesab edilir və şəhərin birinci mərkəzi sayılırmış. Həmin keçmiş mərkəz XVII əsrin sonları, XVIII əsrin əvvəllərində öz əhəmiyyətini itirir, onun funksiyasını çayın sol sahili yerinə yetirməyə başlayır.
Ordubad şəhəri dəqiq plan quruluşuna malikdir. Belə ki, bütün ətraf yollar şəhərin mərkəzinə doğru uzanır. İlk baxışdan qarmaqarışıq görünən yollar diqqətlə baxdıqda şəhərin mərkəzinə sistemli şəkildə birləşir. Mərkəzdəki Cümə məscidi şəhərin ən qədim tikililərindəndir. Onun ətrafında yüksək ruhani-mədrəsə məktəbi və ticarət mərkəzi olan Qeysəriyyə orta əsrlərdə Ordubadın ictimai mərkəzini təşkil edirdi. Əsas magistral kimi bugünkü Heydər Əliyev prospekti dəmiryol vağzalı ilə şəhər mərkəzini birləşdirir. Bu prospektdə hazırda idarə və təşkilatlar, həmçinin ticarət müəssisələri yerləşir.
Əsas magistralla yanaşı, şəhərin planında 5 tərəfə yönəlmiş yollar var. Şimaldan şəhər mərkəzinə birləşən yol Yuxarı Əndəmic kəndinə doğru uzanır. Şimal-şərqdəki yol Gənzə kəndinə (Gənzəçay tərəfə) gedir. Şərqə gedən yol köhnə qəbiristanlıqda qurtarır. Cənub-qərb istiqamətindəki yol Naxçıvan şəhərinə gedir.
Ordubadın planlaşdırılmasının daha bir xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bütün küçələrin iki-üç, bəzən də yerləşdiyi ərazidən asılı olaraq dörd balaca meydanları var. Bu meydanlarda məscid, çeşmə və qocaman çinarların olması mütləqdir və onlar şəhərin əsas elementlərini ansambl şəklində birləşdirir. Şəhərdə köhnə məhəllə adları – “Kürdətal”, “Mingis”, “Üçtürləngə”, “Sərşəhər” adları bu gün də qorunub saxlanılmaqdadır. “Yuxarı Ambaras” və “Aşağı Ambaras” adlanan iki məhəllə sağ sahildə, digər məhəllələr isə Ordubadçayın sol sahilində yerləşir. Onların arasında ən böyüyü “Sərşəhər”dir ki, bu da “şəhərin baş hissəsi” mənasını bildirir. Burada indiyədək qorunub saxlanılan ibadət evləri, məscidlər var.
Sahəsi o qədər də böyük olmayan məhəllə məscidləri Şərq arxitekturasının elementlərini özündə birləşdirir. Şəhərin bütün məscidlərində, yaşayış evlərində memarlıq üsulları dərin oxvarı fasad-eyvanlar, düzbucaq şəklində özüllər, bir də müxtəlif ağac və şəbəkə işləmələr ilə izlənilir. Bu məscidlərdə mehrablar XVII-XVIII əsr yaşayış evlərinin daş buxarılarını xatırladır. Məscidlərdə minarələr yoxdur. Bu da şəhərin relyefi ilə əlaqədardır ki, məscid damları minarələri əvəz edir. Məscid damlarında minarələrin yerlərinə meydançalar düzəldilib ki, ora balaca pilləkənlərlə qalxılır.
Ordubad şəhərinin yaşayış binalarının memarlıq üslubunun analoqu yoxdur və Azərbaycanın bütün bölgələrindən özünəməxsusluğu ilə seçilir. Yaşayış evləri orta əsrlərə xas olan qapalı malikanə formasındadır, xarici dünyadan tam təcrid olunması ilə seçilir. Təbii iqlim şəraitinin əlverişli olması evlərin həyətində meyvə bağlarının salınmasına imkan vermişdir. Burada məişət və bəzən təbii iqlim xüsusiyyətlərinə görə çox maraqlı yaşayış evləri planları yaranmışdır. Böyük maraqdoğuran cəhətlərdən biri yaşayış evlərinin giriş qapılarında qapı zənglərinin vurulmasıdır ki, bunlar da müxtəlif metal məmulatlarından hazırlanıb. Qadınlar üçün hazırlananlar “zəncirbab”, kişilər üçün hazır­lananlar isə “taqqılbab” adlanır.
Küçədən ailə məişətinin təcridi cəhdi yaşayış evlərinin kompozisiyasında özünü göstərir. Ayrı-ayrı yaşayış evlərinin tikilişində kompozisiya prinsiplərinin ailənin tələbatı ilə sıx bağlılığı diqqəti cəlb edir. Elə buradan da planların həlli və formaların müxtəlifliyi yaranıb.
Ordubadda əhali arasında ticarətçilərin çoxluğu şəhərin varlı insanlarının arasında ikimərtəbəli evlərin geniş yayılmasına səbəb olmuşdur. Məhz tacir evləri məxsusi olaraq Azərbaycan şəhərlərinin simasında Ordubadı fərqləndirir. Həmin evlərin memarlıq üslubunda səkkizkünclü, çoxkünclü və düzkünclü şəkilli, trapesiya formalarını görmək mümkündür. Səkkizguşəli girişlər, yarımpərgar və səkkizguşəli çıxıntılar xüsusi maraq doğurur.
Bütün evlər çiy kərpicdən və tirlərdən ibarətdir. Ordubadın bütün qədim yaşayış tikililərində ümumi kompozisiya ilə yanaşı, ənənələrlə təyin olunmuş və xüsusi planın suallarına cavab verən çöl görüntüsü diqqəti cəlb edir. Evlər bir qayda olaraq küçəyə birləşir, çöl görüntüsünü tamamlayır. Evlərin çoxunun həyətində 3-5 metr dərinlikdə çeşmələr var. Onlar girişi aşağıya doğru yönəlmiş pilləkənlərlə müşayiət olunur ki, bunlar da “Qırxayaq” adlanır. Bütün bu çeşmələr kəhriz sistemi ilə birləşdirilib. İstənilən evin həyətində daşdan göl və sıx salınmış bağla yanaşı, üfüqi şəkildə özüllərdə salınmış talvarlar diqqəti cəlb edir.

Azər ƏLİYEV
Ordubad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR