Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2016-cı il martın 17-də “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında Sərəncam imzalayıb. Fövqəladə hallar atlasının nəşr edilməsi muxtar respublikada təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsi məqsədi daşıyır.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən aldığımız məlumata görə, atlasın işlənilməsi ilə bağlı artıq hazırlıq işlərinə başlanılıb. Nazirlikdə bununla bağlı işçi qrupu yaradılıb, vəzifə bölgüsü aparılıb, atlasın məzmunu və redaksiya heyətinin tədbirlər planının layihəsi hazırlanıb. Hazırda fövqəladə hallar atlasının işlənilməsi üçün Naxçıvan Muxtar Respublikasının sülh və müharibə dövrləri üçün mülki müdafiə planlarının aid bölmələri öyrənilir, təbii fəlakətlərin və texnogen qəzaların tədqiqi ilə bağlı ədəbiyyatlar, elmi işlər və monoqrafiyalar araşdırılır. Eyni zamanda muxtar respublikada yarana biləcək dağıdıcı hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması işinin təşkili ilə bağlı vahid dövlət sisteminə daxil olan idarəetmə orqanlarının, mülki müdafiə qüvvə və vasitələrinin tərkibi və sayı dəqiqləşdirilir, fövqəladə halların monitorinqi, proqnozlaşdırılması, müşahidə və laboratoriya nəzarəti sistemlərinin fəaliyyət qaydaları öyrənilir. Atlasın hazırlanması üzərində işlər davam etdirilir.
Qeyd edək ki, fövqəladə hallar atlasının nəşri ilə bağlı yaxın günlərdə redaksiya heyətinin ilk iclasının keçirilməsi planlaşdırılıb.
Xəbərlər şöbəsi