24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycanın dövlətçilik atributlarının öyrənilməsi və tədqiqi dövlətçilik tariximizin dərin köklərə malik olduğunu sübut edir. Bu istiqamətdə ölkəmizdə çox mühüm və əhəmiyyətli işlər görülmüşdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 13 mart 1998-ci il tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının tədqiqi və təbliğinin gücləndirilməsi haqqında” Sərəncamında dövlətçilik atributlarının və tarixi ənənələrin dərindən araşdırılması və öyrənilməsi tələb olunurdu. Azərbaycan Prezidentinin 2007-ci ildə Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması və 2009-cu ildə Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamlarının məhz noyabrın 17-də imzalanması xüsusi əhəmiyyət kəsb edir. Xatırladaq ki, 1990-cı il 17 noyabr tarixində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli Azərbaycan bayrağı da Naxçıvan Muxtar Respublikasının dövlət rəmzi statusunu almışdır.
Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 10-cu maddəsinin “Mədəni irsin qorunması və səmərəli idarə edilməsi” bəndində deyilir: “...Dünya muzeylərində saxlanılan Azərbaycan mənşəli eksponatların tədqiqi və Azərbaycana məxsusluğunun sübutu üçün materialların toplanması da diqqət mərkəzində olacaqdır”.

Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və təbliği istiqamətində görülən işlər sırasında ən mühüm yerlərdən biri azərbaycançılığın tarixi köklərə əsaslanaraq inkişaf etməsini bildirən dövlət atributlarının öyrənilməsi sahəsində aparılan elmi-tədqiqat işləridir.
Dövlətçilik tariximizdə mühüm yer tutan Şimali Azərbaycan xanlıqları ləğv edildikdən sonra onların bayraqları qənimət kimi Rusiya imperiyasının qüdrətini ifadə edən tarixi abidəyə çevrilmişdir. Qafqazdan gələn bayraqlar Sarskoselski saray arsenalına təhvil verilmişdi. 1906-cı ilin mart ayında bayraqların bir hissəsi – Cavad xanın ştandartı və Gəncə xanlığının bayraqları, Bakı xanlığının 1 bayrağı, Nuxa (Şəki) xanlığının 6 bayrağı, İrəvan uğrunda döyüşdə götürülən 2 bayraq, Lənkəran xanlığına hücum zamanı götürülən 2 bayraq Tiflisə Qafqaz Hərbi Tarix Muzeyinə (QHTM) göndərilmişdi. Rusiyaya döyüşsüz birləşən xanlıqların (Qarabağ, Naxçıvan, Şirvan və başqa) bayraqları isə QHTM-ə göndərilməmişdir.
Rusiya Federasiyasının bayraq fondları və arxivlərində tədqiqatlarımın nəticəsi olaraq Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb Tarixi Muzeyinin bayraq fondunda Azərbaycanın Naxçıvan xanlığına məxsus və bu günə kimi məlum olmayan sayca üçüncü bayrağı aşkar edildi.
Naxçıvan xanlığının sayca bu üçüncü bayrağı 1827-ci ildə xanlığın işğalı zaman general İ.Paskeviç tərəfindən qənimət kimi götürülmüş və muzeyin fondunda “XVIII-XIX əsrlər müsəlman bayrağı” kimi saxlanılır. Aşkar olunmuş Naxçıvan xanlığının üçüncü bayrağı düzbucaq formada, eni 92, uzunluğu 192 sm-dir. Bayraq bir-birinə üfüqi şəkildə tikilmiş solğun yaşıl və qırmızı parçalardan ibarətdir. Bayrağın yaşıl hissəsində simvolik günəş formasında qırmızı parçadan səkkizguşəli ulduz tikilib. Bayraq qumaşının çoxsaylı zədələrindən aydın olur ki, sözügedən atribut döyüşlərdə istifadə edilib. Onun üzərində zədələnmiş hissələr bərpa edilib tikilərək bir neçə yerdən yamanıb. Bayrağın üzərindəki ulduzun bir hissəsi zədəli olduğundan bərpa edildikdən sonra ulduz yeddiguşəli qalıb. Bayrağın sol tərəfində şaquli istiqamətdə bayraq torbacığı tikilib. Şam ağacından hazırlanmış bayraq ağacının dəmirdən düzəldilmiş nizəvarı formada, ortasında içi boş kürəcik olan bayraq ucluğu taxılıb. Üzərindəki rənglər istifadə edən xalqın tarixi ənənələrini əks etdirir. Yaşıl rəngin çox mənaları var, islamçılıqla yanaşı, bolluq, bərəkət, həyat sevgisi, inam, sevinc, ümid, azadlığı ifadə edir. Qırmızı rəngin isə müasirliklə yanaşı, digər mənaları olub: məhəbbət, yüksək məqsədlər, amallar, qəzəb, igidlik, cəsurluq, düşmənin axan qanını ifadə edib.
Naxçıvan xanlığının dövlət bayrağının üzərindəki səkkizguşəli ulduz və aypara kompozisiyasının əks edilməsi və xanlığın üçüncü bayrağının qırmızı və yaşıl rəngli olması, üzərində səkkizguşəli ulduz rəmzinin təsviri sübut edir ki, Azərbaycan Respublikasının Dövlət Bayrağındakı rəmzlər və rənglər, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətindən də əvvəl Azərbaycanın tarixi bayraqlarında milli rəmz kimi istifadə edilib və azərbaycançılığı, milli məfkurəni, dövlətçilik ənənələrini əks etdirən mühüm amil olub. Azərbaycan xanlıqlarının bayraqlarını müqayisə edərkən üzərlərindəki yazıların və rəmzlərin təhlili nəticəsində müəyyən olunub ki, Naxçıvan xanlığının bayraqlarından başqa heç bir xanlığın bayrağının üzərində xanlıqlara mənsubluğunu bildirən rəmz istifadə olunmayıb. Səkkizguşəli ulduz Azərbaycan ərazisində qədim dövrlərdən istifadə edilmiş və müqəddəs hesab olunmuşdur. Azərbaycanda qədim zamanlardan ulduz əbədilik rəmzi kimi istifadə edilib. Daha erkən dövrdə isə bu, yüksək məqsədlər və arzular rəmzi idi. Ulduz istiqamət və xoşbəxtlik emblemidir. Bunların üzərindəki rəmz və emblemlər ya keçmişi, yaxud da xalqın işıqlı gələcəyə, yüksək məqsədlərə ünvanlanan meylini bildirir. Bütün hallarda hər bir bayraq ulduzların, xətlərin və başqa simvolların dili ilə öz xalqının müqəddəratını bildirir. Aşkar edilmiş Naxçıvan xanlığının üç bayrağı özündə xanlığın siyasi-ideoloji və dini dəyərlərini əks etdirir.
Naxçıvan xanlığının üç bayrağının tərtibatı, üzərində əks edilən yazılar, istifadə olunan rəmzlər və rənglər bayrağa sahib olan Naxçıvan xanlığının siyasi, ideoloji, dini və tarixi mədəni ənənələrini əks etdirir.
Bu bayraqların elmi tədqiqatının nəticəsi göstərir ki, onlar dövlətçilik ənənələrinə və tarixi rəmzlərə əsaslanaraq tərtib edilmişdir. Belə ki, Naxçıvan xanlığı ideoloji baxımdan möhkəm, tarixi ənənələrə, köklərə bağlı dövlət qurumu kimi fəaliyyət göstərib. Dövlət bayraqlarımızın öyrənilməsi və nəticələrinin təbliği göstərir ki, Azərbaycan böyük dövlətçilik ənənələrinə malik olmuşdur.
Gələcəkdə bu istiqamətdə elmi tədqiqatların aparılması zəruridir. Fikrimizcə, Azərbaycanın tarixi bayraqlarının axtarılması və elmi tədqiqatların nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumat verilməlidir. Bu sahədə araşdırmaların nəticələri vətəndaşlar, xüsusən gənclər arasında vətənpərvərlik hissinin güclənməsinə, ölkəmiz haqqında doğru olmayan məlumatlar yayanlara qarşı mübarizəyə və Azərbaycanın qədim dövlətçilik ənənələrinin təbliğinə xidmət edəcək.

Pərvin GÖZƏLOV
tarix üzrə fəlsəfə doktoru, bayraqşünaslıq və heraldika üzrə mütəxəssis,
“Azərbaycan” qəzeti, 2 aprel 2016-cı il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR