2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilmişdir. Mahiyyət etibarilə mühüm əhəmiyyət daşıyan bu hadisə bir daha sübut etdi ki, xalqımız hər zaman insanlıq meyarını üstün tutur, keçmiş ənənələri müasir dövrdə yeni müstəvidə bütün dünyaya təqdim edir. Əslində, insani münasibətlər hazırkı dünyamızda bir çox xalqlar tərəfindən, sadəcə, çağırış kimi zamanın vərəqlərinə həkk olunmasına baxmayaraq, bu dəyərlər əsrlərdir xalqımızın qanında, canında, genində yaşayır və hər gün reallıqlara çevrilməkdədir.
Sözsüz ki, ayrı-ayrı millətlərin, etnik qrupların nümayəndələrinə hörmətin göstərilməsi, onlara humanizmlə yanaşmaq kimi keyfiyyətlər aşılanması, ilk olaraq, insana erkən yaşlarından yaşadığı ailə mühitində valideynlər tərəfindən verilən tərbiyədən asılıdır. Və bu təlim-tərbiyə insanın şüurunda digərlərinə qarşı tolerant yanaşmaq fəlsəfəsini formalaşdırır, başqa millətlərin və etnik qrupların nümayəndələri ilə əmin-amanlıq şəraitində yaşamasını şərtləndirir. Əgər böyüməkdə olan nəslə düzgün tərbiyə verilməzsə, daha doğrusu, ona zorakı elementlər aşılanarsa, əlbəttə, bu şəxs gələcəkdə nəinki etnik fərqi olan insanlara, eləcə də öz soydaşlarına, yaxınlarına və ailə üzvlərinə qarşı mehriban olmayacaq, daim aqressiv, dağıdıcı və zorakı hisslərlə davranış tərzi göstərəcəkdir. Buna görə də ailədə böyüməkdə olan yeni nəslə ailə dəyərlərimiz çərçivəsində öyrədilən həyat tərzi aktuallığını daha da artırır.
Ailə dəyərlərimizi xarakterizə edərkən burada övlad sevgisinin xüsusi önəm daşıdığını görürük. Xalqımıza məxsus ailələrdə övlada olan sevgi, bəlkə də, dünyanın heç bir xalqı ilə müqayisə olunmayacaq qədər güclüdür. Ailə münasibətlərində önəmli məqam olan valideyn-övlad münasibətləri uşaqların mənəvi zənginləşməsində əsas elementdir və təbii ki, valideyn-övlad münasibətlərinin düzgün qurulmasında, ilk növbədə, ata-ananın üzərinə böyük vəzifələr düşür. Multikulturallıq irsdən gələn ənənə olmaqla bərabər, günümüzdə valideyn-övlad münasibətləri çərçivəsində uşaqlara verilən tərbiyədən çox asılıdır. Ailə dəyərlərimizdən olan fədakarlıq, səmimi davranış, hörmət, sevgi, yardım etmək, səbir göstərmək və digər xüsusiyyətlər uşağı bir şəxsiyyət kimi yetişdirir. Düzdür, müasir informasiya texnologiyalarının mənfi tərəfləri bəzən ailə münasibətlərində uşaqların ailə dəyərləri əsasında tərbiyəsini və böyüdülməsini çətinləşdirir. Bu cür problemlərin həllində müsbət model nümunəsi çox əhəmiyyətlidir. Bunun üçün də mümkün olduğu qədər ailədə dəyərlərimizə söykənən müsbət davranış modellərini geniş surətdə təbliğ etmək lazımdır. Ümumi anlayışları və yenilikləri övladına izah etmək, adət-ənənələri qoruyub saxlamaq və onların icrasına nəzarət etmək, televiziya və internet kimi kütləvi informasiya vasitələrindən istifadəni çərçivəyə salmaq ailədə valideynlərin öhdəsinə düşür. Televiziya verilişləri uşaqlara böyük təsir göstərir. Ələlxüsus da ssenarisində hegemonluq, məhvedici çalarlar çoxluq təşkil edəndə. Demək olar ki, bütün uşaqlar kiçik yaşlarından televiziya verilişlərini izləməyə həvəsli olur və mavi ekranda gördüklərini qeyd və şərtsiz qəbul edirlər. Uşağı tərbiyələndirməkdə müsbət nəticələr əldə etmək istəyiriksə, onun yaşına, tərbiyəsinə müsbət təsir göstərəcək televiziya verilişlərinə baxmağa icazə verməli və buna daim nəzarət etməliyik.
Valideynlərin maariflənməsi və mütaliələri sayəsində ailə münasibətlərində uşağın qarşılaşa biləcəyi əngəllər aradan qaldırıla bilər və onlar bəyənilən bir tərzdə böyüyüb kamilləşərlər. Bilməliyik ki, qarşılaşdığımız çətinliklərin çoxu həyatdakı vəzifələrimizi unutduğumuz və ya yetərincə yerinə yetirmədiyimiz üçün meydana çıxır. Hər bir yaş dövrünün özünəməxsus tərbiyə üsulları mövcuddur və hər bir valideyn bu üsulları bilməli və həyata keçirməlidir. Müəyyən yaşdan sonra ailədə böyüyən oğlan və qız uşaqları üçün ayrı-ayrı tərbiyə üsulları tətbiq edilməlidir. Qız uşaqlarına milli dəyərlərimizdən olan qonaqpərvərlik aşılanmalı, süfrə mədəniyyətimiz mənimsədilməlidir. Yüz illər bundan öncə regionumuza gələn tacirlər, səyyahlar xalqımızın qonaqpərvərliyini xüsusi vurğulamışlar. Ailə dəyərlərimizdən biri olan qonaqpərvərlik xalqımızın kimliyini, səxavətini, yüksək mənəvi keyfiyyətlərini əks etdirən və nəsildən-nəslə ötürülərək daim yaşayan müqəddəs adət-ənənədir. Bu nəcib adətin mənəvi mədəniyyətimizdə özünəməxsus yeri vardır. Heç şübhəsiz, əsrlərin, nəsillərin sınağından keçərək bizim günlərədək gəlib çatmış milli dəyərlərimizdən qonaqla, qonaqpərvərliklə bağlı ibrətamiz, yaşarlı adət və ənənələr azərbaycanlılar arasında özünə möhkəm yer tapmış və xalqımızı dünyanın qonaqpərvər xalqı kimi şöhrətləndirmişdir. Xalqımızın başucalığı, şöhrət tacı olan qonaqpərvərliyi multikulturalizm duyğumuzun bariz göstəricisidir.
Ailə münasibətlərinin əsas tərbiyə prinsiplərindən biri də oğlan uşaqlarını zəhmətkeş böyütməkdir. Çünki zəhmətkeş insan saf olur, ətrafındakı insanlara daha qərəzsiz yanaşır, hadisələrə dözümlü və təmkinli münasibət göstərir. Məhz xalqımızın zəhmətə qatlaşmağı bacarması, hər zaman halal yolla çörək qazanmağa meyilli olması multikulturalizmi özündə ehtiva etməsinə imkan yaradır.
Bir sözlə, multikulturalizmi özündə daşıyan ailə dəyərlərimizi ailə münasibətləri vasitəsilə valideynlərin uşaq üzərində qoyduğu təsirləri üç qrupda cəmləşdirmək olar: valideynlər öz nümunəvi xüsusiyyətləri və xalqımızın ailə dəyərlərinə bağlılığı ilə övladının təlim-tərbiyəsi və kamilləşməsi üçün münasib şərait yaradır; valideynlər övladı üçün birinci örnəkdir və övladı onun hər bir hərəkətini, davranışını, ailə üzvlərinə münasibətini eynilə təkrar edir; valideynlər ailə dəyərlərimizi ailədə qorumaqla övladını bu dəyərləri mənimsəməyə yönəldir.
Ailə dəyərlərimizdən biri də inam anlayışıdır. Əslində, insanlığın təməllərini bu prinsip təşkil edir. Keçmişə nəzər yetirsək, görərik ki, Azərbaycan ailəsi həmişə bütöv, möhkəm və uzunömürlü olub. Bu, əsasən, ailə quran tərəflərin bir-birinə olan inamından, sədaqətindən irəli gəlir. Ailədən kənardakı insanlara qarşı da inamın olması, sözsüz ki, mehribançılıq, ədalətli yanaşma, qarşılıqlı hörmət amilini daha da gücləndirir. Əgər ailə möhkəmdirsə, üzvləri qarşılıqlı anlaşma şəraitində yaşayırlarsa, bu ailədə böyüyən uşaqlar daha anlayışlı olacaqlar.
İnsanlara qarşı tolerant olmağı ailələrimizin timsalında şair və yazıçılarımız da öz əsərlərində geniş şəkildə göstərmişlər. Ulu baba və nənələrimizin multikultural dəyərlərlə yaşadığı həyat tərzi Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid kimi mütəfəkkirlərin yaradıcılıq mövzusu olmuş, onlar ailə dəyərlərimizdə olan insana məhəbbəti, ləyaqəti, xalqımızın yaşayış kodeksini yaratdıqları əsərlərində göstərmişlər. Bütün bunlar sübut edir ki, kökü min illərə dayanan ailə dəyərlərimizdə, müasir terminlə ifadə etsək, multikulturalizmin dərin izləri olub və bu, davam etməkdədir.
Müasir dövrümüzdə, qlobal sistemə keçid nəticəsində həm insanların təfəkkür tərzində, həm də yaşayış tərzində ciddi dəyişikliklər baş verib. Təəssüflər olsun ki, bunların bir qismi də arzuolunmayan dəyişikliklərdir. Son dövrlər ailə dəyərlərimizə qarşı təhdidlərin artmasına səbəb kimi müasir informasiya texnologiyalarından mənəvi simamızı saflaşdıracaq istiqamətdə düzgün istifadə olunmamasını, insanların bir-birinə qarşı yadlaşmasını, sosial mühitdən uzaqlaşmanı, ailə dəyərlərimizə zidd yönümlü informasiyanın çoxluğunu və həmin informasiya kanallarına çıxışın asan olmasını da göstərə bilərik. Ancaq xalqımızın ailə dəyərlərindən hesab olunan insanlara qarşı isti münasibəti, nəzakətli davranış və səmimiliyi heç nə dəyişə bilməz; çünki bu, kökdən gəlir, ailələr vasitəsilə nəsildən-nəslə ötürülür.
Ailə dəyərləri əsasında hazırlanmış ölkəmizin ailə qanunvericiliyi dünya praktikasında ən yaxşı humanizm nümunəsidir. Ailə münasibətlərinin yaranması və möhkəmlənməsi, ailə quran tərəflərin hüquq və vəzifələri indiki zamanda hüquq müstəvisində göstərilsə də, əslində, xalqımızın nümayəndələri əsrlərdir ki, öz ailələrində ailənin bütövlüyünü qoruyacaq münasibətləri, uşaqlara qayğını, böyüklərə ehtiramı formalaşdıraraq yaşatmış və günümüzə gətirib çıxarmışdır.
Qədim Şərq və Avropa mədəniyyətinin qovuşduğu regionda yerləşən ölkəmizdə qloballaşma prosesinin mənfi tərəfləri o qədər də hiss edilmir. Əsrlərdən süzülüb gələn milli ənənələrimizə heç bir “beynəlmiləl” adlandırılan müasir vərdiş və davranışlar yapışa bilməz. Ona görə də humanizmi tamlığı ilə özündə ehtiva edən ailə dəyərlərimizi yüksək qiymətləndirən ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycan dünya birliyinə inteqrasiya edir. Biz ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün əsas dəyərlər Azərbaycanın milli dəyərləridir. Bu baxımdan, əgər tarixə də nəzər salsaq, görərik ki, xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır”.
Buna görə də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi muxtar respublikada ailə dəyərlərini təbliğ etmək üçün rayon və kənd mərkəzlərində gənclər arasında maarifləndirici tədbirlər, ümumtəhsil məktəblərində şagirdlər arasında seminarlar keçirir. Komitə tərəfindən uzunömürlü ailələrin yubileyləri qeyd edilir, onlarla gənclərin görüşü təşkil olunur, yeniyetmə və gənclər arasında müvafiq mövzularda rəsm, inşa yazı müsabiqələri keçirilir, təsiredici broşürlər hazırlanıb paylanılır. Bu işlərin davamı olaraq “Multikulturalizm ili” çərçivəsində komitə tərəfindən muxtar respublikada ilk dəfə olaraq “Ailə dəyərləri” festivalının keçirilməsi nəzərdə tutulmuşdur. Sözsüz ki, belə bir festivalın keçirilməsi ailə dəyərlərimizin gənc nəslin nümayəndələrinə mənimsədilməsində formaca yeni imkanlar yaradacaq, cəmiyyətdəki yerini daha da möhkəmləndirəcəkdir.
Ailə dəyərləri bu gün dünyada mövcud olan xalqların sayı qədər müxtəlif və rəngarəngdir. Hər bir cəmiyyətin inkişafı üçün özək dəyər olan ailə dəyərlərinə hakim olması mütləqdir. Bu, xalqların özünün təsdiqi, digərlərinə təqdiminin əsasıdır. Bizim də ailə dəyərlərimiz, çoxlarından fərqli olaraq, həm əxlaqi, həm də tərbiyəvi xüsusiyyətləri özündə cəmləşdirib və multikulturalizmin bünövrəsidir. Bugünkü cəmiyyətin formalaşması, onun əsası olan əxlaqi, mənəvi dəyərlərin hamısı ailə dəyərlərimizdən qaynaqlanır. Ailə dəyərlərimiz daha geniş təbliğ olunduqca, gənc ailələrdə möhkəmləndikcə dünyaya multikulturalizm töhfəmiz də artacaqdır.
Sahir RÜSTƏMOV
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri