Martın 30-da Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yaradılmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir.
Əvvəlcə nazirliyin əməkdaşları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri düzmüş, Heydər Əliyev Muzeyini ziyarət etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Mirhəşim Seyidov nazirliyin yaradılmasının 70 illik yubileyi münasibətilə kollektivi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun adından təbrik edərək bildirmişdir ki, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 30 mart 1946-cı il tarixli qərarına əsasən muxtar respublikada Kənd Təsərrüfatı Nazirliyi yaradılmışdır. Ölkəmizdə aqrar sahənin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ ötən əsrin 70-80-ci illərində ümummilli liderimizin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan qısa müddətdə kənd təsərrüfatının inkişaf göstəricilərinə görə ittifaq respublikaları sırasında qabaqcıl yerlərdən birini tutmuşdur. Lakin müstəqilliyin ilk illərində ölkədə baş verən özbaşınalıq nəticəsində aqrar sahədə yaradılan infrastruktur tamamilə dağıdılmışdır.
Xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn ulu öndərin rəhbərliyi ilə kənd təsərrüfatında kompleks islahatlar aparılmış, qanunvericilik bazası formalaşdırılmış, nəticədə, kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu siyasətin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində kənd təsərrüfatında məhsul istehsalı stimullaşdırılmış, rəqabət qabiliyyəti artırılmışdır. Belə ki, məhsul istehsalçılarının torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi, əkin sahələrinin hər hektarının becərilməsi üçün torpaq mülkiyyətçilərinə istifadə olunan gübrələrin 70 faizinin pulsuz verilməsi, satılan texnikaların və suvarma qurğularının dəyərinə 40 faiz güzəştin tətbiq olunması, toxumçuluq və tingçilik təsərrüfatlarına subsidiyaların ödənilməsi, yanacaq-sürtkü materiallarına görə verilən yardımların 25 faiz artırılması kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara göstərilən mühüm dövlət dəstəyidir.
Qeyd olunmuşdur ki, bu gün kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindəndir. Muxtar respublika əhalisinin əksər hissəsinin kənddə yaşaması və aqrar sektorda çalışması bu sahənin daim diqqət mərkəzində olmasını şərtləndirmişdir. Təsadüfi deyil ki, Azərbaycanda ilk dəfə olaraq aqrar islahatların aparılmasına ümummilli liderimizin rəhbərliyi altında məhz Naxçıvanda başlanılmış, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşdırılmışdır. Ulu öndər tərəfindən əsası qoyulan inkişaf strategiyasının ən layiqli davamçılarından olan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə muxtar respublikada aqrar islahatların uğurla başa çatdırılması hər il kənd təsərrüfatı məhsullarının istehsal həcmində dinamik artımın əldə edilməsinə səbəb olmuşdur. Bu sahədə inkişafın təmin olunmasında dövlət proqramlarının icrası da mühüm rol oynamışdır. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı təsdiq olunmuş dövlət proqramları, eləcə də əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair, kartofçuluğun, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı dövlət proqramları kənd təsərrüfatının inkişafı ilə yanaşı, kəndlərin simasının da dəyişməsinə səbəb olmuşdur.
Aqrar sahənin inkişafı kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan müəssisələrin sayını artırmış, yeni soyuducu anbarlar, istixana kompleksləri fəaliyyətə başlamışdır. Bu sahənin inkişafına göstərilən qayğı təkcə məhsuldarlığın artırılması ilə məhdudlaşmamış, kənd təsərrüfatının idarə olunması ilə məşğul olan orqanların da fəaliyyəti diqqətdən kənarda qalmamışdır. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin inzibati binası əsaslı şəkildə yenidən qurularaq müasir avadanlıqlarla təchiz olunmuş, nazirlik əməkdaşları müxtəlif fəxri ad, medal və nişanlarla təltif edilmişlər. Bütün bu qeyd olunanlar bir daha göstərir ki, muxtar respublikanın aqrar sektoru hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Bu qayğıya cavab olaraq isə kənd təsərrüfatı işçiləri Ali Məclis Sədrinin qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışmalı, bol məhsul istehsalına nail olmalıdırlar.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev tədbirdə çıxış edərək demişdir ki, ulu öndərimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən mühüm tarixi qərarlar qəbul edilmiş, muxtar respublikada kənd təsərrüfatının dinamik inkişafının əsası qoyulmuşdur. Ötən dövrdə muxtar respublikada 205 kəndi əhatə edən 132 təsərrüfatda islahatlar aparılaraq 70 min 758 ailəyə və ya 241 min 46 nəfərə torpaq sahəsi verilmiş, yeni mülkiyyət münasibətlərinə əsaslanan təsərrüfat qurumlarının yaradılması istiqamətində görülmüş işlər kənd təsərrüfatının dinamik inkişafına səbəb olmuşdur. Qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası kənd təsərrüfatının bütün sahələrində nailiyyətlər qazanılmasına imkan vermişdir. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2015-ci ildə muxtar respublika üzrə 106 min 282 ton taxıl, 4481 ton dən üçün qarğıdalı, 6589 ton dənli-paxlalılar, 690 ton dən üçün günəbaxan, 45 min 43 ton kartof, 82 min 16 ton tərəvəz, 38 min 3 ton bostan, 51 min 111 ton meyvə, 15 min 354 ton üzüm məhsulu istehsal edilmiş, 96 milyon ABŞ dollarından artıq kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur.
Yubiley tədbirində nazirliyin əməkdaşlarından Ədalət Hüseynov və Vəli Novruzov çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında” 2016-cı il 28 mart tarixli Sərəncamına əsasən, Kənd Təsərrüfatı Nazirliyinin 1 əməkdaşı “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adına layiq görülmüş, 2 əməkdaşı isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Mirhəşim Seyidov Ali Məclis Sədrinin Sərəncamını oxumuş və təltifləri nazirliyin əməkdaşlarına təqdim etmişdir.
Təltif olunan Ədalət Hüseynov, Rasim Hacıyev və Zərrab Əfəndiyev əməklərinə verilən yüksək qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq etmişlər.
“Şərq qapısı”