24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan türkləri tarixdə yeganə millətdir ki, bir əsrdə 4 dəfə soyqırımına məruz qalmışlar. Ermənilər öz havadarlarının köməyi ilə XX əsrin əvvəllərində, yəni 1905-1907-ci illərdə əvvəlcə Bakıda, sonra isə Azərbaycanın digər regionlarında azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişlər. 1905-ci ilin fevralında Bakıda başlanan qırğınlar planlı şəkildə baş vermişdir. Ermənilər Bakının neft səltənətini əllərinə keçirəcəklərinə və bundan sonra bütün Zaqafqaziyadan müsəlmanları silah gücünə qovub, “böyük Ermənistan” dövləti yaradacaqlarına əmin idilər. Fevralın 6-dan 10-na qədər Bakıda davam edən qırğınlar zamanı ermənilərin niyyətləri baş tutmamış və məğlub olmuşlar. Bakıda başlanan qırğın may-iyun aylarında Gəncə, Qarabağ, Şirvan, Zəngəzur, İrəvan, Şuşa, Cəbrayıl, Cavanşir, Qaryagin və başqa bölgələri də əhatə etmişdir.

Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı siyasəti tezliklə Naxçıvanda da həyata keçirilmişdir. 1905-ci il iyunun 17-də Naxçıvan qəzasının Zeynəddin kəndində ermənilərlə müsəlmanlar arasında baş vermiş münaqişə ilə əlaqədar Naxçıvanda yerləşən Qafqaz atıcı batalyonunun komandiri həmin il iyunun 18-də baş ştaba göndərdiyi raportunda yazırdı ki, “ermənilərlə müsəlmanlar arasında baş vermiş münaqişələrin aradan qaldırılmasında vətəndaş hakimiyyətinə kömək etmək məqsədilə mənə həvalə edilmiş Naxçıvan şəhərində yerləşən batalyon 17 iyun tarixdə axşam saat 8-də silah işlətməyə məcbur olub, nəticədə, Zeynəddin kəndinin 20-dən çox müsəlman sakini öldürülmüşdür”.

Digər bir raportda isə həmin ilin iyul ayının 5-də Nursu kəndində ermənilərlə müsəlmanlar arasında olan münaqişədə rus kazaklarının kəndə göndərilməsi nəticəsində dağlarda gizlənib özlərini ermənilərdən müdafiə edən sakinlərdən 4 nəfərin öldürüldüyü, 11 nəfərin isə yaralandığı haqda məlumat verilirdi. Ermənilərin Naxçıvanda törətdikləri qırğınlar Ordubad, Cəhri, Şıxmahmud, Kültəpə, Əliabad, Çeşməbasar, Tivi, Tumbul və onlarla başqa şəhər və kəndləri əhatə etmişdir. Kazakların köməyindən istifadə edən ermənilər 1905-ci il noyabrın 26-da Naxçıvan şəhərindəki bazarı tamam qarət etdikdən sonra od vurub yandırmışlar. Yanğın nəticəsində bazarda 85 dükan, 75 anbar və başqa tikililər məhv olmuşdur. Noyabr ayının 30-da Cəhri kəndinin yandırılmasında da kazaklar ermənilərlə birlikdə hərəkət etmişdilər. Həmin gün Naxçıvana gəlmiş İrəvan general-qubernatoru Paskeviç hadisələrin təfsilatı ilə maraqlanma­mış, Cəhri kəndi tamam yanıb qurtarandan sonra, dekabrın 2-də kəndə yollanmış, naxçıvanlıların haqlı şikayəti ilə bir daha qarşılaşmamaq üçün gecə ikən qatarla İrəvana qayıtmışdı. Həmin ilin may ayında Ordubad qəzasının Tivi kəndində ermənilərlə azərbaycanlılar arasında baş vermiş münaqişə ilə əlaqədar buraya 500-ə yaxın əsgər və zabit göndərilmişdir. Sənədlərdən aydın olur ki, hərbi hissə ermənilərə kömək etmiş, kənddəki müsəlman­lara qarşı zor tətbiq etmiş və onları öldürmüşdür.
Təxminən iki ilə qədər davam edən qanlı toqquşmalar nəticəsində Azərbaycan şəhərlərinə böyük zərər dəymiş, 300-dən çox kənd dağıdılmış, müxtəlif məlumatlara görə, ölənlərin sayı 100 min nəfərə çatmışdır.
Ötən əsrin ikinci onilliyində ermənilərin azərbaycanlılara qarşı törətdikləri 1918-ci il soyqırımı daha amansız olmuşdur. Həmin dövrdə Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və başqa yerlərdə dəhşətli qırğınlar törədilmişdir. 1918-ci ilin mart soyqırımı S.Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası hökumətinin əli ilə həyata keçirilmişdir. Bakı qırğınında Y.Korqanov və Petrovla birlikdə azərbaycanlı qanına susamış A.Mikoyanın, Hamazaspın, Avetisyanın, Lalayanın quldur dəstələri xüsusi fəallıq göstərmişlər. Bakıda erməni daşnakları dinc əhaliyə üç gün divan tutmuş, 17 min azərbaycanlını vəhşicəsinə öldürmüş, “İsmailiyyə”ni yandırmış, bir neçə qəzet və jurnal redaksiyalarını dağıtmışlar. A.Mikoyanın “Qızıl qvardiyası”nın vəhşiliyi nəticəsində İçərişəhərdə yaralılar yatan xəstəxanaya od vurulmuş, 2 minədək xəstə yandırılmış, qaçanlar isə güllələnmişdir.
Arxiv materiallarında göstərilir ki, silahlanmış və mükəmməl təlim görmüş ermənilər müsəlmanların evlərinə hücum edərək onları öldürür, uşaqları xəncər və süngüylə qətlə yetirir, oda ataraq yandırırdılar. Onların terrorçuluq fəaliyyəti zamanı təkcə insanlar soyqırımına məruz qalmamış, Türk və İslam mədəniyyət mərkəzləri, tarixi abidələr də məhv edilmişdir. Bir sözlə, 1918-ci il mart soyqırımı hadisələrində minlərlə insan erməni vandalizminin qurbanı olmuşdur. O dövrdə Bakıda olan İngiltərə konsulu Mak Donell yazırdı ki, şəhərdə cəsədlərdən başqa heç nə yox idi.
Ermənilərin törətdikləri soyqırımı yalnız Bakı ilə məhdudlaşmırdı. Azərbaycanın bütün bölgələrində – Şamaxıda, Qubada, Gəncədə, Lənkəranda, Qarabağda əhali ağır işgəncələrlə qətlə yetirilirdi. Xüsusilə Naxçıvanda azərbaycanlılara qarşı törədilən soyqırımında Andranik Ozanyan, Dro, Njde və digər cəlladların başçılıq etdikləri dəstələr böyük rol oynamışlar. Özünəməxsus vəhşiliyi ilə seçilən Andranik öz adını ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı tarixinə xüsusi nifrətlə yazmışdır. Mənbələr onun kimliyi haqqında o qədər dolğun məlumat verməsə də, törətdiyi cinayətlər barədə kifayət qədər məlumatlar var. O, bir çox qanlı cinayətlərə imza atmışdır. O, Araz çayı sahilində 4 min nəfərə yaxın əhalisi olan Yaycı kəndini yerlə yeksan etmiş, kənd əhalisinin 2500 nəfərini qətlə yetirmiş və Araz çayına tökmüşdü. Andranikin Araz çayına tökdüyü insanların cəsədləri sonradan sahilə çıxarılaraq dəfn olunmuşdur. Cəsədlərin sayı o qədər çox idi ki, böyük bir qəbiristanlıq yaranmışdı. O vaxtdan bu, Yaycı qəbiristanlığı olaraq tarixə düşmüşdür.
Digər bir fakt: Andranikin qoşunları Sirab kəndinə istiqamət aldığı vaxt Sirab kəndi ətrafında çoxlu qaçqın toplaşmışdı. Onlar kəndin özündən, habelə uzaq və ətraf kənd­lərdən gələnlər idi. Erməni quldurlarının silahsız, müdafiəsiz insanların üzərinə hücumu nəticəsində bir gün ərzində 10 mindən artıq günahsız insan qətlə yetirilmişdir. Bu, elə bir cinayət idi ki, mənbələrin verdiyi məlumata görə, 20 gün ərzində kənd içərisində bir-birinin üstünə qalanmış meyitləri daşıyıb qurtarmaq mümkün olmamışdır.
Andranik və onun dəstəsinin silahlı hücumları nəticəsində Ordubad ətrafı, Əlincəçay boyu, Şahbuz kənd­lərinin əhalisi tərk-silah olunmuş, xeyli hissəsi qətlə yetirilmişdir. Sirab, Nursu, Kolanı, Hənzər, Mahmudoba, Əbrəqunus, Qazançı, Paradaş, Xanağa, Tivi, Bənəniyar, Camaldın, Ərəzin, Kırna kəndlərində də dəhşətli qırğınlar törədilmişdir. Naxçıvanda baş verən cinayətlər haqqında xüsusilə bəhs etmək lazımdır. O dövrdə rəhbərlik müəyyən səbəblərdən və çətinliklərdən Naxçıvana lazımi dəstək verə bilmirdi. Ancaq Naxçıvanın özünümüdafiə dəstələri bu ərazinin ermənilər tərəfindən işğal olunmasına imkan verməmişlər.
1918-1920-ci illərdə ermənilərin Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda törətdikləri cinayətlərin arxasında hansı dövlət dayanırdı? Xarici dəstək olmasaydı, ermənilər belə cinayətlərə əl ata bilərdilərmi? 4 dekabr 1917-ci ildə London İngilis-Erməni Komitəsinin sədri və İngiltərə Parlamentinin üzvü Anurin Uilyams İngiltərənin məşhur diplomatlarından olan, eyni zamanda Millətlər Cəmiyyətinin qurucusu Lord Robert Sesilə göndərdiyi məktubda ermənilərə yardım göstərilməsinin vacib olduğunu bildirirdi. Anurin Uilyams hətta ermənilərin silahlandırılmasını və Andranik kimi silahlı dəstə liderlərindən istifadə edilməsini də zəruri hesab edirdi. Məktubda ingilis, fransız və amerikan hökumətlərinin də erməni ordusuna maddi dəstək vermələrinin vacib olduğu bildirilmiş, sərhədlərdən kənarda yaşayan ermənilərin pul yardımı ilə Cənubi Qafqaza gətirilmələrinin qaçılmaz olduğu yazılmışdı. Nəticədə, İngiltərənin Hərbi Kabineti özünün 7 dekabr 1917-ci il tarixli iclasında ermənilərə maliyyə dəstəyi verilməsi haqda qərar qəbul etmişdir. Bununla birlikdə erməni könüllü dəstələrinin də Qafqaza fərqli yollardan gəlməsinə icazə verilmişdir. İngiltərə tərəfindən ermənilərin dəstəklənməsi üçün ayrılan yardım 20 milyon sterlinq idi. 1917-ci ilin sonları və 1918-ci ilin əvvəllərində İngiltərə tərəfindən Tehrandan Bakıya, oradan da ermənilərə verilməsi üçün Tiflisə külli miqdarda qızıl və pul göndərilmişdir. Sadəcə, pul deyil, müxtəlif silah və sursatlar da tədarük edilmişdir. Bu yardımlar Versaldakı Antanta Ali Hərbi Şurası ingilis hərbi mütəxəssislərinin 1917-ci ilin dekabr ayındakı memorandumunda açıq şəkildə göstərilməkdədir: “Ermənilərə hər vəziyyətdə işğal etdikləri bölgələrdə pul, silah və sursat tədarükü ingilis siyasətinin maraqları daxilindədir. Bu təcrübənin uğurlu olması nəticəsində erməni qüvvətlərindən gələcəkdə türklərin diz çökməsi üçün faydalanmaq olar”.
1918-1920-ci illərdə ermənilər Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211, Zəngəzurda 115, Qarabağda 157, Qars əyalətində 92, İqdır və Eçmiədzin qəzalarında 60, Göyçə quberniyasında 22, Sürməli qəzasında 96, Yeni Bəyaziddə 84, Şərurda 76, Vedibasarda 118, Dərələyəzdə 74 kəndi yerlə yeksan etmişlər. Daşnaklar həmin illərdə Qərbi Azərbaycanda (indiki Ermənistanda) öz tarixi ərazilərində yaşayan 565 min azərbaycanlını məhv etmiş, Qarabağ, Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarında azərbaycanlıları kütləvi surətdə qılıncdan keçirmişlər.
1988-ci ildən başlayaraq ermənilər tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq siyasəti soyqırımı siyasətinin növbəti mərhələsi olmuş, torpaqlarımız işğal olunmuş, Xocalı soyqırımı törədilmişdir. Lakin 1990-1993-cü illərdə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi bu qədim Azərbaycan torpağında ermənilərin növbəti soyqırımı və işğal siyasətinin həyata keçirməsinin qarşısını almışdır. Əgər 1905-1907 və 1918-1920-ci illərdə Naxçıvanda minlərlə insan erməni soyqırımının qurbanı olmuşdursa, 1990-1993-cü illərdə ulu öndərin rəhbərliyi ilə naxçıvanlılar torpaqlarımızı işğaldan qorumuş, yüzlərlə şəhid verərək bu torpaqda növbəti soyqırımı törədilməsinin qarşısını almışlar. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə ali hakimiyyətə qayıdışından sonra isə mart soyqırımına dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Ulu öndərin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı onun doğma xalqı qarşısında, günahsız yerə qətlə yetirilənlərin ruhu önündə ən böyük xidmətlərindən biridir. Fərmanda deyilir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Azərbaycan tarixinə işıq salan bu mühüm tarixi sənədə uyğun olaraq, hər il ölkəmizdə 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilir.
1918-ci ildə törədilən azərbaycanlıların soyqırımının təşkilatçıları olan ermənilər tarix qarşısında cavab verməlidirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, “Biz yalnız tarixi ədalətin bərpa edilməsini, işğal və soyqırımı siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında cavab verməsini istəyirik”.

Emin Şıxəliyev
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR