Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində muxtar respublikada yaşayan və işləyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə maarifləndirici tədbir keçirilib.
Əvvəlcə xidmətin əməkdaşı Rahib Kərimov çıxış edərək iştirakçılara tədbirin mahiyyəti haqqında məlumat verib, belə tədbirlərin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsində əhəmiyyətindən söz açıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əkbər Novruzov çıxış edərək Azərbaycan xalqının adət-ənənələri haqda məlumat verib.
Bildirilib ki, adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə əks etdirir. Adət və ənənələr bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi çıxış edib. Ən maraqlısı odur ki, adət-ənənələr, o cümlədən bayram və mərasimlər insan həyatının sosial-mənəvi tərəflərini özündə cəmləyib mühafizə edərək nəsildən-nəslə, eldən-elə, əsrdən-əsrə ötürə bilib. Adət bir xalqın keçmiş tarixi, onun həyat tərzi, dünyagörüşüdür.
Elə buna görə də bəşər tarixinin müxtəlif dövrlərində adət və ənənələr dünya alimlərinin diqqət mərkəzində olub. Adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu danmaq olmaz. Azərbaycan tarixinin inkişafı zaman-zaman mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olub. Xalqımız dövlətçilik tarixinə, ənənələrinə bağlı bir xalq olaraq o təməllər üzərində böyük mədəniyyət yaradıbdır. Ululardan bizə yadigar qalan bir çox adət və ənənələr var ki, onlar kiçik dəyişikliklərə uğrasalar da, özlərini qoruya biliblər. Bu gün də sözügedən adətlər, məişət və mədəniyyət hadisələri xalqımızın ümummilli dəyəri olaraq öz yerini qoruyub saxlayır.
Videoçarx vasitəsilə iştirakçılara adət-ənənələrimiz haqda geniş məlumat verildiyi tədbirdən sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Naxçıvan Dövlət Tarix Muzeyində olublar.
Xəbərlər şöbəsi